Donald Trampın seçilməməsi üçün ianələr toplanır

Donald Trampın seçilməməsi üçün ianələr toplanır
15 Oktyabr 2020
Mətni dəyiş

ABŞ-da son vaxtlar 8 milyarder qarşıdakı prezident seçkilərində Respublikaçılar Partiyasının lideri, hazırkı dövlət başçısı Donald Trampın qələbə çalmaması üçün ianə verib.

“Report” “Forbes”ə istinadən xəbər verir ki, keçmiş respublikaçı liderlər Con Makkeyn, Corc Buş, Dik Çeyni tərəfindən ötən ilin sonunda yaradılmış “Linkoln layihəsi” (Lincoln Project) adlı siyasi komitəyə bu məqsədlə 1 milyon dollar ianə neft sahibkarı Pol Gettinin varisi Qordon Getti tərəfindən təqdim olunub.

Həmçinin “Hyatt” mehmanxanalar şəbəkəsinin sahibi Con Pritzker 100 min dollar verib. Qalan altı nəfər isə 1 000 dollardan 10 000 dollaradək nisbətən kiçik məbləğdə ianələr veriblər.

Bununla da ilin əvvəlindən Trampın seçilməməsi üçün adıçəkilən komitəyə ianə verən zənginlərin sayı 15 nəfərə çatdı. Daha əvvəl vəsait ayıranlardan prodüser David Geffen 200 min dollar ayırıb. Bütövlükdə isə bu il “Linkoln layihəsi”nə 58,4 milyon ABŞ dolları, o cümlədən iyul – sentyabr ayları ərzində 39,4 milyon ABŞ dolları daxil olub.

Xatırladaq ki, bu il noyabrın 3-də keçiriləcək seçkilər zamanı prezident, vitse-prezident, Nümayəndələr Palatasının 435 üzvü, Senat üzvlərinin üçdə biri, habelə 13 ştat və bölgənin qubernatorları müəyyən ediləcək.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun