BMT-nin baş katibi Antonio Quterreş Dağlıq Qarabağda hərbi əməliyyatların davam etdirilməsini qınayır və tərəfləri döyüşləri dərhal dayandırmağa çağırır. Bu barədə BMT baş katibinin sözçüsü Stefan Ducarriçin açıqladığı bəyanatda bildirilir.
Bəyanatda BMT baş katibinin beynəlxalq ictimaiyyət tərəfindən döyüşlərin dərhal dayandırılmasına dair dəfələrlə edilən çağırışlara baxmayaraq, Dağlıq Qarabağ münaqişəsi zonasında eskalasiyanın artmasını qınadığı deyilir.
“O, yaşayış məntəqələrinin hədəf alınması da daxil olmaqla hərbi əməliyyatların genişləndirilməsi barədə xəbərlərdən ciddi şəkildə narahatdır. O bütün tərəflərə beynəlxalq humanitar hüquq çərçivəsində mülki şəxslər və mülki infrastrukturu qorumaq haqda öhdəliklərini xatırladır” – deyə, bəyanatda bildirilir.
“BMT baş katibi münaqişənin hərbi həll yolu olmadığını vurğulayır və tərəfləri dərhal bütün hərbi əməliyyatları dayandırmağa çağırır”, bəyanatda qeyd edilir.
Bəyanatda həmçinin BMT baş katibinin döyüşlərə təcili olaraq son qoymaq və ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi ilə danışıqlara qayıtmaq üçün bütün müvafiq regional və beynəlxalq oyunçulardan öz təsirlərini fəal şəkildə istifadə etməyə çağırdığı deyilir.