İranın Mədəniyyət Naziri Seyid Abbas Salehi rəhbəri olduğu nazirlikdə kino filmlərinin adlarının farsca olması ilə bağlı addımlar atıldığını söyləyib.
İRNA xəbər agentliyinin yayımladığı məlumata istinadən, Seyid Abbas Salehi Tehranda fars dilinin qorunması üzrə koordinasiya şurasının 10-cu iclasında farsca adların istifadə olunması ilə bağlı nazirlikdə bir sıra nizamlamaların tətbiq ediləcəyi haqda məlumat verib.
Nazir Abbas Salehi İranın ali dini liderinin fars dilinin qorunub saxlanması ilə bağlı açıqlamalarına istinadən edərək, dilin qorunmasının əhəmiyyətli olduğunu bildirib.
İclasda Fars Dili və Ədəbiyyatı Akademiyasının direktoru Qulaməli Həddad Adil də iştirak edir. "Mən fars dilinin durumunda əndişəliyəm. Fars dilinin zəifliyi, ölkənin kimliyi və milliyyətinin zəifliyi deməkdir" - deyə, o bildirib.
İranın Mədəniyyət naziri vilayətlərdə fars dilinin qorunması üçün vilayət komitələrinin aktivləşdirildiyini və həmin istiqamətdə addımların atıldığını bildirib. O həmçinin deyib ki "bu addımları atmadan əvvəl nazirlikdə bir sıra nizamlamalara imza atdıq, misal üçün kino filmlərinin adlandırılmasında təkid etdik ki, farsca adlardan istifadə olunmalıdır."
Abbas Salehi Nazirliyin dövlətin müxtəlif təşkilat və digər qurumları ilə yazışmalar apardığını, fars dilinin qorunması üzrə Koordinasiya Şurası Katibliyinin həmin qurumlarda fəal şəkildə təmsil olunmasını nazirliyin bu istiqamətdə atdığı addımlardan biri olduğunu qeyd edib.
"Qeydiyyat prosesində işə daha ciddi yanaşmalı və bu mövzuda daha çox diqqət göstərməli, ümumi xidmətlər göstərən bütün mərkəzlər sistemlərində fars adlarından istifadə edilməsinin zəruriliyi məsələsini qeyd etməlidir" - deyə Abbas Salehi söyləyib.