Avqustun 27-dən Azərbaycan - Ermənistan arasında hərbi əməliyyatlar başlayıb. Azərbaycan tərəfi işğalda olan ərazilərini hərbi yolla azad etməyə davam edir. Beynəlxaq sənədlər, çağırışlar və 30 ildən çoxdur davam edən münaqişə 1992-ci ildən sonra ilk dəfə özünün ən isti nöqtəsinə çatıb.
Münqişənin hüquqi və siyasi tərəfi ilə bağlı siyasi şərhçi Elman Fəttahla danışmışıq. Elman Fəttah Abzas-ın suallarını cavablandırıb. Müsahibəni təqdim edirik:
- Elman bəy, 90-cı illərdə Azərbaycan ərazilərinin işğalından sonra ilk beynəlxalq addımlar nədən ibarət oldu, danışıqların formatı hansı yöndə və hansı kriteriyalar əsasında formalaşdı?
- Azərbaycan ərazilərinin ilk işğal edildiyi vaxtdan etibarən, (keçmiş DQMV-nin kəndləri) xüsusilə də Xocalı faciəsindən sonra münaqişə ilə bağlı beynəlxalq fəaliyyətə başlayıb. 1992-ci il martın 2-sində Azərbaycan BMT-yə qəbul edildikdən dərhal sonra BMT nizamnaməsinin 39-cu maddəsi çərçivəsində “Ermənistanın təcavüzünün açıq-aşkar genişlənməsi ilə əlaqədar” baş katibə və Təhlükəsizlik Şurasının sədrinə münaqişənin dinc yolla həll edilməsi ilə bağlı müraciət edib.
İlk beynəlxalq addımlar Azərbaycan müstəqil olduqdan dərhal sonra başlayıb. İlkin dövrdə münaqişənin həlli ilə bağlı beynəlxaq birliyin əsas marağı sistemli danışıqlar yox, əsasən ərazidəki atışmaların dayandırılması cəhdləri formasında olub. Maraqlıdır ki, indiki adı “Dağlıq Qarabağ” olan münaqişənin ilkin adı “Ermənistan-Azərbaycan” münaqişəsi kimi qiymətləndirilib. ATƏT (ATƏM) üzv dövlətlərinin xarici işlər nazirlərinin 24 mart 1992-ci ildə Helsinkidə keçirilən görüşündə “Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll edilməsi məqsədilə Minskdə konfrans çağırılması” qərara alınıb.
Danışıqların indiki forması isə 1994-cü ildə ATƏT-in Budapeşt sammitində Minsk konfransının həmsədrlik institutunun yaradılması ilə başlayıb. Sözü gedən sammit 12 may 1994-cü ildə razılaşdırılan atəşkəs haqqında Bişkek protokolunu alqışlayıb və münaqişə ilə bağlı BMT qətnamələri əsas götürülməklə sülh danışıqlarına başlanılmasını, bu danışıqlar üzrə vasitəçiliyin iki həmsədr ölkələrə (Finlandiya və Rusiya) həvalə edilməsini razılaşdırıblar. 1997-ci ildən isə həmsədrlik 3 dövlətə - ABŞ, Fransa və Rusiyaya həvalə edilib.
Budapeşt sammitində mərhum prezident Heydər Əliyev də çıxış edib və münaqişənin həlli ilə bağlı BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında sülh təklif etdiyini, Dağlıq Qarabağın erməni əhalisinin təhlükəsizliyinə təminat verməyə hazır olduğunu və münaqişə zonasında ATƏM-in sülhü qoruyan qüvvələrinin yerləşdirilməsinə razılığını bildirib. O, əlavə edib ki, Azərbaycan dövlətinin tərkibində Dağlıq Qarabağın statusunu müzakirə etməyə və Azərbaycanın Dağlıq Qarabağ regionu ilə Ermənistan Respublikası arasında nəqliyyat kommunikasiyalarının normal işləməsini təmin etməyə də hazırdır. Qeyd edib ki, Azərbaycan üçün sarsılmaz olan normalar və prinsiplər vardır ki, bunlar da sərhədlərin pozulmazlığı, Azərbaycanın ərazi bütövlüyü, işğal edilmiş bütün ərazilərdən erməni silahlı birləşmələrinin çıxarılması, qaçqınların doğma ocaqlarına qaytarılmasıdır.
Heydər Əliyevin bu yanaşması münaqişə ilə bağlı danışıqlarda Azərbaycanın ilkin mövqeyini formalaşdırıb. Daha sonra müzakirə olunan bir çox təkliflərə də Azərbaycan tərəfi bu prizmadan yanaşaraq ya qəbul edib, ya rədd edib, ya da danışıqlarda kompramis tapılması üçün Qarabağa daha yüksək statusun verilməsinin müzakirə edilə biləcəyini deyib. Ermənistan tərəfi isə danışıqlar və ümumilikdə sülhə nail olmaq prosesində ardıcıl olaraq güzəştsiz mövqe tutub. İşğal etdiyi ərazilərdən qoşunlarını geri çəkməkdən imtina edib.
- Xüsusən, Dağlıq Qarabağ ətrafı rayonların işğalı başlayanda hakimiyyətdə olan Azərbaycan Xalq Cəbhəsi və Müsavat hökumətinin münaqişə ilə bağlı əsas siyasi fəaliyyətləri yetərincə idimi? Əbülfəz Elibəy hökuməti ilə daha sonra hakimiyyətə gələn Heydər Əliyev hökumətinin münaqişənin həllində fərqli fikirləri var idimi? Yoxsa Elçibəy hökumətinin artıq başlatmış olduğu işi Heydər Əliyev hökuməti davam etdirdi?
- İşğalla bağlı ilk ciddi beynəlxalq sənəd Kəlbəcərin işğalından sonra BMT-nin 30 aprel 1993-cü ildə qəbul etdiyi 822 saylı qətnamədir. Bu qətnamə Elçibəy hakimiyyəti dövründə qəbul edilib. Qətnamə erməni hərbi birləşmələrinin işğal edilmiş ərazilərdən dərhal çıxmasını tələb edirdi. Heydər Əliyevin hakimiyyəti dövründə qəbul edilmiş əlavə 3 qətnamə də işğal edilmiş növbəti rayonlardan (işğal edilmiş bütün ərazilərdən) işğal qüvvələrinin çəkilməsini tələb edirdi. Statistik olaraq desək, Elçibəyin dövründə işğal edilmiş bir rayonla bağlı bir qətnamə, Heydər Əliyev hakimiyyətə gəldikdən sonra işğal edilmiş 5 rayonla bağlı 3 qətnamə qəbul edilib.
Əslində isə bu qətnamələrin qəbulunu şərtləndirən hadisə Azərbaycanda hakimiyyətdə kimin olması yox, BMT nizamnaməsinin əsas prinsipləri olan ərazi bütövlüyü və sülhün qorunması prinsiplərinin Azərbaycanın ərazilərinin işğal edilməsi formasında pozulması idi. Digər tərəfdən Elçibəyin hakimiyyətdə olduğu bütün dövr münaqişənin müharibə fazasına düşür ki, bu zaman dövlətin əsas diqqəti torpaqların işğaldan azad edilməsinə yönəlmişdi.
1993-cü ilin yanvar ayına qədər də bu istiqamətdə ciddi uğurlar əldə edilmiş, Azərbaycan ordusu Xankəndinin 15-20 kilometrliyinə qədər irəliləmişdi. Məhz Azərbaycan ordusunun uğurlu əməliyyatları erməni diasporasının ermənilərin dünya ictimaiyyəti qarşısında məzlum obrazını yaratmağa yönəltmişdi. Diaspora Azərbaycan ordusunun Dağlıq Qarabağı işğaldan azad etmə əməliyyatını “Qarabağın işğalı” kimi təqdim edə və bunun sayəsində ABŞ konqresində Azərbaycana qarşı 907-ci düzəlişin qəbul edilməsinə nail ola bilmişdi.
- Əgər hazırki hərbi əməliyyatlardan sonra Dağlıq Qarabağ erməniləri yenidən bu ərazilərdə yaşamaq istəsələr, hakimiyyətin bununla bağlı bir təsəvvürü varmi sizcə? Bu hansı formada təşkil oluna bilər?
Hərbi əməliyyatlar uğurla başa çatdıqdan sonra erməni əsilli azərbaycan vətəndaşlarının sakin olduqları ərazidə təhlükəsiz şəkildə yaşamaları təmin edilməlidir. İlham Əliyev də öz çıxışlarında bir neçə dəfə bu məsələyə toxunub və həmin ərazidə yaşayan mülki erməni əhalisinin təhlükəsizliyinin təmin ediləcəyini bəyan edib. Bu, doğru mövqedir. Bunun hansı formada təşkil edilməsi isə müharibə başa çatdıqdan sonrakı real vəziyyətə görə tənzimlənməlidir. Əgər erməni əhalisi öz evlərini tərk etməyəcəksə, Azərbaycan dövləti öz vətəndaşları olan bu insanların sosial, iqtisadi, mədəni hüquqlarını təmin etməlidir və şübhə etmirəm ki, bu iş ən yaxşı formada təşkil olunacaq. Yox, əgər yerli əhali öz yerini tərk edərsə, onların geri qayıtması, qoyub getdikləri mülkləri haqda azad qərar qəbul etmələrinə lazım olan bütün şəraiti dövlət yaratmalıdır. Bütün hüquqları təmin edilməlidir.