Keçən həftə ABŞ-da 900 minə yaxın insan işsizlik təzminatı üçün müraciət edib

Keçən həftə ABŞ-da 900 minə yaxın insan işsizlik təzminatı üçün müraciət edib
16 Oktyabr 2020
Mətni dəyiş

Keçən həftə ABŞ-da təxminən 900 min insan işsizlik təzminatı üçün müraciət edib. Bu, təxminən iki ayın ən yüksək həftəlik göstəricisidır. Əmək Nazirliyi koronavirus pandemiyasının Amerikanın əmək bazarına zərbə vurmaqda davam etdiyini deyir.

ABŞ-da 10 milyondan çox insan işsiz qalıb ki, hazırda işsizlik nisbəti 6.8 faiz səviyyəsindədir və iqtisadçılar bu rəqəmin aylarla yüksələ biləcəyini deyir. Amerikadakı koronavirus pandemiyası səbəbindən itirilən 22 milyon iş yerinin yalnız yarısından bir az çoxu bərpa olunub.

Avqust ayından bəri işsizlik təzminatı üçün həftəlik müraciətlər sabit qalaraq, 900 mindən aşağı olub. Lakin keçən həftə 898 min rəqəmi əvvəlki həftədən 53 min çoxdur.

Həftəlik müraciətlər mart ayında koronavirusun başlanğıcında 6.9 milyon göstərici ilə rekord səviyyəyə çatmışdı. Lakin 1960-cı illərlə müqayisədə bu rəqəm hələ də yüksək olaraq qalır.

Bu ilin əvvəlində ABŞ-da işlərin məcburi dayandırılması zamanı işdən çıxarılan milyonlarla işçi geri çağırılıb. Lakin bəzi daha çox zərər çəkən müəssisələr tamamilə bağlandığı üçün işçilər yeni iş axtarmalı olub.

Bundan əlavə, AT&T, Warner Media, Walt Disney və Allstate kimi böyük şirkətlər və bir neçə hava yolları şirkətləri son həftələr böyük ixtisarlar elan etdi. Beləliklə, dünyanın ən böyük iqtisadiyyatı olan ABŞ iqtisadiyyatı öz yerini bərpa etmək üçün mübarizə aparır.

Prezident Donald Tramp və Demokrat millət vəkilləri arasında yeni bir koronavirus yardım paketi ilə bağlı danışıqların həftələrdir davam etməsinə baxmayaraq, razılıq əldə edilməyib.

İyul ayının sonunadək hökumət işsizlərə həftədə 600 dollar ödəyirdi.

Prezident Donald Tramp avqustun 8-də milyonlarla işsiz amerikalıya vaxtı keçmiş müavinətlərin bir hissəsini və bir çox işləyən amerikalı üçün əmək haqqı vergisini təxirə salmaqla bağlı qərar imzalayaraq, bu məbləği 400 dollara endirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun