Canlı bloq: Qarabağ müharibəsinin 12-ci günü [yenilənir]

Canlı bloq: Qarabağ müharibəsinin 12-ci günü [yenilənir]
8 Oktyabr 2020
Mətni dəyiş

17:24

"Düşmən hərbi kolonu darmadağın edilib".
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Məlumatda deyilir: Gündüz saatlarında yerdəyişməyə cəhd göstərən düşmənin döyüş texnikası artilleriya atəşi ilə məhv olunub. Düşmən hərbi kolonu darmadağın edilib.
[embed]https://www.youtube.com/watch?v=mAHWU-Cynag[/embed] 16:53

Şuşa şəhərində kilsənin zərər çəkməsi barədə məlumatın Azərbaycan Ordusunun döyüş fəaliyyəti ilə heç bir əlaqəsi yoxdur.

Bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, oktyabrın 4-də Gəncəni atəşə tutarkən şəhərdəki mülki obyektlər, yaşayış binaları, o cümlədən dini memarlıq abidəsi olan İmamzadə kompleksinə ziyan yetirən Ermənistan silahlı qüvvələrindən fərqli olaraq Azərbaycan Ordusu tarixi, mədəni, xüsusilə də dini tikililər və abidələri hədəfə almır. 14:13

Baş Prokurorluq sentyabrın 27-dən oktyabrın 8-i saat 13:00-dək erməni təxribatları nəticəsində dinc əhaliyə qarşı törədilmiş cinayətlərin statistikasını açıqlayıb.

Statistikanı təqdim edirik:

Həlak olmuş dinc sakinlərin sayı – 31 Yaralanmış dinc sakinlərin sayı – 154 Yararsız vəziyyətə düşmüş yaşayış evlərinin sayı - 928 Yararsız vəziyyətə düşmüş mülki obyektlərin sayı – 133 Yararsız vəziyyətə düşmüş çoxmənzilli yaşayış binalarının sayı - 45 13:51

“Azərbaycanın Bərdə və Tərtər şəhərlərini, həmçinin dinc sakinləri atəşə tutan Ermənistanın “Qrad” yaylım atəş sistemi dəqiq zərbə ilə məhv edilib".

Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter”də yazıb.

“Çox sayda günahsız insanların həyatı xilas edilib və mülki infrastruktura mümkün zərərin qarşısı alınıb”, - o əlavə edib.

13:11

Ermənistan silahlı qüvvələri Bərdə rayonu ərazisinə “Toçka-U” taktiki raket kompleksindən atəş açıblar.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

13:08

Cəbhədə şiddətli döyüşlər davam edir.

Bu barədə "Report"un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı xəbər verir.

Ermənistan silahlı qüvvələrinin bölmələri Bərdə rayon ərazisini yenidən atəşə tutub, dinc sakinləri hədəf alıb.

Düşmənin növbəti dəfə atdığı mərmilərindən biri rayon ərazisində yerləşən 5 nömrəli tam orta məktəbin həyətinə düşüb. Xoşbəxtlikdən top mərmisi partlamayıb. Hazırda dəymiş ziyan araşdırılır.

Döyüşlər davam edir.

Qeyd edək ki, Azərbaycanın Baş Prokurorluğu ermənilərin Bərdəni atəşə tutması nəticəsində 7 mülki şəxsin yaralanması barədə məlumat yayıb.

12:40

Müdafiə Nazirliyi: Gecə döyüşləri zamanı Ermənistan silahlı qüvvələrinin hərbi hissəsinin qərargahı, infrastrukturu və silah-sursat anbarlarına endirilən artilleriya zərbələrinin videogörüntüsü

[embed]https://youtu.be/H5SFWv8hpmY[/embed]

11:53

Ermənistan silahlı qüvvələrinin Bərdə şəhərini atəşə tutması nəticəsində bir neçə nəfər yaralanıb.

“Report”un cəbhə bölgəsinə ezam olunan müxbiri xəbər verir ki, ilkin məlumata görə, 3 nəfər xəsarət alıb. 11:30

"Təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq dinc əhaliyə qarşı terror əməllərini davam etdirir"

Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, işğalçı ölkənin silahlı qüvvələrinin yaşayış məntəqələri və silahsızlaşdırılmış zonalar, habelə hərbi hədəf olmayan, aydın görünən və fərqləndirilən obyektlər, o cümlədən mülki əhalini hədəfə almaqla 08.10.2020-ci il tarixdə səhər saatlarından başlayaraq Ağdam rayonunu müxtəlif istiqamətlərdən raket və artilleriya mərmilərindən intensiv atəşə tutmuşdur.

