Bu gün səhər saatlarında düşmənin atdığı mərmi Goranboy rayonu, Ağcakənd qəsəbəsində diametri 76 mm olan qaz xəttini zədələyib və bunun nəticəsində bir küçənin qaz təchizatı məhdudlaşdırılıb.
Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin qərargahından məlumat verilib.
Məlumata görə, hazırda Füzuli rayonu üzrə 34 yaşayış məntəqəsi təbii qazla təchiz olunur, yalnız 6 yaşayış məntəqəsinin qaz təchizatı məhdudlaşdırılıb.
Ağcabədi rayonu üzrə ümumi yaşayış məntəqələrinin yarısı qazla tam təmin edilir. Ağdam rayonu üzrə isə cəmi 6 yaşayış məntəqəsi təbii qazla təchiz olunub, digərlərində məhdudlaşdırma var.
Beyləqan və Bərdə rayonları tam olaraq təbii qazla təmin edilib. Tərtər rayonu tam olaraq və Goranboy rayonunun Tapqaraqoyunlu kəndinin qaz təchizatı təhlükəsizlik tədbiri olaraq hələlik bərpa olunmayıb.
Qeyd edək ki, döyüşlərin getdiyi rayonlar üzrə (Tərtər Regional qaz istismarı İdarəsinin xidmət sahəsi) ümumilikdə 70% abonentin qaz təchizatı təmin edilir, 30% abonentin isə qazla təchizatında məhdudiyyətlər qalmaqdadır.