İranın Araz sərhəd ərazisində havadan müdafiə sistemi quraşdırdığı bildirilir

İranın Araz sərhəd ərazisində havadan müdafiə sistemi quraşdırdığı bildirilir
29 Oktyabr 2020
Mətni dəyiş

İranın Xatəmül-Ənbiya Hava Müdafiə Bazasının komandanı ölkənin şimal-qərbində yeni havadan müdafiə sistemlərinin yerləşdirildiyini bildirib.

General-Mayor Seyid Əbdülrəhim Musəvi ölkənin havadan müdafiə bazasının hazırlıq vəziyyətini yoxlayarkən sistemlərin "gücləndirildiyini" bildirərək deyib ki, lazım olduğu təqdirdə bu sistemlərə əlavələr ediləcək.

İranın hərbi və siyasi rəsmiləri Azərbaycan və Ermənistan qüvvələri arasında hərbi toqquşmlar əsnasında İslam Respublikası ərazisinə mərmilər düşdüyünü bildiriblər.

Ölkələrin ərazi bütövlüyünə hörmət etdiklərini, rəsmi beynəlxalq sərhədlərin qorunması məlum prinsiplərindən olduğunu ifadə edən Musəvi bölgə ölkələrinin rəsmi sərhədlərinin dəyişikliyinə dözməyəcəklərini və buna qarşı çıxacaqlarını bildirib.

"Təkfirçi terrorçular, İŞİD və Sionistlər kimi mənfur ünsürlər hər yerdə nifrət və qeyri-sabitliyə səbəb olur," o deyib.

Musəvinin həmin ifadələrlə dolayı şəkildə Qarabağda suriyalı muzdlu döyüşçülərin olduğuna eyham vurduğu ehtimal olunur.

General-Mayor Əbdülrəhim Musəvi
General-Mayor Əbdülrəhim Musəvi

Seyid Əbdülrəhim Musəvi 2017-ci ildən bəri İran İslam Respublikası Ordusunun Baş Komandanı vəzifəsində çalışır.

Bir neçə gün öncə İranın İslam İnqilabı Keşikçiləri Korpusunun mexaniki briqadası Azərbaycan və Ermənistanla sərhəd ərazilərə yerləşdirilib.

İLNA xəbər agentliyi bir İslam İnqilabı Keşikçiləri Korpusunun üzvünə istinadən yazıb ki, "İmam Zaman" mexaniki briqadasının bölgədə yerləşdirilməsi “ölkənin ərazi bütövlüyünü və Xudafərin vilayətinin sakinlərini qorumaq” məqsədilə həyata keçirilib.

Azərbaycanın son 27 ildə erməni hərbi qüvvələrin nəzarətinə keçmiş ərazilərdə apardığı hərbi əməliyyatlar İran rəsmiləri tərəfindən narahatlıqla qarşılanır. Onlar döyüşlər əsnasında İran ərazisinə mərmilər düşdüyünü bildiriblər.

Son günlər sosial mediada Araz çayının cənub tayında yaşayan azərbaycanlılarının çayın Azərbaycan Respublikasına məxsus sahillərinə daxil olan Azərbaycan əsgərlərini alqışladıqlarını göstərən videolar yayılıb.

İranda milyonlarla azərbaycanlı yaşayır. İslam Respublikasında siyasi və mədəni hüquqlar uğrunda mübarizə aparan çox sayda azərbaycanlı siyasi fəal həbs olunub, müxtəlif növ basqılara məruz qalıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun