Ermənistanla döyüşlər Azərbaycan iqtisadiyyatına necə təsir edir?

Ermənistanla döyüşlər Azərbaycan iqtisadiyyatına necə təsir edir?
14 Oktyabr 2020
Mətni dəyiş

Azərbaycan iqtisadiyyatı onsuz da koronavirus pandemiyası və dünya bazarında neftin aşağı qiymətləri fonunda vəziyyəti yaxşı deyildi. Qarabağ cəbhəsində əks-hücum əməliyyatlarının təsiri isə hələ məlum deyil.

Dövlət rəsmləri müharibə şəraitinin iqtisadiyyata necə təsir etməsi barədə heç bir məlumat vermir.

Bəzi iqtisadçıların fikrincə, müharibə iqtisadiyyata təsir etsə də, Azərbaycan bu itkiləri qarşılamaq gücündədir.

Bir neçə ay bundan əvvəl İqtisadiyyat naziri Mikayıl Cabbarov demişdi ki, COVİD-19 pandemiyası dövründə Azərbaycan iqtisadiyyatı gündəlik 120-150 milyon manat itirir.

Azərbaycanla müharibə aparan Ermənistanda da iqtisadi vəziyyət ürəkaçan deyil, beynəlxalq maliyyə qurumları ötən il proqnozlaşdırılan inkişaf rəqəmlərinin bu il olmayacağını açıqlayıb.

Bunun ən böyük sübutu beynəlxalq Fitch Ratings beynəlxalq reytinq agentliyi ölkənin kredit qiymətini aşağı salması olub.

Fitch bir neçə gün əvvəl Ermənistanın reytinqdəki "BB-" olan mövqeyini endirib "B+" səviyyəsinə çatdırdığını açıqlayıb.

Fitch Azərbaycanla bağlı belə bir qərar verməsə də, ilin əvvəlində Azərbaycan haqqındakı proqnozda ölkənin beynəlxalq ehtiyatlarının təqribən 10 milyard dollar azalacağını açıqlamışdı.

Bu, təşkilatın müharibə olmamışdan elan etdiyi nəticə idi, indi isə müharibənin gətirdiyi iqtisadi yük də buna əlavə olunur, iqtisadi şərhçilər belə deyirlər.

"Azərbaycan beş dəfə artıq resursa sahibdir"

BBC News Azərbaycancaya danışan iqtisadi məsələlər üzrə şərhçi Natiq Cəfərli deyib ki, onsuz da pandemiya Azərbaycan iqtisadiyyatına ciddi zərbə vurmuşdu, bir tərəfdən də "bahalı müharibə büdcəyə əlavə yük" olur.

"Təqribən mart ayından başlayaraq, neftin dünya bazarında ucuz qiyməti və pandemiyanın təsirləri Azərbaycan iqtisadiyyatında ciddi problemlər yaratmağa başlamışdı. İndi də rəsmi rəqəmlərə görə, ÜDM azalması 4 faizi keçib, yəni ilin sonuna ÜDM azalması 4,5-5 faiz gözlənilir,"- Natiq Cəfərli deyib.

Bakı
Şəklin alt yazısı,Komendant saatına görə ölkədə ictimi-iaşə obyektləri 21:00-a kimi fəaliyyət göstərə bilir

Amma şərhçi bildirib ki, müharibə iqtisadiyyata təsir etsə də, Azərbaycanın vəziyyəti Ermənistana baxanda "ümidsiz deyil".

Onun sözlərinə görə, əsas problemlər işsizliklə bağlıdır: "Xidmət sahəsi pandemiyadan və müharibə şəraitindən çox ziyan görüb".

Cənab Cəfərli deyib ki, neftin qiymətləri aşağı səviyyədədir, işsizliklə bağlı problemlər artıb, martın 1-dən ölkədə rəsmi 90 min 700 işsiz var idi, amma aprel ayında "hökümət məcbur qalıb 600 min insana işsizliklə bağlı müavinət verməli oldu".

İqtisadi şərhçilər hesab edirlər ki, idman, turizm, böyük ticarət mərkəzləri ölkədə hələ qapalı olduğundan bu sahələrdə "böyük itkilər var".

"Pandemiyada fəaliyyət göstərən sahələrdə də ticarət dövriyyəsi zəifləyib. Komendant saatının olması da ictimai-iaşə obyektlərinə böyük təsir göstərir. Ən yaxşı halda xidmət sektoru axşam saat 8-ə kimi işləyə bilir. Erkən bağlanma xidmət sahəsində ciddi problemlər törədir, dövriyyənin azalması baş verir," - Natiq Cəfərli deyib.

O bildirib ki, "Azərbaycan iqtisadiyyatı Neft Fondunda olan vəsait hesabına, iqtisadiyyatın fəaliyyəti hesabına Ermənistan iqtisadiyyatından ən azı beş dəfə artıq resursa sahibdir. Bu halda iqtisadiyyatın bir müddət davam gətirməsi mümkündür".

