Ermənistanın keçmiş müdafiə nazirinin müavini, “Yerkrapa” könüllüləri ittifaqının sədri, Xocalı soyqırımında iştirak edənlərdən biri general-leytenant Manvel Qriqoryan reanimasiyaya yerləşdirilib.
Bu barədə Ermənistanın “Aysor” mətbuat orqanı xəbər yayıb. Məlumata görə, Manvel Qriqoryan oktyabrın 7-dən işğal altında olan Dağlıq Qarabağ bölgəsində olub. Səhhəti pisləşdiyi üçün həkimlər ona Qarabağı tərk etməyi məsləhət görüblər.
Generalın xəstəxanaya yerləşdirilməsinin dəqiq səbəbi bəlli olmasa da, onun Azərbaycan hərbçilərinin əlinə keçməsindən ehtiyatlanaraq Yerevana aparıldığı ehtimal edilir.
Manvel Qriqoryan 1956-cı ildə Eçmiədzinin Arşaluys kəndində doğulub. Birinci Qarabağ müharibəsinin fəal iştirakçılarından olan Qriqoryan əsir götürdükləri yüzlərlə azərbaycanlıdan birini dörd il evində qul kimi saxladığını etiraf edib.
Ermənistan silahlı qüvvələrinin hərbçisi kimi işğal altında olan Dağlıq Qarabağ bölgəsində müxtəlif hərbi hissələrdə komandirlik edib, Ermənistan ordusunda korpus komandiri işləyib. 1996-cı ildə general-mayor, 2000-ci ildə general-leytenant ali hərbi rütbəsi alıb. 2000 - 2008-ci illərdə müdafiə nazirinin müavini postunu tutub. 2012 və 2017-ci illərdə Ermənistan Respublika Partiyasının proporsional siyahısından parlamentin deputatı seçilib.
Paşinyan vəzifəyə gələndən sonra həbs etdiyi yüksək vəzifəli, oliqarx şəxslərdən biri də Manvel Qriqoryan olub. O, 2018-ci il iyunun 16-da Milli Təhlükəsizlik Xidməti tərəfindən tutulub və barəsində qanunsuz silah-sursat saxlamaq, özgə əmlakını talamaq ittihamları ilə cinayət işi açılıb.
Ona məxsus ev və ərazilərdən külli miqdarda silah-sursat, hərbi və xüsusi texnika, cəbhə bölgəsi üçün yığılmış tibbi ləvazimat, ərzaq aşkarlanıb. Onun “əsgər payı” adlı ət konserv bankalarının bir hissəsini Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində gizlətdiyi məlum olub.
Deputatın ailəsi cinayətkarlıqla məşğul olub. Ermənistanın keçmiş müdafiə nazirinin müavini, deputat Qriqoryanın həyat yoldaşı Nazik Amiryan əsgərlər üçün nəzərdə tutulan 3 minə yaxın ət konserv bankasını gizlətməyə cəhd edib.