Ukraynada fəaliyyət göstərən beyin mərkəzi “Ukrayna Prizması” Xarici Siyasət Şurası yeni hesabat yayıb.
Abzas xəbər verir ki, hesabatda Avropa Birliyinin Şərq Tərəfdaşlığı ölkələrinin koronavirusla bağlı geniş yayılan dezinformasiyalara nə qədər dözümlü olduğu təhlil edilib.
Araşdırmalar göstərib ki, əksər ölkələrdə ilk COVID-19 hallarına mart ayında rast gəlinsə də, dezinformasiya və konspirasiya nəzəriyyələri yanvar-fevral aylarından bəri yayılmağa başlayıb. Bu dezinformativ hekayələr qlobal tendensiyanın bir hissəsinə çevrilib və əsasən Çin-ABŞ danışıqları və ya naməlum qorxudan irəli gələn bir geosiyasi xarakterə malik olub.
Tədqiqat nəticələri müəyyənləşdirib ki, fövqəladə vəziyyətin tətbiq edilməsinin dezinformasiyanın yayılmasına demək olar ki, təsiri yoxdur. Dezinformasiya axınına təsir edən əsas amillərdən biri müvafiq dövlət orqanları tərəfindən məlumatların vaxtında və kifayət qədər, habelə koordinasiyalı çatdırılması idi.
Kütləvi informasiya vasitələri və ictimaiyyət məlumatları açıq şəkildə əldə edə bildikdən sonra müntəzəm brifinqlər, rəsmi saytlar və s. vasitəsi ilə informasiya boşluğu dolduruldu, beləliklə, dedi-qodu və manipulyativ çıxışlar üçün daha az yer ayrıldı.
Hansı "növ" dezinformasiyalar yayılıb?Pandemiya dövründə geniş yayılan və bütün ölkələrdə aşkarlanan dezinformativ hekayələrin əksəriyyəti aşağıdakı kimi qruplaşdırıla bilər:
• sağlamlıqla əlaqəli (məsələn, ev şəraitində müalicə, hansısa dərmanların, meyvələrin və ya alkoqolun xeyirləri və s.);
• geosiyası yönümlü (məsələn, üçüncü dövlətlərin müdaxiləsi, Rusiyanın vaksinlərlə bağlı tədqiqatda dünya liderliyi etməsi, Çinin ABŞ-ı zəiflətməsi cəhdi (və ya tərsi), Avropa Birliyinin pandemiyaya görə parçalanması və s.)
• dövlətlə əlaqəli (məsələn, demokratiya və insan haqları üçün təhdidlər, 'uğursuz' dövlətlər, siyasi parçalanmalar və s.);
• konspirasiya nəzəriyyələri (məsələn, 5G şəbəkəsi, virusun məqsədyönlü şəkildə yaradılan bio silah olması, virusun Bil Qeyts tərəfindən icad edilməsi və s.).
Şəq tərəfdaşlığı ölkələri arasında koronavirus dezinformasiyalarına dözümlülüklə bağlı ən zəif göstəricilər Azərbaycan və Belarusda qeydə alınıb. Azərbaycanın təcrübəsində müəyyən olunub ki, yüksək səlahiyyətli orqanların faktlar və əsas məlumatlar ilə çıxış etməsinə baxmayaraq, medianın və vətəndaş cəmiyyətinin suallarına aydın şəkildə cavab verməyiblər və beləliklə də informasiya boşluğu yaranıb.
"Hökumət mediası" dezinformasiyanın ötürülməsində aktiv iştirak edibHəmçinin, sərt karantin dövründə müstəqil jurnalistlərin faəliyyətinin məhdudlaşdırılması cəmiyyətin məlumatlandırılması baxımından problemlər yaradıb. Pandemiya dövründə informasiya haqqında qanunlara dəyişiklik edilsə də, bu konkret olaraq koronavirus dezinformasiyalarının hədəf alınması üçün istifadə olunmayıb.
Hesabatda qeyd olunur ki, Azərbaycanda pandemiyanın yayılmağa başlamasından bəri müxtəlif dövrlərdə fərqli dezinformasiyalar yayılmağa başlayıb. Həm də müəyyən olunub ki, hökümət nəzarətində olan media dezinformasiya axının cəmiyyətə ötürülməsində aktiv iştirak edib.
Azərbaycan təcrübəsində əsas dezinformasiyalar Rusiya və Türkiyə mediasından gəlsə də, Çin mənbələrinə də geniş istinad olunub. Yuxarıda qeyd olunan ümumiləşdirilmiş dezinformativ hekayələr Azərbaycanda da geniş yayılıb. Hökümət tərəfindən yayılan dezinformasiyalar da olub, məsələn, “Azərbaycanın pandemiya ilə bağlı mübarizədə dünyaya təqdim olunan uğurlu model olması” və s.
Dezinformasiyaya qarşı effektiv mübarizə üçün nə tövsiyə olunur?Azərbaycanda dezinformasiya ilə mübarizədə medianın əsas problemlərindən biri kimi qeyri-peşəkarlıq, məlumatların yoxlanılmaması, jurnalistlərin etik kodeksə riayyət etməsinə nəzarət edən institutların qeyri-effektivliyi və digər problemlər qeyd olunub.
Yekunda Azərbaycana tövsiyyə olunub ki, dezinformasiyaya qarşı effektli dövlət siyasətinin qurulması üçün Avropa Şurası, ATƏT, BMT kimi beynəlxalq təşkilatların müvafiq orqanları ilə yaxından əməkdaşlıq edilsin. Həmçinin, qanunvericilik və praktikada vətəndaş cəmiyyəti və müstəqil medianın faəliyyətinə qoyulan məhdudiyyətlər aradan qaldırılsın.