"Mən atamın xələfi olmamışdan əvvəl uzun illər idi, 1995-ci ildən 2003-cü ilə kimi parlamentin üzvü idim. 1997-ci ildən bəri mən Milli Olimpiya Komitəsinin prezidentiyəm. Mən aparıcı siyasi partiya olan Yeni Azərbaycan Partiyasının sədr müavini və sədrin birinci müavini olmuşdum və baş nazir olmuşdum. Beləliklə, mənim siyasi karyeram beynəlxalq müşahidəçilərə məlumdur və əlbəttə ki, onlar bunun onların təqdim etmək istədiyi kimi olmadığını bilirlər. Xələf olmaq haqqında danışdıqda, niyə heç kim Buş ailəsi, onların bir-birinin necə davamçısı olması haqqında danışmır? Niyə heç kim Klinton ailəsi haqqında, xanımın dövlət katibi və sonra da prezident namizədi olması haqqında danışmır və bunun kimi bir çox hallar var. Bu məsələni qaldırmazdan əvvəl, qoy, onlar özlərinə baxsınlar".
Prezident İlham Əliyev bu fikirləri Yaponiyanın “Nikkei” qəzetinə müsahibəsində deyib.
"Xanımıma gəldikdə, mənim xanımım 2005-ci ildən bəri parlamentin üzvü olmuşdur. O, sosial və humanitar sahələrlə bağlı olan məsələlərdə çox fəal idi. O, Qafqazda ən böyük qeyri-hökumət təşkilatı olan Heydər Əliyev Fondunun prezidenti olub və olmağa davam edir. Onun azərbaycanlılar arasında güclü dəstəyi var. Siz küçədə istənilən şəxsdən soruşa və onların onu necə sevdiyini və dəstəklədiyini görə bilərsiniz. O, Yeni Azərbaycan Partiyasının sədr müavini olub və olmağa davam edir. Buna görə də onun siyasi karyerası qəfil baş verən hadisələrdən ibarət olmamışdır. Sizə deyə bilərəm ki, mən ona bu vəzifəni təklif etdikdə, o, bunu o qədər də sevinclə qarşılamamışdır. Sizə deyə bilərəm ki, ola bilsin mən bunu ilk dəfə deyirəm, onu inandırmaq üçün çoxlu vaxtım getdi və mənim arqumentlərim var idi və o, istəmirdi. O, tamamilə sosial və humanitar məsələlərlə məşğuldur və on minlərlə insana yardım edir. Lakin o, bunu hər hansı bir piarsız, reklamsız və elansız edir. Beləliklə, o, xalqımızın qürur duyduğu bir şəxsdir", - deyə Prezident əlavə edib.
Prezident müsahibəsində başqa mətləblərə də toxunub. O deyib ki, Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi ilə bağlı gündəliyimiz var və bu proses uğurla davam edir.“Baxmayaraq ki, bu il ümumi daxili məhsulumuz aşağı düşür - çox ciddi deyil, indiyə qədər geriləmə 4%-dən aşağı olub. Bəzi başqa ölkələrlə müqayisədə bu, pis nəticə deyil. Lakin qeyri-neft sənayesinə gəldikdə, bizdə artım var. Bu, onu göstərir ki, bizim şaxələndirmə proqramımız çox uğurla icra olunur. Sənaye, biznes imkanları, turizm, innovasiya sektoru və kənd təsərrüfatı, əlbəttə ki, pandemiyadan əvvəl sürətlə inkişaf edirdi”, - o qeyd edib.
“Əlbəttə ki, əsas məsələyə gəlincə, biz indi Azərbaycanın öz ərazilərini azad etdiyini görürük. Biz, ilk olaraq, on minlərlə hektar torpağı su ilə təchiz edəcək çox mühüm su anbarını azad etdik. Ermənistan faktiki olaraq bizə qarşı ekoloji terror törədib. Onlar Tərtər çayının qabağını bağlayırdılar və beləliklə, yüz minlərlə hektar torpaq su ilə təchiz olunmurdu. Onlar bunu yayda, insanların ehtiyacı olanda bağlayırdılar və qışda açırdılar, bu isə daşqına səbəb olurdu. Beləliklə, Ermənistanın terrorçu xisləti hər addımdadır. Biz əraziləri geri qaytarandan sonra, - bu, müxtəlif məhsullar becərmək, mal-qara saxlamaq üçün çox münbit torpaqlardır, - əlbəttə ki, bu, kənd təsərrüfatımızın inkişafına yeni təkan verəcək. Biz ərazilərin azad edilməsi ilə əlaqədar kənd təsərrüfatımızın gələcək inkişafını artıq planlaşdırmağa başlamışıq. Əlbəttə, düşünürük ki, insan kapitalına investisiyalar bizə inkişaf üçün yaxşı imkanlar yaradacaq. Çünki bir gün neft və qaz tükənəcək, baxmayaraq ki, bizim ehtiyatlarımız çox böyükdür. Biz böyük həcmdə təbii qaz ixrac etməyə yenicə başlamışıq və neft istehsalı sahəsi qarşıdakı onilliklərdə, ümumilikdə, sabit olacaq. Lakin, əlbəttə ki, qeyri-neft sektoru prioritetdir”, - deyə dövlət başçısı vurğulayıb.
Prezidentin sözlərinə görə, Yaponiya şirkətləri Azərbaycanda enerji sahəsində çox fəaldırlar.“Yaponiya banklarından alınan kreditlərlə biz Bakıda iki böyük elektrik stansiyası tikmişik. Onların gücü 800 meqavata yaxındır. Beləliklə, bu elektrik stansiyaları istehlakımızın və ixracımızın əhəmiyyətli hissəsini təmin edir. Yeri gəlmişkən, biz həm də elektrik enerjisini ixrac edirik. Biz Yaponiya şirkətlərini hazırda prioritetlərdən biri olan bərpaedilən enerji sahəsində görmək istəyirik. Biz artıq bəzi investorlarla ilkin razılaşmalar imzalamışıq. Beləliklə, əminik ki, çox ümidverici olan və xüsusilə Abşeron yarımadasında günəş və çoxlu külək sayəsində potensialı olan bu sahədə və bir çox başqa sahələrdə əməkdaşlıq olacaq. Bu gün Yaponiya şirkətləri ilə avadanlıq, maşınqayırma, texnologiya, eləcə də kənd təsərrüfatı sahələrində əməkdaşlığımız var. Biz Yaponiya ilə Azərbaycan arasındakı iqtisadi əməkdaşlığın səviyyəsindən məmnunuq”, - o qeyd edib.
Cəbhədəki gərginliyə də toxunan prezident əlavə edib ki, Azərbaycan ərazisindəki neft-qaz kəmərlərinin, o cümlədən Bakı-Tbilisi-Ceyhanın istismara verildiyi 2006-cı ildən bu yana bizdə heç bir hadisə baş verməyib.“Kəmərlərimiz lazımi qaydada qorunur. Ermənistanın rəsmi nümayəndələrindən hədələr eşitmişik ki, onlar bizim kəmərlərimizə hücum edəcəklər, neft-qaz nəqli üçün mühüm olan Səngəçal terminalına hücum edəcəklər. Lakin bu da onların terrorçu xislətinin bir hissəsidir. Çünki onlar açıq şəkildə bəyan edirlər ki, mülki infrastruktura hücum edəcəklər. Əlbəttə ki, əgər onlar bunu etsə, peşman olacaqlar. Çünki bizim tərəfimizdən və həmçinin enerji təhlükəsizliyinin bir hissəsini Azərbaycandan təmin edən ölkələr tərəfindən sərt şəkildə cəzalandırılacaqlar. Həmin ölkələrin reaksiyası necə olacaq? Bu kəmərlərə milyardlarla dollar investisiya yatırılıb. Beynəlxalq banklar, Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı və başqaları kimi bütün aparıcı beynəlxalq banklar investisiya yatırıb. Ona görə də, Ermənistan rəhbərliyi bu cür variant barədə yaxşı düşünməlidir. Əlbəttə, qeyd etdiyim kimi, Azərbaycan özü onları sərt şəkildə cəzalandıracaq və mən düşünmürəm ki, onlar bunu, daha bir müharibə cinayətini etməyə cürət göstərəcəklər”, - deyə o qeyd edib.