“İlham Əliyev informasiya müharibəsinə şəxsən başçılıq edir”

“İlham Əliyev informasiya müharibəsinə şəxsən başçılıq edir”
12 Oktyabr 2020
Mətni dəyiş

“Prezident İlham Əliyev Ermənistanla informasiya müharibəsinə şəxsən özü başçılıq edir. Hər gün müsahibələr verir, tvitlər yazır. Azərbaycan Prezidentinin çıxışları ilə Ermənistan Baş Nazirinin məntiqsiz açıqlamaları arasında fərqləri hamı görür”.

Bu fikirləri “Qafqazinfo”ya açıqlamasında politoloq Elxan Şahinoğlu bildirib. O qeyd edib ki, Ali Baş Komandan həm döyüş cəbhəsində, həm də informasiya cəbhəsində ölkəsinin maraqlarını müdafiə edir.

“Prezident İlham Əliyev bu baxımdan çox fəaldır, istəyir ki, dünya Azərbaycanın haqq səsini eşitsin, ədalətli mövqeyini görsün. Rusiyada hətta ermənipərəst siyasi ekspertlər özləri də açıq etiraf edirlər ki, Prezident İlham Əliyevin məntiqi çox güclüdür. Paşinyan məntiqsiz danışır və açıqlamaları heç nə ifadə etmir. Əslində, biz bilirik ki, bu dövrlər Prezidentin iş qrafiki çox gərgindir, çünki hərbi əməliyyatlar, diplomatik fəaiyyət davam edir. Lakin Prezident ABŞ, Türkiyə, Avropa telekanallarına müsahibələr verir. Biz bu baxımdan bir çox istiqamətlərdə Ermənistandan irəlidəyik”.

E. Şahinoğlunun sözlərinə görə, ermənilər pulla Qərb mətbuatında Azərbaycan əleyhinə yazılar yayımlamağa çalışırlar. Lakin sentyabrın 27-dən bəri Prezident İlham Əliyev “Əl-Cəzirə”, “Euronews”, “CNN-İnternational”, “RBK”, “TRT Haber” kimi nüfuzlu televiziya kanalları və xəbər agentliklərinə müsahibələrində Ermənistanın yalan üzərində qurulmuş informasiya maşınına ağır zərbə vurub.

“İlham Əliyevin RBK kanalına verdiyi müsahibədə bir fikir var idi ki, baxmayaraq ki, biz Rusiya ilə tərəfdaş olmaq, münasibətlərimizi inkişaf etdirmək istəyirik, amma Rusiyanın dövlət kanallarında Azərbaycan əleyhinə qara kampaniya təşkil edilir. Bundan başqa, Prezident dedi ki, bu, bizi o qədər də narahat etmir. Əslində bu qara “propaqanda” Rusiya cəmiyyətini narahat etməlidir ki, bu iki dövlət arasında münasibətlərə böyük zərbə vurur.

İlham Əliyev müsahibəsində həmçinin bildirmişdi ki, əslində Paşinyanı Rusiya Prezidenti Vladimir Putin xilas edib. Bu o deməkdir ki, əgər Rusiya havayı silahlar göndərməsəydi, Ermənistan Azərbaycan qarşısında çoxdan məğlub olardı”.

Politoloq bildirib ki, Ermənistan əvvəlki dövrdə olduğu kimi, erməni lobbisinin və xarici havadarlarının köməyilə münaqişə haqqında dünyada riyakar, ikiüzlü siyasətini beynəlxalq ictimaiyyətə sırımağa uğursuz cəhdlər göstərməyə çalışır:

“Paşinyanın əli hər yerdən üzülüb, dünyadakı erməni lobbisinə müraciət edir ki, mitinqlərə başlasınlar, öz yaşadıqları ölkələrdə hakimiyyətdən Dağlıq Qarabağın “müstəqilliyini” tanımağı tələb etsinlər, Ermənistana hərbi yardımlar etsinlər və digər bu kimi təxribata getsinlər. Ermənistan hökuməti çox haray-həşir salır, şayiələr yayır ki, guya biz muzdlulardan istifadə edirik. Əslində faktlar var ki, muzdlulardan özləri istifadə edirlər. Amma indi 90-cı illər deyil ki, dünya yalnız Ermənistanı eşitsin.

Dövlət başçısı İlham Əliyev elə Türkiyənin “Haber Global” televiziyasına son müsahibəsində də açıq şəkildə dedi ki, internet əsridir, bəzi Qərb mətbuatı yenə də erməni lobbisinin pulu ilə birtərəfli yazılar yazmağa çalışacaq. Amma Azərbaycanla bağlı həqiqətlər də dünyaya yayılır. Dünya Gəncənin raket atəşinə tutulması, mülki insanlar arasında itkilərin olmasından xəbərdar oldu və Ermənistanın iç üzünü gördü”.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun