BMT-nin İranın tanklar və döyüş təyyarələri kimi xarici silahlar almasına qadağa qoyan on illik silah embarqosunun müddəti ABŞ-ın etirazlarına baxmayaraq, dünya güdrətləri ilə nüvə razılaşması çərçivəsində planlaşdırıldığı kimi bazar günü sona çatıb.
Silah almağı planlaşdırmadığında israr etməsinə baxmayaraq, İran 1979 İslam İnqilabından əvvəl isrtehsal edilmiş hərbi silahları müasirləşdirmək üçün silah ala və ölkədə istehsal edilən silahları xaricə sata bilər. Lakin İran iqtisadiyyatı ABŞ-ın tətbiq etdiyi sanksiyalar nəticəsində ciddi zərərlə qarşılaşıb və eyni zamanda digər ölkələr Amerika tərəfindən maliyyə ölçüləri təhlükəsi ilə Tehranla silah müqavilələrindən çəkinə bilər.
İslam Respublikası silah embarqosunun sona çatmasını ABŞ-ın səylərinə qarşı çıxaraq, “beynəlxalq ictimaiyyət üçün əlamətdar bir gün” adlandırıb. Tramp administrasiyası 2018-ci ildə çıxdığı nüvə razılaşmasında bir bəndə əsasən, BMT-nin İrana qarşı bütün sanksiyalarını yenidən tətbiq etdiyini israrla bildirirdi.
"İranın dünya ilə müdafiə sahəsində əməkdaşlığının bu gün normallaşması regionumuzda çoxtərəflilik, sülh və təhlükəsizlik üçün qələbədir", İranın Xarici işlər naziri Məhəmməd Cavad Zərif Twitter səhifəsində yazıb.
Birləşmiş Millətlər Təşkilatı Tehranın nüvə proqramı ilə əlaqədar gərginlik fonunda 2010-cu ildə İranın böyük xarici silah sistemləri almasını qadağan etmişdi. Bundan əvvəlki embarqo İranın silah ixracatını hədəf almışdı.
ABŞ-ın Müdafiə Kəşfiyyat Agentliyi 2019-cu ildə İranın embarqonun sona çatacağı təqdirdə Rusiyaya məxsus Su-30 qırıcı təyyarələri, Yak-130 təlim təyyarələri və T-90 tanklarını almağa çalışacağını proqnozlaşdırmışdı. Agentlik həmçinin Tehranın Rusiyadan S-400 zenit raket kompleksi və Bastian sahil müdafiə raket kompleksi də almağa cəhd göstərə biləcəyini bildirmişdi. Bununla yanaşı, Çin də İrana da silah sata bilər.
ABŞ-ın dəstəklədiyi Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri kimi ABŞ-dan milyardlarla dollar dəyərində müasir silahlar alan Körfəz ölkələri uzun müddətdir İranı üstələyirdi. Tehran buna cavab olaraq, diqqəti yerli ballistik raketlər istehsalına yönəltmişdi.
İran Körfəz regionundakı ərəb ölkələri tərəfindən ABŞ istehsalı olan müdafiə avadanlığının alınmasını "çox gəlirli silah sövdələşmələri" kimi kəskin tənqid edərək, bu silahların bir hissəsindən Yəməndə davam edən müharibədə istifadə edildiyini bildirib. Bu qarşıdurmada Yəmənin beynəlxalq səviyyədə tanınmış hökumətini dəstəkləyən Səudiyyə Ərəbistanının başçılığı ilə koalisiya İranın dəstəklədiyi üsyançı qüvvələrə qarşı çıxır.
BMT-nin silah embarqoları İranın avtomatlardan tutmuş ballistik raketlərə qədər Yəməndə Husi üsyançılarına silah göndərməsinin qarşısını almayıb. Tehran Husi üsyançılarını silahlandırdığını inkar etsə də, Qərb hökumətləri və silahlar üzrə ekspertlər dəfələrlə İran silahlarını üsyançılarla əlaqələndiriblər.
Körfəz regionunda silah embarqosunun müddətinin uzadılmasını dəstəkləyən altı ərəb ölkəsi İranın Yəmənə silah tədarükünü qeyd edərək, İrana hər hansı bir silah satışının bərpasına etiraz edib. BMT Təhlükəsizlik Şurasına göndərdikləri məktubda onlar yanvar ayında İranın səhvən Ukrayna sərnişin təyyarəsini vurduğunu və İran Hərbi Dəniz Donanamasının təlim zamanı raket atəşi nəticəsində 19 dənizçini səhvən öldürdüyünü qeyd edib.
BMT həmçinin 2019-cu ildə Səudiyyə Ərəbistanının əsas xam neft emalı zavoduna hücumu İranla əlaqələndirib. Tehran bu iddiaları rədd edib və Yəməndə Husi üsyançıları hücumun məsuliyyətini öz üzərinə götürüb.