"Böyük ehtimalla bu məsələnin Qarabağla əlaqəsi var. Ya biz beynəlxalq arenada öz səsimizi yaxşı çatdıra bilmədik, ya da erməni lobbisi daha güclüdür”.
Kanadanın Türkiyəyə silah satışını qadağan etməsi məsələsinə münasibət bildirərkən hüquqşünas Fərhad Mehdiyev "Toplum.Tv”yə belə deyib.
Onun sözlərinə görə, Kanadanın belə qərar verməsinə səbəb erməni lobbisinin Türkiyənin Qarabağda gedən müharibədə "iştirakını” dünyaya yaymağı ola bilər.
Dövlətlərin silah satıb-satmamaqda sərbəst olduğunu bildirən hüquqşünas qeyd edib ki, bu qərar əsaslı olmalıdır.
O, bu addımın heç nəyi dəyişdirmədiyini, nəticə etibarilə Türkiyənin özünün silah istehsalına başladığını söyləyib.
Fərhad Mehdiyev Kanadanın NATO üzrə Türkiyə ilə əməkdaş dövlət olduğunu xatırladaraq, bu davranışın əməkdaşlığa uyğun gəlmədiyini deyib: "Kanada NATO əməkdaşına dəstək vermək əvəzinə Ermənistana tərəf çıxır”.
Oktyabrın 5-də Kanadanın XİN Fransua-Filipp Şampan Türkiyəyə hərbi texnologiya ixracınının dayandırdıqlarını bildirib. Buna həmin texnologiyanın Qarabağ münaqişəsində istifadə olunması səbəb kimi göstərilib.
Xarici KİV-də gedən məlumata görə, söhbət Türkiyənin zərbə PUA-larında istifadə olunan Kanadanın "Wescam” şirkətinin kamera sistemlərindən gedir.
Türkiyə XİN: "Kanada ikili standartlar aparır”
Türkiyənin Xarici İşlər Nazirliyindən Kanadanın bu addımına cavab olaraq bildirilib ki, Azərbaycanın haqlı mübarizəsini səbəb kimi göstərərək bəzi hərbi sursatların Türkiyəyə satışının qadağan edilməsi ikili standartlardan xəbər verir.
Nazirliyin yaydığı açıqlamada deyilib ki, Kanada Yəməndəki hərbi krizə müdaxilə edən ölkələrə silah ixrac etməkdə bir problem görmədiyi halda, NATO müttəfiqinə müdafiə məqsədli hərbi sursatların ixracını qadağan etməsinin heç bir izahı yoxdur.
Nazirlik Kanadanın "Barış Pınarı” Hərəkatından bəri Türkiyəyə hərbi sursat icazəsi məsələsində maneələr yaratdığını vurğulayıb.
Qurum Kanadadan gözləntisinin ikili standartlardan çəkinmək və Türkiyəyə qarşı qrupların təsiri altında qalmadan, eyni zamanda siyasi fayda güdmədən hərəkət etmək olduğunu bildirib.