08.10.2020-ci il tarixdə saat 08 radələrində Böyükbəyli kənd sakinləri 1992-ci il təvəllüdlü Cəbrayıllı Sədi Bəbir oğlu və 1977-ci il təvəllüdlü Quliyeva Hürü Talış qızı avtomaşınla yol gedərkən Alıbəyli kəndi ərazisində mərmi düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilmiş, o cümlədən kənd ərazisində çoxsaylı mülki infrastruktur obyektlərə və yaşayış evlərinə külli miqdarda ziyan dəymişdir.

Hazırda prokurorluq əməkdaşları tərəfindən döyüş şəraitində mümkün olan bütün istintaq-əməliyyat tədbirləri həyata keçirilir. 11:28

Ermənistan silahlı qüvvələri Bərdə şəhərini atəşə tutur.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

10:37

Təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq dinc əhaliyə qarşı terror əməllərini davam etdirir.

Baş Prokurorluqdan verilən məlumata görə, işğalçı ölkənin silahlı qüvvələri yaşayış məntəqələrini və silahsızlaşdırılmış zonaları, habelə mülki əhalini hədəfə almaqla raket və artilleriya mərmilərindən 08.10.2020-ci il tarixdə səhər saatlarından başlayaraq Goranboy rayonunu müxtəlif istiqamətlərdən atəşə tutub.

08.10.2020-ci il tarixdə saat 06 radələrində rayonun Aşağı Ağcakənd qəsəbəsi ərazisinə top mərmilərinin düşməsi səbəbindən orada yerləşən Xocalı Rayon Polis Şöbəsinin inzibati binasına, o cümlədən qəsəbə ərazisində çoxsaylı mülki infrastruktur obyektlərə və yaşayış evlərinə, Qaraçinar tam orta kənd məktəbinə külli miqdarda ziyan dəyib.

Hazırda prokurorluq əməkdaşları tərəfindən döyüş şəraitində mümkün olan bütün istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

10:17

Bu barədə "Report"un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı xəbər verir.

Ermənistan silahlı qüvvələrinin bölmələri Ağdam rayon ərazisini yenidən atəşə tutub, dinc sakinləri hədəf alıb.

Düşmənin növbəti dəfə atdığı mərmilərindən biri rayon ərazisinə düşüb. Nəticədə 2 mülki şəxs yaralanılıb.

Hazırda döyüşlər davam edir.

09:35

Azərbaycan Ordusunun Qarabağın azadlığı uğrunda apardığı əks-hücum əməliyyatı nəticəsində seperatçıların liderlərindən biri olan Yervand Qaciyan məhv edilib.

Bildirilib ki, o, Ermənistan ordusunun tərkibində döyüşürmüş.

Məlumata əsasən, Ermənistan hakimiyyəti döyüşə yeni qüvvə cəlb etməkdə çətinlik çəkir. Ölkə vətəndaşları öz övladlarını döyüşə göndərmək istəmir. Erməni icmasının nümayəndələri də döyüşdən yayınır, Qarabağdan qaçırlar. “BBC”nin məlumatına əsasən, minlərlə erməni Qarabağı tərk edib. Ermənistan hakimiyyəti onların bir hissəsini Gorusda yerləşdirib. 09:18

"Təcavüzkar Ermənistan beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq dinc əhaliyə qarşı terror əməllərini davam etdirir"

Baş Prokurorluqdan verilən məlumata görə, Ermənistanın hərbi-siyasi rəhbərliyinin göstərişi ilə işğalçı ölkənin silahlı qüvvələrinin yaşayış məntəqələri və silahsızlaşdırılmış zonalar, habelə hərbi hədəf olmayan, aydın görünən və fərqləndirilən obyektləri, o cümlədən mülki əhalini hədəfə almaqla 08.10.2020-ci il tarixdə saat 07 radələrində Goranboy rayonun Şahməmmdli kəndini ağır artileriyadan atəşə tutması nəticəsində həmin kənd sakini 1957-ci il təvəllüdlü Quliyeva Türyan Tofiq qızı yaşadığı evdə həlak olmuş, yaşadığı evə isə maddi ziyan dəyib.

Bundan başqa, düşmən ölkənin silahlı qüvvələri tərfindən 08.10.2020-ci il tarixdə saat 04 radələrində Gəncə şəhərinə raket zərbələri endirilməsi nəticəsində bir neçə mülki obyektə, 1 avtomobilə və bir neçə yaşayış binasına maddi ziyan dəyib.

Hazırda prokurorluq əməkdaşları tərəfindən hadisənin təfərrüatlarının müəyyən edilməsi istiqamətində zəruri istintaq tədbirləri həyata keçirilir. Nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir.

09:17

Səhər saatlarından başlayaraq Ermənistan silahlı qüvvələri Goranboy, Tərtər, Ağdam rayonlarının kəndlərini artilleriya atəşinə tutur.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Ermənistanın açdığı atəşlər nəticəsində ölən və yaralananlar var. Ordumuz adekvat tədbirlər görür.

 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun