Hökümətin COVID-19-un ikinci dalğasının qarşısını almaq üçün yeni tədbirləri elan etməsindən sonra İtaliyanın 15-dən çox şəhərində güclü etirazlar başlayıb. İtalya liderləri tənqidlərin qarşısını çətinliklərlə üzləşən bizneslər üçün iqtisadi yardım paketi ilə almağa çalışır. Qəzəbli etirazçılar İtaliyanın bəzi böyük şəhərləri və ölkənin şimalından cənubuna qədər kiçik şəhərlərinin küçələrinə çıxaraq, bütün ölkə üzrə yeni COVID-19 məhdudiyyətlərindən narazılıqlarını nümayiş etdirib.
Baş nazir Cuzeppe Konti deyib ki, bunun “bizə meydan oxuyan, qəzəb, məyusluq və yeni bərabərsizliklərə səbəb olan pandemiya olduğu üçün italyanlar üçün çox çətin bir an olduğu" ona yaxşı məlumdur. Çox sayda bizneslərin əziyyət çəkdiyini deyən Konte hökumətin bir plan hazırladığını bildirib.
O, yeni məhdudiyyətlərdən zərər çəkənlərin hamısına artıq təzminat ayrıldığını deyib. Hökümət rəsmiləri bu tədbirlərin qəzəbli reaksiyaların qarşısını almaq üçün kifayət edəcəyinə ümid edir.
İtalya bu ilin əvvəlində kütləvi epidemiya ilə qarşılaşan və ölkə iqtisadiyyatına ciddi zərər vuran ən sərt karantinlərdən birinə məruz qalan ilk ölkələrdən biri idi.
O zaman hökumət tərəfindən tətbiq edilmiş qaydalara riayət edildiyi üçün yayda virusun qarşısını almaq mümkün oldu.
Bu dəfə reaksiyalar əvvəlkindən fərqlidir və göründüyü kimi ölkədə hamı hökumətin təlimatları və qaydalarına riayət etmək istəmir. Son qarşıdurmaların arxasında sağçı və mütəşəkkil cinayətkar qruplarının dayandığı görünür. Turin, Milan, Neapol və Roma kimi şəhərlərdə yüzlərlə etirazçı mağazaları qarət edib, tramvayları əzib və zibil qutularını yandırıb. Bir qrup gənc şüşə butulkalar ataraq, “azadlıq, azadlıq” şüarları səsləndirib.
Bir çox müxalif siyasətçi və hətta hakim koalisiya hökumətinin bəzi millət vəkilləri onsuz da sarsılmış iqtisadiyyatın bu ölçülərə dözməyəcəyini deyərək, yeni sərt məhdudiyyətləri qəbul etmədiklərini bildirib. Sağçı müxalifət lideri Matteo Salvini hökumətin qərarlarına qanuni olaraq etiraz etdiyini elan edib. Biznes sahiblərinin bir hissəsi bəzi bizneslərin həmişəlik bağlanacağından narahatdır. Lakin bəzi alimlər noyabrın 24-nə qədər nəzərdə tutulan tədbirlərin hələ də kifayət etmədiyini və xəstəxanaların reanimasiya şöbələrində çarpayıların çatmadığını deyir.