Azərbaycan və Ermənistan arasında sentyabrın 27-dən başlanan döyüşlərdə Azərbaycan tərəfi Cəbrayıl şəhərini və Cəbrayıl rayonunun 20-yə yaxın kəndini azad etdiyini bildirir, ancaq Dağlıq Qarabağda olan rus jurnalistlərin sosial mediada yaydığı məlumatlara görə, hazırda Cəbrayıl şəhəri uğrunda döyüşlər gedir.
Azərbaycanın azad etdiyini dediyi kəndlərdən biri Çaxırlı kəndidir. Çaxırlının azad edilməsindən sonra Azərbaycan Müdafiə Nazirliyi kənddən video görüntülər yayıb.
Cəbrayıl rayonu Azərbaycanın İranla sərhədində yerləşir. Rayon 1993-cü ildə Füzuli rayonu ilə bir gündə, yəni avqustun 23-də işğal edilib. Ondan sonra bura "Crakan" adlandırılıb.
Cəbrayıl Rayon İcra Hakimiyyətindən BBC News Azərbaycancaya verilən məlumata görə, işğaldan əvvəl Çaxırlı kəndində 100 ailə olub və ümumilikdə 530 nəfər yaşayıb.
İndi isə bu kənd əhalisinin sayı 906 nəfər - 197 ailədir.
Hazırda kənd sakinlərinin əksəriyyəti Biləsuvar rayonu ərazisindəki qəsəbələrdə, Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda məskunlaşıb, qurum bildirir.
Kənddə mövcud olan infrastruktur obyektləri isə klub, inzibati bina və mal-qara ferması olub.
"Çaxırlı kənd camaatı əsas kolxozda əkinçiliklə məşğul idi. Maldarlıqla da məşğul idi. Üzüm bağları becərib dövlətə üzüm təhvil verirdilər. Şəxsi təsərrüfatı ilə məşğul olanlar çox idi. Ziyalılarımız da çox idi. Çox gözəl yaşayışımız var idi", Çaxırlı kənd sakini Səbuhi Hüseynov deyir.
Cəbrayıl Rayon İcra Hakimiyyətinin Çaxırlı kənd nümayəndəliyindən deyirlər ki, işğaldan sonra o kənddə əhali yaşamayıb, çünki "orada ev qalmamışdı".
Azərbaycan hakimiyyətinin son günlərdə yaydığı məlumata görə, Cəbrayıl şəhəri və Cəbrayil rayonunun Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy, Quycaq, Şıxəli Ağalı, Sarıcalı, Məzrə, Karxulu, Şükürbəyli, Yuxarı Maralyan, Çərəkən, Daşkəsən, Horovlu, Decal, Mahmudlu, Cəfərabad, Böyük Mərcanlı və Nüzgar kəndləri işğaldan azad olunub.
Amma Azərbaycan Müdafiə Nazirliyi deyir ki, hələ də işğaldan azad edilməyən kəndlər qalmaqdadır.
[embed]https://www.youtube.com/watch?v=sVwKBlk3mAM&feature=emb_logo[/embed](BBC Azərbaycanca)