Döyüşün ‘dadını çıxaranlar’ – Qərb mediası

Döyüşün ‘dadını çıxaranlar’ – Qərb mediası
12 Oktyabr 2020
Mətni dəyiş

"Financial Times" qeyd edir ki, Putinin qonşularına nəzarəti itirdiyini güman etmək üçün tezdir.

Rusiya Prezidenti Vladimir Putin keçmiş Sovet İttifaqında nüfuz dairəsini genişləndirmək üçün ağlasığmaz addımlar atdı, Gürcüstanın, Ukraynanın ərazisini işğal etdi. Amma qonşu ölkələrdə bu qədər münaqişə ilə eyni vaxtda üzləşəcəyini bəlkə də ağlına gətirməzdi. “The Financial Times” redaksiya məqaləsində belə yazır.

Putinin əlüstü qazancları

Hazırda Belarus və Qırğızıstan mübahisəli seçkilərdən sonra “qaynayır”. Azərbaycanla Ermənistan qüvvələri isə Dağlıq Qarabağ regionunda döyüşür, Azərbaycan işğal altında olan torpaqlarını azad etməyə çalışır.

Qəzet qeyd edir ki, Putinin qonşularına nəzarəti itirdiyini güman etmək üçün tezdir. Əvvəllər də oxşar əngəllər yaranıb, vaxtilə Kreml Gürcüstan və Ukraynada rəngli inqilablara yoluxmaqdan qorxurdu. Kiyevdə iki dəfə rusiyapərəst lideri hakimiyyətə gətirməyə cəhd elədi. Bu ölkənin içərisinə soxulsa da, bir çox ukraynalının sevgisini əldən verdi.

“The Financial Times” yazır ki, qısa müddətdə sözügedən ölkələrdə çaxnaşma Putinə nəzarətini gücləndirmək şansı verir. Məsələn, Lukaşenka siyasi salamatlığı üçün Moskvadan tamamilə asılıdır. Ermənistana Rusiyanın hərbi yardımı lazımdır. Ancaq öz xalqının hesabına müttəfiqlərini dəstəkləmək yaxşı nəticə verməyə bilər. Üstəlik, keçmiş sovet respublikalarının seçdiyi avtoritarizm getdikcə qeyri-sabit forma alır – korrupsiya və hüquqların təmin olunmamasının doğurduğu ictimai qəzəb istənilən an partlaya bilər. “20 ildir hakimiyyətdə olan, daha 16 il qala biləcək bir liderə bu, ağır başa gələ bilər”, – məqalədə vurğulanır.

ABŞ işə qarışmasa...

“The Washington Post” qəzetində Ceyson Rezayan yazır ki, xarici ölkələrin münaqişəylə bağlı tutduğu mövqe nə iki ölkənin əhalisi, nə də regionda sabitlik üçün yaxşı bir şey vəd edir. Özəlliklə Birləşmiş Ştatların məsələdə aktiv diplomatik rol oynamaq istəməməsi pərtlik yaradır.

“Birləşmiş Ştatlar diplomatik proseslərə daha aktiv müdaxilə edərsə, atəşkəs məsələsində əməkdaşlıq etməyin, sülh danışıqlarına qayıtmağın yollarını taparsa, bu, proseslərə yalnız töhfə verə bilər”, – Beynəlxalq Böhran Qrupunun Cənubi Qafqaz üzrə təhlilçisi Zaur Şiriyev deyib.

Müəllif qeyd edir ki, davamlı sülhü ABŞ-ın diplomatik liderliyi olmadan təsəvvür etmək çətindir, çünki region ölkələrindən nə Türkiyə, nə İsrail, Rusiya, yaxud İran neytral olduğunu deyə bilməz.

İndilik bayram edənlər...

Karnegi Fondunun aparıcı əməkdaşı Tomas de Vaal isə “The Guarduan” qəzetində Dağlıq Qarabağın əsasən unudulmuş faciə olduğunu qeyd edir.

Müəllif müharibə ilə bağlı məhdud informasiya gəldiyini, hər iki tərəfin bombalandığını, mülki şəxslər, hərbçilər arasında itki olduğunu yazır. Paralel olaraq televiziya və sosial mediada informasiya müharibəsi aparılır. Məqalədə oxuculara münaqişənin tarixindən, Azərbaycanın və Ermənistanın arqumentlərindən söz açılır.

Tomas de Vaal qeyd edir ki, yeni münaqişə canlar alır, yeni nəsil arasında qəzəb doğurur. Döyüşlərin öz məntiqi var və Azərbaycan fasilə qərarı verəndə dayana bilər.

“Həmin an gələndə isə Türkiyənin Azərbaycan tərəfdən fəal rolu yeni mürəkkəbləşdirici faktor kimi ortaya çıxır. Prezidentlər Erdoğan və Putin ermənistanlılar və azərbaycanlılar üzərinə öz maraqlarına uyğun yeni həll variantı qoya bilərlər, ancaq bu zaman humanitar prinsiplər, iki ölkənin Avropanın tərkib hissəsi olması iddiaları nəzərə alınmaya bilər. Bir əsr öncə, 1920-21-ci illərdə Leninlə Atatürk də eynən belə etmişdi”, – müəllif yazır.

Daha bir variant isə avropalıların və güman ki post-Tramp Birləşmiş Ştatlarının çoxtərəfli konfrans keçirməyə cəhd göstərməsidir. 1992-ci ildə də belə cəhd olmuşdu.

“Hazırda bu, yaman uzaq görünür. Bu günün dadını isə qatı millətçilər çıxarırlar – Erdogan Türkiyəsi və hər iki tərəfi silahla təchiz edən, silahlar qurtaran kimi yenisini satmağa hazır olan Rusiyanın müdafiə sənayesi”, – de Vaal vurğulyır.

Xatırlatma

Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində sentyabrın 27-dən ağır döyüşlər gedir. Azərbaycan son günlər 30-dan çox kəndi, Cəbrayıl şəhərini və Hadrut qəsəbəsini işğaldan azad etdiyini açıqlayıb.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib. Sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun