İran münaqişənin öz ərazisinə sıçramasından qorxur - Qərb mediası

İran münaqişənin öz ərazisinə sıçramasından qorxur - Qərb mediası
13 Oktyabr 2020
Mətni dəyiş

“Üç liderin Yaxın Şərq savaşı”. “The Financial Times” qəzetinin əməkdaşı Gideon Rachman Vladimir Putin, Recep Tayyip Erdoğan və Məhəmməd bin Salmanın bir xeyli ümumi cəhəti olduğunu qeyd edir – onlar regional ambisiyaları olan millətçilərdir

Almaniyanın “Deutche Welle” radiostansiyası İranın Dağlıq Qarabağ münaqişəsində üçüncü tərəf kimi marağından yazır.

İranın Daxili işlər naziri münaqişə tərəflərinə xəbərdarlıq edib ki, döyüşləri nəzarətdə saxlasınlar, vəziyyət düzəlməsə, “gərəkən tədbirlərə əl atacağıq”. İran həm də vasitəçilik təklif edib.

Məqalədə Tehranın bu münaqişənin İran cəmiyyətinə sıçramasını önləməyə çalışdığı qeyd olunur. İranda 100 minədək erməninin, 15 milyonadək azərbaycanlının yaşadığı bildirilir. Hətta İranın Ali dini lideri Əli Xamneyinin ata tərəfdən Azərbaycan mənşəli olduğu qeyd edilir. Onun dörd müavini bir neçə gün qabaq bəyanat yayaraq Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olmasına “şübhə olmadığını” bildiriblər.

Prezident Həsən Ruhani Ermənistanın Baş naziri Nikol Paşinyana deyib ki, Ermənistan münaqişəni bitirməyə çalışmalıdır.

Məqalədə belə bəyanatların İranda daxili hakimiyyət balansını göstərdiyi qeyd edilir. Bu ölkədəki azərbaycanlıların çoxu “müsəlman qardaşları”na açıq dəstək bildiriblər, ötən həftə bir neçə böyük nümayiş təşkil ediblər.

“İran hökuməti Azərbaycanın Birləşmiş Ştatlar və İsraillə sıx əməkdaşlığından da narahatdır. Onlar Azərbaycanı həm hərbi, həm də iqtisadi nöqteyi-nəzərdən Cənubi Qafqazda vacib ölkə sayırlar”, – yazıda deyilir.

Laxlayan atəşkəs

"Financial Times" Azərbaycanla Ermənistanın oktyabrın 10-dan razılaşdırdığı humanitar atəşkəsin pozulmasına diqqət ayırır.

“Üç liderin Yaxın Şərq savaşı”. “The Financial Times” qəzetinin əməkdaşı Gideon Rachman Vladimir Putin, Recep Tayyip Erdoğan və Məhəmməd bin Salmanın bir xeyli ümumi cəhəti olduğunu qeyd edir – onlar regional ambisiyaları olan millətçilərdir. Hakimiyyəti mərkəzləşdirib, ölkədə siyasi müxalifətlə qəddar davranıblar.

Məqalədə Rusiya və Türkiyə prezidentlərinin üç regional münaqişədə – Suriya, Liviya və indi də Dağlıq Qarabağda əks tərəfləri dəstəklədiyini yazır.

Müəllif bu üç liderin münaqişələri müəyyən dərəcədə idarə edə bildiyini vurğulayır. Amma bəzən də alınmır. Məsələn, Rusiya iki həftəlik döyüşlərdən sonra Azərbaycanla Ermənistan arasında atəşkəsə vasitəçilik edir.

Ancaq sülh kövrək olaraq qalır, yeni döyüş xəbərləri gəlir, Türkiyə sidq-ürəklə Azərbaycanın arxasındadır, Rusiyanın isə Ermənistanla müdafiə sazişi var. Di gəl, Moskva keçmiş Sovet İttifaqı ərazisində Türkiyənin nüfuzunun uzun müddətli ekspansiyasına göz yumana oxşamır”, – məqalədə vurğulanır.

Millətçi əhval səngiyir...

Müəllif sözügedən liderlərin xarici müdaxilə ilə ölkəiçi sabitlik arasında incə balansı qorumalı olduğunu vurğulayır. Məsələn, Putin Ukraynanın Krım yarımadasını ilhaq edəndə rusiyalılar zarafatla deyirdilər ki, televizorla soyuducu arasında seçim qarşısında qalıblar. Soyuducu boş, televizorlar isə hərbi qələbə xəbərləri ilə dolu idi. Krım uğurundan sonra Putinin populyarlığı artdı. Amma iqtisadi çabalar artdıqca millətçi əhval səngiyir və prezident yeni, soyuducudan qaynaqlanan narazılıqla üz-üzədir.

“The Financial Times” digər məqaləsində də Dağlıq Qarabağda atəşkəs razılaşmasının laxlamasından yazır. Tərəflər bir-birini atəşkəsi pozmaqda ittiham edir.

Məqalədə deyilir k, Türkiyə son həftələr Rusiyanın ənənəvi vasitəçi rolunu alt-üst edib. Bakının hərbi əməliyyatlarının dəstəkləyib. Ankara Bakıya yüksək texnologiyalı dronlar verib, ABŞ, Avropa Birliyi, Rusiya və Çinin döyüşləri dayandırmaq çağırışlarını rədd edib.

Azərbaycan Prezidenti İlham Əliyev böhranın diplomatik həllinə üstünlük verdiyini deyir. Ancaq onu da vurğulayır ki, Ankara danışıqlarda əsas rol oynamalıdır. “Türkiyə problemin həllində bir tərəfə çevrilməlidir”, – o bildirir.

Xatırlatma

Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində sentyabrın 27-dən ağır döyüşlər gedir. Azərbaycan son günlər 30-dan çox kəndi, Cəbrayıl şəhərini və Hadrut qəsəbəsini işğaldan azad etdiyini açıqlayıb.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib. Sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun