İ.Əliyev deyib ki, Azərbaycan ordusu həm döyüş meydanında, həm də müasir silah, texnika baxımından döyüş effektivliyini sübut etdi.
”İşğal olunmuş ərazilərdə yerləşən Ermənistanın əsas hərbi-texniki potensialını praktik olaraq məhv etdik. Bu rəqəmləri verdim. 230-dan çox tank əsasən pilotsuz təyyarələr və müasir tank əleyhinə sistemlər tərəfindən məhv edildi. “Spayk” raketləri ilə, bunu gizlətmirəm. Dünən 36 tankı ələ keçirdik və çox sayda digər texnika məhv edildi”.
Bəs bu ‘Spayk’ raketləri nədir? Spayk İsrail istehsalı 4-cü nəsil daşına bilən, ‘atəş aç - unut’ prinsipi ilə işləyən tank əleyhinə idarəolunan raket kompleksidir (TƏİR). İsrailin “Rafael Advanced Defence Systems” şirkəti tərəfindən istehsal olunur. 2016-cı ilin məlumatına görə, Spayk ailəsinə aid təqribən 25.600 raket 25 ölkəyə satılıb ki, bu ölkələrdən biri də Azərbaycandır. Raket hədəfi avtonom şəkildə və ya operatorun nişan alması ilə də vura bilir. İkinci halda raketin operator pultuna göndərdiyi videosiqnal əsasında qərar qəbul edilir. Operator artıq havada olan raketin uçuşu korrektə edə bilər. Görünməyən hədəflərə zərbə endirmək üçün raketə əlavə informasiya daxil olmalıdır (məsələn peyk və ya dronlardan). Azərbaycan ordusu tərəfindən Aprel döyüşlərində istifadə olunub. 2017-ci ildə Azərbaycan ordusu Qarabağda bir Spayk raketi vasitəsilə Ermənistana aid Osa HHM vasitəsini vurduqdan sonra Ermənistan ordusu cəbhə boyunca bütün zirehli və zirehsiz texnikalarını, o cümlədən HHM vasitələrini 8 km geriyə çəkməyə məcbur oldu. Spayk raketlərinin uçuş məsafələrinə görə bir neçə versiyası var. Ümumilikdə isə bu tip raketlərin texniki taktiki xüsusiyyətləri aşağıdakı kimidir: - Uçuş məsafəsi: 1.5 - 25 km - Raketin sürəti: 130-180 m/s - Çəkisi: 10 - 75 kq - Dəf etdiyi zireh qalınlığı: 1000 mm