Natiq Cəfərli istisna etməyib ki, müharibə uzun çəksə, Azərbaycan iqtisadiyyatı ağır böhranla üzləşə bilər.

İqtisadi məsələlər üzrə şərhçi onu da deyib ki, Azərbaycanın xarici ehtiyatları heç də Fitch beynəlxalq reytinq agentliyinin proqnozlaşdırdığı kimi 10 milyard dollar deyil, 6-7 milyard dollar "əriyə bilər".

"Buna səbəb Azərbaycan neftinin indiki satış qiymətinin ilin əvvəlində olan qiymətinə nisbətən bir az daha sabit, təqribən 40 dollardan bir az yüksək olmasıdır,"- Natiq Cəfərli bildirib.

KOBİA: "160 sahibkarlıq subyektinə ziyan dəyib"

Sentyabrın 27-dən, müharibə başlayandan bəri Ermənistan silahlı qüvvələrinin atəşi nəticəsində 160 sahibkarlıq subyektinə ziyan dəyib, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) açıqlayıb.

Agentlik bildirib ki, quruma, əsasən, Gəncə və Naftalan şəhərləri, Tərtər, Füzuli, Beyləqan, Bərdə, Ağdam, Cəbrayıl və Ağcabədi rayonlarından müraciət edilib.

Məlumatda deyilir ki, atışma nəticəsində daha çox ailə təsərrüfatlarına, ticarət mərkəzlərinə, mağazalara, ictimai iaşə obyektlərinə, çörək sexlərinə, yanacaqdoldurma məntəqələrinə, mehmanxana, apteklər, bərbərxana, bazar və digər sahibkarlıq obyektlərinə müxtəlif dərəcəli ziyan dəyib.

Beyləqan
Şəklin alt yazısı,Ermənistan tərəfinin Beyləqana atəş açması nəticəsində dağılan mülki evlər
"Bu, 90-cı illərdəki Azərbaycan deyil"

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi üzvü Vahid Əhmədov bildirib ki, cəbhə bölgəsində iqtisadiyyat "sərbəst deyil, mütəmadi atışmalar var, mütəmadi mülki əhali, onların təsərrüfatı bombalanır".

Vahid Əhmədovun qənaətinə görə, 2016-cı ildən fərqli olaraq, bu dəfə hərbi əməliyyatlar dayandıqdan sonra bölgəyə dövlət tərfindən böyük dəstək paketi olacaq.

"Yeni tikintilər, istehsal sahələri, mədəni obiyektlər baxımdan - bərpa işləri aparılacaq," - Vahid Əhmədov deyib.

Millət vəkili əlavə edib ki, müharibənin iqtisadiyyata ciddi təsiri olsa da, "indi Azərbaycan 90-cı illərdəki Azərbaycan deyil, indi dayanıqlı iqtisadiyyata malik bir dövlətdir".

"Azərbaycanın kifayət qədər xarici ehtiyatı var. Artıq Azərbaycan 10-dan çox Avropa dövlətinə neft-qaz ixrac edir, ona görə də Azərbaycan üçün iqtisadi ziyanın öhdəsindən gəlmək ciddi problem olmayacaq," - Vahid Əhmədov deyib.

Millət vəkilinin fikrincə, müharibə üzun çəkə bilməz və bu problem qısa müddətdə öz həllini tapmalıdır.

Son beş ildə Azərbaycanın müdafiə xərcləri iki dəfədən çox artıb və 2020-ci ilədə bu rəqəm 3 milyard 800 milyon manatdan çox olub.

Bu il müdafiə xərcləri ümumi dövlət büdcəsi xərclərində təqribən 12 faiz paya malikdir.

Sentyabrın 27-də Azərbaycan Ermənistanın hücum cəhdinə cavab olaraq, bütün cəbhə boyu əks-hücum əməliyyatlarına başladığını bəyan edib.

13 gündən çoxdur ki, davam edən hərbi əməliyyatlar vaxtı Qarabağda cəbhə boyu, eləcə də döyüş bölgəsindən onlarla kilometr üzaqda olan Gəncə, Mingəçevir, Bərdə, Naftalan, Tərtər, Ağcəbədi, Beyləqan kimi şəhərlər artileriya və raket atəşinə məruz qalıb.

Yüzlərlə mülki obiyektə, ticarət və ictimai-iaşə müəssisələrinə ziyan dəyib. Azərbaycanın Baş Prokurorluğu elan edib ki, yaşayış yerlərinin atəşə tutlması nəticəsində 1500-ə yaxın yaşayış evi, 66 çoxmənzilli yaşayış binası və 241 mülki obyekt yararsız vəziyyətə düşüb. Prokurorluq dəyən ziyanın müəyyən edilməsi istiqamətində istintaq aparır.

Prezident İlham Əliyev xarici mətbuata müsahibəsidə deyib ki, işğaldan azad olunan ərazilərdə geniş tikinti-quruculuq işləri aparılacaq.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun