“Türkiyənin Fransa istehsalı olan malları boykot etməsinə qarşılıq verməyəcəyik”.
“CNNTurk” xəbər verir ki, bunu Fransanın ticarət naziri Frank Rister Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın boykot çağırışına cavab olaraq bildirib.
Onun sözlərinə görə, Türkiyə hökuməti və R.T.Ərdoğanla görüşləri davam etdirəcəklər.
Aralıq dənizinin şərqində və Liviyadakı hadisələr, habelə Məhəmməd peyğəmbərin təhqir edilməsi ilə bağlı Parisdə yayılan şəkillər səbəbindən iki ölkə arasında gərginlik yaşanır. Fransa prezidenti Emmanuel Makron ötən ay rəsmi Ankaranın Aralıq dənizinin şərqində özünü “NARO müttəfiqi kimi aparmadığını” bildirib. Oktyabrın 26-da Rəcəb Tayyib ərdoğan ölkə vətəndaşlarına Fransa istehsalı olan məhsulları boykot etməyə çağırış edib.
Xatırladaq ki, Fransa Avropada Türkiyənin 3-cü böyük ticarət ortağıdır. 2019-cu ildə iki ölkə arasında ticarət dövriyyəsinin dəyəri 14,677 milyard avro olub. Bu, 10 il əvvəllə müqayisədə 47,4% çoxdur və ticarət dövriyyəsinin 17 milyard avroya qədər artırılması planlaşdırılır.
2014-cü ildən indiyə qədər Türkiyənin Fransaya ixracının dəyəri Fransanın Türkiyəyə ixracının dəyərini üstələyib. Məsələn, 2019-cu ildə sözügedən rəqəmlər müvafiq olaraq 8,7 milyard avro və 5,9 milyard avro olub.