Azərbaycan-Ermənistan qarşıdırması: İran sülh planı hazırlayır, Çeçenistan nazirindən Bakıya dəstək, müharibə bölgə düzənini "poza bilər", dünya mətbuatı nə yazır?
Britaniyanın nüfuzlu The Times qəzetinə əsasən, Qafqazın "ucqar bölgəsində" yenilənmiş döyüşlər daha böyük güclərin cəlb olunması təhlükəsini yaradır.
"Risklər çox yüksəkdir və onlar Qafqazla məhdudlaşmır", -qəzet yazır.
"Çünki qarşıdurmanın şiddətlənməsi Aralıq dənizinin şərqində, Suriyada nisbi sülhü saxlayan həssas ittifaqlar düzənini da poza bilər,"- "The Times" qeyd edir.
Ermənistan və Azərbaycan bir-birlərini iri şəhərlər üzərinə zərbə endirməkdə günahlandırarkən, İran qarşıdurmaya son qoyacaq sülh planı üzərində işlədiyini açıqlayıb, İndependent qəzeti bildirir.
Bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü bəyanat yayıb.
Səid Xətibzadənin sözlərinə görə, Tehranın hazırladığı "çərçivə planı" Azərbaycan və Ermənistan, eləcə də bölgə ölkələri və qonşuları ilə məsləhətləşmələr əsasında tərtib olunub.
Cənab Xatibzadə müharibə nəticəsində İran ərazilərinin atəşə tutulması ilə bağlı xəbərdarlıqla çıxış edərək deyib ki, sərhədlərə qarşı istənilmədən belə həyata keçirilən hər hansı "təcavüz qırmızı xətdir".
Aljazeera kanalı silahlı qarşıdurmada əsas şəhərlərin hədəfə alındığını yazır.
"İkinci həftədir ki, tərəflər mübahisəli Dağlıq Qarabağ bölgəsi ilə bağlı toqquşmaları davam etdirərkən, bir-birlərini mühüm şəhərləri hədəfə almaqda və mülkilərin həyatını təhlükəyə atmaqda günahlandırırlar," - kanalın online saytında deyilir.
Britaniyanın Guardian qəzeti mühüm enerji boru kəmərləri ilə yanaşı Rusiya, Türkiyə və İran üçün strateji əhəmiyyət kəsb edən ərazilərdə gərginliyin artmasının dinc əhaliyə təsirindən yazır.
Qəzet ehtiyat edir ki, mülki hədəflərə zərbələr dinc əhali arasında itkiləri artıra bilər. O, həmlələrə məruz qalan Xankəndində (Stepanakert) sakinlərin həftə sonu zirzəmilərə sığındığını bildirir.
Tanınmamış Qarabağ hakimiyyəti Azərbaycanın beynəlxalq humanitar qanunla qadağan olunmuş kasset silahlarından istifadədə ittiham edib, məqalədə deyilir.
Azərbaycan Müdafiə Nazirliyinə əsasən, bazar ertəsi günü Ermənistan silahlı qüvvələri ölkənin ikinci böyük şəhəri Gəncəyə atəş açmazdan öncə üç şəhəri atəşə tutub. "Dağlıq Qarabağ" liderinin dediyinə görə, bu mülki yaşayış yerlərinə hücumlarla bağlı intiqam aktı idi. Rəsmi Bakı Gəncəyə hücum nəticəsində ölən və yaralananların olduğunu bildirib.
Çeçenistanın səhiyyə naziri Ermənistanla silahlı qarşıdurmada Azərbaycana açıq dəstəyini bildirib, Jamestown.org saytı bildirir."Bu gün vətənimə və ölkəmə dəstək sözlərimi bildirmək istəyirəm!" - Elxan Süleymanov özünün İnstagram hesabında yazıb.
Qarabağ uğrunda döyüşlərin Çeçenistanda necə qarsılandığını təhlil edən məqalədə deyilir ki, Çeçenistan liderindən başqa, Rusiya bölgələrinin rəhbərləri beynəlxalq gündəmə dair, adətən, bəyanatlar verməzlər.
Ramzan Kadırovun açıqlamaları isə, Kremlin rəsmi xəttini nəql edir. Sentyabrın 27-də o, hər iki tərəfi qan tökülməsinə son qoymağa çağırıb.
Bu arada son zamanlar Türkiyə ilə Aralıq dənizindəki yataqlarla bağlı mübahisə edən Yunanıstan mətbuatında Qarabağ qarşıdurması da müzakirə olunur.
Yunanıstan parlamentinin üzvü Maximos Harakopoulosun etiraz əlaməti olaraq, Yunanıstan-Azərbaycan parlament dostluq qrupundan istefa verdiyini bildirir, greektimes.com yazır.
Məqaləyə görə, buna əsas səbəblərdən biri - Türkiyənin Qarabağda "qanlı hücumları" dayandırmaqdan imtina etməsi və Yunanıstanın Azərbaycandakı yeni səfirinə etimadnamələr verilərkən, göstərilən rəftardır.
Bu barədə Maximos Harakopoulos-un Yunanıstan parlament sədrinə göndərdiyi məktubda deyilir.