Cümə axşamı günü Azərbaycan Minalardan Təmizləmə üzrə Milli Agentlik (ANAMA) bəyan edib ki, Ermənistan tərəfi Qəbələ və Kürdəmir rayonlarına Elbrus raketi atıb.
Qurum bildirib ki, raketlərin düşdüyü yerlərdən "8K14 BALLISTIK (ELBRUS/SCUT) tipli raketlərin qalıqları tapılıb.
Bir gün əvvəl isə Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciətində deyib ki, Ermənistana məxsus 2 əməliyyat taktiki raket kompleksi - "Elbrus" vurulub sıradan çıxarılıb.
"Elbrus" hədəfdən yayınma və açılmama xüsusiyyətlərinə, həm də 60 ilin silahı olduğuna görə xarici bazarda alıcıları, demək olar ki, yox dərəcəsindədir, hərbi ekspert Ədalət Vəliyev BBC News Azərbaycancaya deyib.
Geniş ictimaiyyət Elbrus raketinin adını ilk dəfə oktyabrın 11-də, erməni silahlı qüvvələrinin Gəncəyə dağıdıcı hücumundan sonra eşitdi: raket zərbəsi nəticəsində çoxmənzilli bina yerlə-yeksan olmuş, 10 adam ölmüş, 35 nəfər yaralanmışdı.
Sonuncu raket hücumu oktyabrın 17-də edilib və 13 nəfər həlak olub, 50-dən çox sakin yaralanıb. Azərbaycan rəsmiləri bu zərbənin də "Elbrus"la edildiyini bildirib.
Gəncəyə atılan birinci "Elbrus"un qalıqları tapılmışdı.
"Raketin qalıqlarının üzərində 8K-14 yazılıb. Bu bizə dəqiq deməyə imkan verir ki, Gəncəyə atılan "Elbrus" raketi olub. Onun uzunluğu 11,2 metrdir. Dinc sakinlərə qarşı belə raketdən istifadə etmək hərbi cinayət olmaqla bərabər, vandalizm aktıdır", - Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) direktoru Qəzənfər Əhmədov Gəncəyə hucumdan sonra demişdi.
Ermənistan hücumlar haqqında şərh verməyib, amma tanınmamış" Dağlıq Qarabağ rəhbərliyi" hücumlardan sonra Gəncədə "mümkün hərbi hədəflərin siyasını" dərc etmişdi. Bundan əvvəl isə tanınmamış "DQR rəhbərliyi" "Azərbaycanın iri şəhər və rayonlarında hərbi obyektləri hədəfə aldığını" bildirmişdi.
Həmin vaxt Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı BBC News Azərbaycancaya deyib ki, "Ermənistanın Gəncədə vurduğu ancaq mülki əhali və mülki infrastrukturdur".
"Azərbaycanın istənilən yerində hərbi bazası ola bilər. Bunun Ermənistana nə aidiyyatı var? Azərbaycanın Ermənistan ərazisində heç bir hərbi hədəfi və məqsədi yoxdur. Döyüş əməliyyatları Dağlıq Qarabağ və onun ətrafındakı işğal olunmuş ərazilərdə aparılır", - Müdafiə Nazirliyinin sözçüsü bildirib.
"Hədəfdən yayınır, açılmaya bilir"
Hərbi məsələlər üzrə şərhçi Ədalət Vəliyev BBC News Azərbaycancaya deyib ki, Elbrus raketləri operativ taktiki raketlər ailəsinə məxsusdur və atəş məsafəsi 50-300 kilometr arasında dəyişir.
Elbrus raketlərini atış üçün hazırlayan və idarə edən heyət səkkiz nəfərdən ibarətdir. Bu raketlər atılan zaman 450 metr ilə 3 kilometr arasında hədəfdən yayına bilir. Bəzən bu raketlər atılandan sonra açılmaya da bilir. Dəqiqliyi problem yaradır, amma gücünü qoruyur. Hədəfdən yayınma və açılmama xüsusiyyətlərinə və 60 ilin silahı olduğuna görə, demək olar ki, xarici bazarda alıcıları yox dərəcəsindədir", - Ədalət Vəliyev deyib.
"Elbrus" Rusiyadan istehsal olunur və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv dövlətlər digər silahlar kimi onu da güzəştli şərtlərlə ala bilərlər.
Elbrus raketləri həm də Varşava müqaviləsi təşkilatına üzv olan dövlətlərin silahlanmasında istifadə olunur. Varşava müqaviləsi 1991-ci il iyulun 1-də ləğv olunub. Varşava Müqaviləsi Təşkilatı keçmiş SSRİ və Avropadakı sosialist dövlətər tərəfindən qurulmuşdu və NATO-ya əks mövqedə dayanan hərbi ittifaq idi.
Ədalət Vəliyev bildirib ki, bu raketlər nüvə başlığı da daşımağa qadirdir və raketlərin daşıdığı döyüş başlıqlarının içərisində müxtəlif "kaset və fosfor" elementlərinin istifadəsi onların mülki əhaliyə qarşı işlədilməsini qadağan edir: "Ümumiyyətlə, beynəlxalq konvensiyalar dinc sakinlərə qarşı hər hansı silahın istifadəsinə qadağan edir,"- Ədalət Vəliyev deyib.
Ekspertin sözlərinə görə, Elbrus raketlərindən "Birinci Qarabağ müharibəsində" də istifadə edilib, amma mülki əhali olan ərazidə tətbiq olunub-olunmaması məlum deyil.
Ədalət Vəliyev deyib ki, yaxın tarixdə baş verən münaqişələrdən 2008-ci ildə Gürcüstan ərazisinə Rusiya müdaxilə edən zaman bu raketlərin və onların son versiyalarının istifadəsi halları olub.
Ermənistanın silah arsenalında "Elbrus"
Onun sözlərinə görə, 27 sentyabr hərbi əməliyyatlar başlayana kimi Ermənistan silahlı qüvvələrinin arsenalında 4 ədəd "İskender E", 8 ədəd "Elbrus" və 4 ədəd "Toçka U" atəş sistemləri olub.
2016-cı il sentyabrın 22-də Ermənistanda müstəqilliyin 25-ci ildönümü münasibətiylə keçirilən paradda Ermənistan malik olduğu "İskender" və "Elbrus" raketlərini nümayiş etdirib.
Mütəxəssislər güman edirlər ki, Rusiya Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) müttəfiqi olan Ermənistana bu sistemi güzəştli qiymətlərlə alıb.
Yerevanda keçirilən hərbi paradda, həmçinin SMRÇ yaylım atəş sistemləri, "Buk M2" hava hücumundan müdafiə sistemi, S-300PS raket kompleksləri, "Toçka U" və başqa müasir silah növləri nümayiş etdirilib.
2016-cı ildə Qarabağda "dörd günlük müharibə" kimi tanınan döyüşlərdən sonra Washington-dakı IHS tədqiqat korporasiyasının təhlilçisi Aleks Melikişvili BBC-yə deyib ki, Ermənistan tanınmamış "Dağlıq Qarabağ Respublikası"nda uzaqmənzilli artilleriya, yaylım atəşi sistemləri və yaxınmənzilli "Elbrus" raket komleksləri yerləşdirib.
Azərbaycan sentyabrın 27-dən bəri davam edən əməliyyatlarda adı çəkilən bütün növlərdən olan silahların, o cümlədən Elbrus raket kompleksinin zərərsizləşdirilməsi ilə bağlı video görüntülər yayıb.
Azərbaycan Müdafiə Nazirliyi bəyan edib ki, oktyabrın 14-də 3 ədəd, oktyabrın 20-də 2 ədəd "Elbrus" raket kompleksini zərərsizləşdirib.
Ermənistan Müdafiə Nazirliyi oktyabrın 14-də Ermənistan ərazisində, Kəlbəcər rayonuna yaxın ərazidə raketlərinin vurulmasını təsdiq edib.