Baş prokuror: “Ermənistanın hücumları 63 nəfərin həyatına son qoyub”

Baş prokuror: “Ermənistanın hücumları 63 nəfərin həyatına son qoyub”
22 Oktyabr 2020
Mətni dəyiş

Sentyabrın 27-dən indiyə qədər Ermənistanın hücumları nəticəsində 63 mülki şəxs həyatını itirib. Ölənlərin 18-i qadın, 8-i uşaqdır.

Bu barədə baş prokuror Kamran Əliyev Tacikistan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Rustam Soli ilə görüşündə məlumat verib.

Baş prokuror bildirib ki, müharibə başlayan gündən 293 nəfər  yaralanıb. Yaralananlardan 69-u qadın, 32-i isə uşaqdır.

Kamran Əliyev münaqişə müddətində 2072 yaşayış evinə, 90 çoxmərtəbəli binaya və 388 mülki infrastruktur obyektlərinə ziyan dəydiyini deyib.

Sentyabrın 27-də Ermənistan və Azərbaycan arasında hərbi əməliyyatlar başlayıb.

Oktyabrın 10-da Rusiyanın təşəbbüsüylə Moskavada hər iki ölkənin Xarici işlər nazirləri humanitar atəşkəsə imza atsalar da, buna əməl olunmayıb.

Oktyabrın 11-də Gəncə şəhərinin yaşayış binasına raket zərbəsi ballistik "Skad” (Scud) raketi ilə endirilib.

Baş Prokurorluğun yaydığı məlumata görə, Gəncənin mərkəzi hissəsində yerləşən çox mənzilli yaşayış binalarını raket atəşinə tutması nəticəsində 3 qadın olmaqla 7 nəfər həlak olub, 16 qadın, 6 azyaşlı olmaqla 34 nəfər yaralanıb, həmçinin 10-dan artıq çoxmənzilli binaya və 100-dən çox müxtəlif təyinatlı obyektə ziyan dəyib.

Bundan sonra, oktyabrın 16-dan 17-nə keçən gecə Ermənistan ordusu Gəncə şəhərinə "Elbrus” ballistik raketi atıb.

Son məlumatlara görə, 15 mülki şəxs həlak olub, 52 nəfər yaralanıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun