Müxbir yeraltı sığınacaqda Aydın Şahverdiyev adlı şəxslə söhbətləşib. O, bostanda becərdiyi tərəvəzlərin koronavirusla mübarizədə ən yaxşı dərman olduğunu deyir
“France Press” agentliyinin əməkdaşı Dmitri Zaks Tərtər rayonunda sığınacaqda gördüklərini yazır.
Tərtər rayonu 27 sentyabr əməliyyatları başlayandan ən çox atəşə məruz qalan rayonlar sırasındadır. Prezident İlham Əliyev xarici mediaya müsahibəsində dəfələrlə Tərtərin 2-ci Dünya müharibəsində Stalinqrad şəhərinin vəziyyəti ilə müqayisə edib.
Müxbir yeraltı sığınacaqda Aydın Şahverdiyev adlı şəxslə söhbətləşib. O, bostanda becərdiyi tərəvəzlərin koronavirusla mübarizədə ən yaxşı dərman olduğunu deyir.
“Koronavirusa qarşı əla şeydir”
54 yaşlı Şahverdiyev deyir ki, balqabağı dilimləyib şəkərləyirlər: “Bir həftə- 10 gün qalır, sonra yeyirik. Çox sağlıqlıdır. Koronavirusa qarşı əla şeydir”.
Müxbir yazır ki, hətta cəbhə xəttinə yaxın, son günlər tez-tez Ermənistan tərəfdən atəşə tutulan Tərtərdə belə koronavirus təhdidi unudulmur.
Sentyabrın 27-dən Ermənistanla Azərbaycanın təmas xəttində başlamış əməliyyatlarda mülki şəxslər daxil olmaqla 800-dən çox insan həlak olub.
Dünya Səhiyyə Təşkilatı (DST) bu qanlı əməliyyatların yaxşı inkişaf etməmiş səhiyyə sistemlərini əzəcəyindən, yoluxucu xəstəliyin yayılmasını sürətləndirəcəyindən narahatlığını bildirib.
“Dəfələrlə demişik ki, Covid-19 sərhəd, xətt tanımır”, – DST-nin sözçüsü Tarik Cazareviç ötən həftə deyirdi.
Gündəlik yoluxmalar 600-ü keçib
Müxbir bu narahatlığı əsaslı sayır. Azərbaycanda sentyabrın əvvəlindən oktyabrın ortasınadək günə 150-dən az yoluxma qeydə alınırdı. Bu həftə isə bir günə yoluxma 600-ü keçib.
Artıq Bakıda metro bağlanıb, orta məktəblər, universitetlər iki həftəlik tətilə buraxılıb.
Elə atəş altında olan Tərtərdə zirzəmidə yaşayanlar da virusu yaxın buraxmamağa çalışırlar. Ancaq onların resursları məhduddur, nəsillərə ötürülmüş müalicə üsullarına üstünlük verirlər. Baxmayaraq ki, balqabağın Covid-19-a hər hansı təsiri sübuta yetirilməyib.
“Koronavirusdan da narahatıq, döyüşlərdən də. İkisinin arasında yaşamağa çalışırıq”, – orta məktəb direktoru Vəfadar Əliyev deyib.
Müxbir müşahidələrinə əsasən yazır ki, evləri dağılmış, məhdud ərzaq ehtiyatı olanlar üçün maska, sosial məsafə ikinci dərəcəli görünür.
Sığınacaq sakinləri çöl divarları dağılmış, dağıntılar içində olan mənzillərinə yuyunmağa, yemək qızdırmağa qalxırlar. Sonra qaçaraq dərhal beton zirzəmilərə qayıdırlar, divarları boyunca çarpayı düzülmüş, döşək salınmış zirzəmilərə.
Gigiyena
Onların ətraf aləmlə təmasları da məhduddur – ya hökumətdən yardım gəlir, ya da ətraf kəndlərdən qohumları onlara baş çəkirlər.
Müəllif zirzəmidə virusun yayılma ehtimalının yüksək olduğunu qeyd edir. Zirzəmidə axar su yoxdur, gigiyenik vasitələr məhduddur.
“Mümkün qədər bu yeri təmiz saxlamağa çalışırıq”, – deyən Rüstəm Əliyev zirzəmidə artan şirə, su butulkalarına xəcalətlə nəzər salır.
Azərbaycan 61 mülki şəxsin həlak olduğunu bildirir. Müxbir yazır ki, burada bombardmandan salamat çıxmaq virus qorxusunu üstələyir.
Yerevan isə 36 mülki şəxsin öldürüldüyünü açıqlayıb.
“Virus ikinci dərəcəlidir. İndi bütün diqqətimiz müharibəyə yönəlib. Bütün diqqətimiz ordadır”, – sığınacağın yeganə qadın sakini Xidgəran Əmrahova deyib.
Onun qonşusu Rəsul Əliyev də bu fikirlə razıdır. “Biz koronavirusdan çox, ermənilər tərəfindən öldürülməməyə çalışırıq”, – o deyib.
Xatırlatma
Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində sentyabrın 27-dən ağır döyüşlərin getdiyi bildirilir. Hər iki tərəfdən itkilər olduğu deyilir. Azərbaycan son günlər 70 civarında kəndi, Cəbrayıl şəhərini, Füzuli şəhərini və Hadrut qəsəbəsini işğaldan azad etdiyini açıqlayıb.
Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.