Həmsədrlər atəşkəs üçün təcili addımlar atmağa çağırır

Həmsədrlər atəşkəs üçün təcili addımlar atmağa çağırır
14 Oktyabr 2020
Mətni dəyiş

ATƏT-in Minsk Qrupunun həmsədrləri Dağlıq Qarabağdakı son durumla bağlı birgə bəyanatla çıxış edib.

Təşkilatın saytında bildirilir ki, həmsədrlər Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanı bölgədə fəlakətli nəticələrin qarşısını almaq üçün 10 oktyabrda Moskvada təsdiqlənən razılaşmaya əsasən tərəflərin öhdəliklərini tam şəkildə icra etmək üçün təcili addımlar atmağa çağırıb.

Həmsədrlər mülki itkilərin bütün hallarda qəbuledilməz olduğunu bir daha vurğulayıb.

Həmsədrlər tərəfləri cəsədlərin, hərbi əsirlərin və saxlanılanların dəyişdirilməsinə şərait yaratmaq üçün təcili olaraq humanitar atəşkəsi tətbiq etməyə çağırıb və təcili olaraq atəşkəs mexanizminin razılaşdırılması üçün tərəflərə müraciət edib.

Həmsədrlər qeyd edib ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyanla danışıqlardan sonra münaqişənin siyasi həll prosesinin əsas müddəaları üzərində tərəflərlə birgə işləyir.

Bu arada Türkiyə Qarabağ münaqişəsi ətrafında vəziyyətin müzakirəsi məqsədilə ATƏT-in Minsk Qrupunun təcili toplantısının keçirilməsinə tərəfdardır.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu çərşənbə axşamı Ankarada bildirib ki, görüşü 9 + 2 formatında keçirmək lazımdır.

“Həmsədrlər Minsk Qrupu qarşısında hesabat verməli, indiyədək görülmüş və görülməmiş işlərə, münaqişənin niyə həll olunmamasına aydınlıq gətirməlidirlər. Qarabağ münaqişəsinin həllinin yeganə yolu erməni qoşunlarının Azərbaycanın işğal olunmuş torpaqlarından çıxarılmasıdır. Yalnız bu halda beynəlxalq birliyin nizamlanmaya real səy göstərməsindən danışmaq olar,” o qeyd edib.

ATƏT-in Minsk Qrupunun həmsədrləri Rusiya, Fransa və ABŞ-dır.

Onlardan başqa Minsk Qrupuna Belarus, Almaniya, İtaliya, İsveç, Finlandiya və Türkiyə, həmçinin Ermənistan və Azərbaycan daxildir.

Münaqişə haqqında qısa məlumat

Ermənistan-Azərbaycan münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu ermənilərin nəzarətinə keçib.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Ermənistan və Azərbaycan arasında sülh danışıqları 1992-ci ildən ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılır.

Minsk Qrupunun həmsədr dövlətləri ABŞ, Rusiya, Fransa dövlət başçıları dəfələrlə hazırkı status-kvonun qəbuledilməz olduğunu bildirsə də, danışıqlarda hər hansı irəliləyiş qeydə alınmayıb.

2016-cı il aprelin 2-dən 5-dək hərbi əməliyyatlar yenidən bərpa olunub. Döyüşlərdə hər iki tərəf onlarla insan itirib. Aprelin 5-də Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan hərbi əməliyyatları dayandırıb.

2020-ci ilin iyulun 12-dən 16-dək Azərbaycan-Ermənistan sərhədininn Tovuz rayonu istiqamətində tərəflər arasında yenidən qarşıdurma olub. Hər iki tərəfdən hərbi və mülki şəxslər həlak olub.

​2020-ci il sentyabrın 27-də isə qoşunların təmas xəttində Dağlıq Qarabağ istiqamətində döyüş əməliyyatları bərpa edilib. Ağır döyüşlər davam edir. Ermənistanın rəsmi hərbi mənbələri beş yüzdən çox hərbiçisini itirdiyini bildirib. Həmçinin 31 mülki şəxsin həlak olduğunu, 90 nəfərin xəsarət aldığını bildirilir.

Azərbaycan tərəfi hərbi itkiləri barədə hələ məlumat yaymayıb. Baş Prokurorluq 42 mülki şəxsin həlak olduğunu, 207 nəfərin yaralandığı barədə məlumat yayıb.

Oktyabrın 10-da tərəflər humanitar atəşkəs elan etməsi barədə razılığa gəlsə də bir-birilərini atəşkəsi pozmaqda günahlandırır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun