BMT TŞ-də Fransa və Rusiya Dağlıq Qarabağla bağlı hazırladığları bəyanat layihəsini geri götürüblər

BMT TŞ-də Fransa və Rusiya Dağlıq Qarabağla bağlı hazırladığları bəyanat layihəsini geri götürüblər
23 Oktyabr 2020
Mətni dəyiş

Azərbaycan prezidentinin köməkçisi, xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev BMT Təhlükəsizlik Şurasında Ermənistan-Azərbaycan münaqişəsilə bağlı keçirilən müzakirələrə münasibət bildirib.

25 illik fasilədən sonra 29 sentyabr və 19 oktyabrda BMT Təhlükəsizlik Şurasında Ermənistan-Azərbaycan münaqişəsinə dair müzakirələr keçirilib.

1993-cü ildə BMT Təhlükəsizlik Şurasının Azərbaycan ərazilərinin işğalı ilə əlaqədar 822, 853, 874 və 884 saylı dörd qətnaməsinin qəbul olmasına baxmayaraq, BMT TŞ-də Ermənistan-Azərbaycan münaqişəsilə əlaqədar sonuncu müzakirələr 1995-ci ildə keçirilib.

 “19 oktyabrda BMT TŞ-də Ermənistan-Azərbaycan münaqişəsilə əlaqədar keçirilmiş müzakirələrdən sonra TŞ-nin sədri adından bəyanat layihəsi hazırlanıb. Bəyanat layihəsində BMT TŞ-nin məlum qətnamələrinə istinad öz əksini tapmayıb. Sözügedən layihə əsasən Rusiya  və Fransa tərəfindən hazırlanıb. BMT TŞ-nin qeyri-daimi üzvləri olan və Qoşulmama Hərəkatının üzvü olan İndoneziya, Niger, Tunis, Vyetnam, Cənubi Afrika, Sent Vinsent və Qrenadin və Dominikan Respublikası iki dəfə sükut prosedurunu pozaraq BMT TŞ qətnamələrinə istinadın bəyanata daxil edilməsinə israr ediblər.

Bununla həmin dövlətlər BMT Nizamnaməsinə, beynəlxalq hüququn norma və prinsiplərinə, BMT TŞ-nin qətnamələrinə, Bandunq prinsiplərinə, Qoşulmama Hərəkatının sənədlərinə sadiqliyini növbəti dəfə nümayiş etdirib”, - Azərbaycan prezidentinin köməkçisi qeyd edib.

H.Hacıyevin sözlərinə görə, Qoşulmama Hərəkatına üzv dövlətlərin israrlı və prinsipial mövqeyindən sonra haqqında bəhs olunan bəyanat layihəsi rəsmən geri götürülüb.

“Prezident İlham Əliyev İndoneziya, Niger, Tunis, Vyetnam, Cənubi Afrika, Sent Vinsent və Qrenadin və Dominikan Respublikasına həmrəylik göstərərək ədalətli və prinsipial mövqelərinə görə təşəkkürünü ifadə edir. Bildirir ki, Qoşulmama Hərəkatının sədri kimi 2019-cu ildə Bakıda keçirilmiş XVIII zirvə toplantısında çıxışında dediyi kimi bundan sonra da üzv dövlətlərin maraqlarını, beynəlxalq hüququ və ədaləti BMT-də və digər beynəlxalq təşkilatlarda müdafiə edəcək”. Qoşulmama Hərəkatının sədri qismində prezident İlham Əliyev Hərəkatın üzv ölkələrinə müraciət edərək Bandunq prinsipləri əsasında həmrəyliyə, birliyə və qarşılıqlı dəstəyə çağırır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun