Ermənistan inad etdikcə ‘mühasirəyə düşür’ – Qərb mediası

Ermənistan inad etdikcə ‘mühasirəyə düşür’ – Qərb mediası
26 Oktyabr 2020
Mətni dəyiş

Müəllif dörd həftə ərzində Ermənistanın Dağlıq Qarabağda hərbi fəlakətlə üzləşdiyini qeyd edir.

Müharibə hələ bitməyib, ancaq Ermənistanın Azərbaycanı geri oturda bilməyəcəyi aydındır, “Eurasianet.org” portalında Maykl Kofman belə yazır.

Müəllif dörd həftə ərzində Ermənistanın Dağlıq Qarabağda hərbi fəlakətlə üzləşdiyini qeyd edir. Azərbaycan dronları və artilleriyası qarşı tərəfin qüvvələrini azaldır, geri çəkilməyə məcbur edir. Effektiv əks-hücum əməliyyatı apara, itkilərinin yerini doldura bilməyən Ermənistan əhəmiyyətli əraziləri əldən verir.

Azərbaycanın Laçına doğru irəliləməsinin qarşısını almağa çalışırlar

“Azərbaycanın ilkin əməliyyatları ciddi nəticə verməsə də, son iki həftə ərzində Stepanakertdən (Dağlıq Qarabağın mərkəzi Xankəndi şəhəri) cənubda və İran sərhədi boyunca əhəmiyyətli əraziləri geri ala biliblər. İndi Ermənistan qüvvələri Dağlıq Qarabağı Ermənistana birləşdirən Laçın dəhlizindən tamamilə çıxarılmaq təhdidi ilə üzləşiblər, burası artıq Azərbaycan artilleriyasının əhatə dairəsindədir. Azərbaycanın bir neçə günə bu vacib təchizat xəttini ələ keçirəcəyi, yaxud azından orada maneələr yaradacağı mümkündür. Bu yazı hazırlanarkən Ermənistan qüvvələri döyüş zonasında sabitlik yaratmağa, Azərbaycanın Laçına doğru irəliləməsinin qarşısını almağa çalışırlar. Əməliyyatlar qızışdıqca döyüş xətti də tez-tez dəyişir”, – məqalədə deyilir.

Müəllif qeyd edir ki, artıq Ermənistan Azərbaycanın əldə etdiyi hərbi uğurların əksinə heç nə edə bilməyəcək, inad etməklə qüvvələrini daha da mühasirəyə salacaq. Bakı artıq döyüş perfomansına söykənərək əhəmiyyətli siyasi qələbə qazandığını deyə bilər, amma irəliləməyi dayandırmaq niyyətində də deyil.

Yazıda Azərbaycanın silahlı dronlardan bu dəfə effektiv istifadə etməsindən, Ermənistan qüvvələrinin buna hazır olmamasından söz açılır.

Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində sentyabrın 27-dən ağır döyüşlərin getdiyi bildirilir. Azərbaycan son bir ayda 150 civarında kəndi, Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini, Hadrut, Mincivan və Ağbənd qəsəbələrini işğaldan azad etdiyini açıqlayıb.

Tərəflər düz 3 dəfə humanitar atəşkəslə bağlı razılığa gəldiklərini açıqlayıblar. Ancaq hər dəfə cəbhənin bir çox istiqamətlərdə döyüşlərin davam etdiyi bildirilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun