Azadlıq Radiosunun Belarus xidməti yazır ki, Belarus hakimiyyəti oktyabrın 25-də hökumət yönlü mitinq keçirmək üçün ölkə boyu insanları bir yerə toplayır. Prezidentliyə sabiq namizəd Svetlana Tixanovskaya daha əvvəl bildirmişdi ki, həmin gün etirazçılar Aleksandr Lukaşenkoya "xalq ultimatumu" elan edəcəklər.
Beləliklə, 23 və 24 oktyabrda Mogilevdən 18 vaqondan ibarət iki qatarla mindən çox adam Minskə göndəriləcək. “Domoçay” şirkətinin filiallarının müqavilələrinin ləğvi və ya yenilənməməsi ilə təhdid edilən işçilərinin də bu tədbirə Aleksandr Lukaşenkoya dəstək olaraq gedəcəkləri bildirilib.
Qomeldə insanları məktəb binalarına toplayırlar. Yerli sakinlərdən biri insanların getməkdən imtina etdiyini, bu səbəbdən paytaxtda əsasən məktəb direktorları və baş müəllimlərinin toplandığını deyib. Bəzi müəssisələrdə mitinqdə iştirak etmək üçün işçilərə iki məzuniyyət vəd edilir.
Polotskda təhsil müəssisələri ən azı altı nəfəri Minskə göndərmək əmri alıb. Avtobusların səhər saat 7:00-da paytaxta çatacağı və saat 19:00-da geri qayıdacağı deyilir, tədbirin formatı, ödəniş məsələsi və marşrut dəqiqləşdirilməyib.
Qrodnoda hökumətyönlü mitinqə əsasən müəllimlər hazırlaşır. Yerli sakin təhsil müəssisələrindən birində çalışdığını və Minskə getmək üçün beş nəfərin toplanması barədə əmr gəldiyini deyib.
Belarus Təhsil Nazirliyi "birgə tədbirlər planlaşdırılmadığını" açıqlayıb.
Həmin gün Tixanovskayanın dediyi kimi, Aleksandr Lukaşenko “xalqın ultimatumu”nu alacaq. 25 oktyabr tarixinə qədər rejim üç tələbi yerinə yetirməlidir: Lukaşenko istefasını elan etməli, küçələrdə zorakılıqlar tamamilə dayandırılmalı, bütün siyasi məhbuslar sərbəst buraxılmalıdır.