Fransa səhiyyə naziri Olivye Veran və nazirliyin baş direktoru Jerom Salomonun iş yerlərində və yaşayış ünvanlarında polis axtarış aparıb.
Yerli KİV xəbər verir ki, həmçinin sabiq baş nazir Eduard Filip, keçmiş hökumət sözçüsü Sibet Ndiaye, sabiq səhiyyə naziri Aqnes Buzin kimi bir sıra nüfuzlu şəxsin də evlərində axtarışlar aparılıb.
Bu tədbirlər COVID-19 epidemiyasının səbəb olduğu səhiyyə böhranı ilə bağlı Respublika Ədliyyə Məhkəməsi (CJR) tərəfindən iyul ayının 7-dən apardığı təhqiqat çərçivəsində aparılıb. Belə ki, hökumət rəsmilərinin epidemiya ilə bağlı addımlarına dair bütövlükdə 90-dək şikayət verilib, bunlardan yalnız 9-u məqbul sayılıb.
O cümlədən COVID-19 həkimlər qrupu üzvlərinə qarşı da irəli sürülən şikayətlərə dair dinləmələr sentyabr ayının əvvəllərindən keçirilir. Sentyabrın ortalarında isə 200 nəfər adından epidemiya qarşısında hökumətin fəaliyyətsiz olması barədə CJR-də baş nazir Jan Casteksə qarşı şikayət verilib.
Qeyd edək ki, Respublika Ədliyyə Məhkəməsi prezident istisna olmaq şərtilə yüksək rütbəli rəsmi şəxslərin qanunlara əməl etməsinə nəzarət edir.