Bu ilin avqust ayında Türkiyə Azərbaycandan 986 mln kubmetr həcmində təbii qaz idxal edib.
Bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (Enerji Piyasası Düzenleme Kurumu – EPDK) hesabatında qeyd olunub.
Bu göstərici ötən ilin avqust ayından 34,2 faiz çoxdur. Türkiyənin ümumi qaz idxalında Azərbaycan 2-ci yerdə qərarlaşıb, bazardakı payı isə 29,4 faiz təşkil edib. İlk yerdə 1,37 milyard kubmetrlə Rusiya (illik müqayisədə 5,5 faiz az), 3-cü sırada isə 406 milyon kubmetrlə İran (2,5 dəfə çox) qərarlaşıb.
Avqust ayında Türkiyənin ümumi qaz idxalının həcmi illlik müqayisədə 6,4 faiz artaraq 3,35 milyard kubmetrə yüksəlib ki, bununda 2,76 milyard kubmetri və ya 82,4 faizi boru kəmərləri ilə idxal olunan qaz, 591 milyon kubmetri və ya 17,6 faizini isə LNG təşkil edib. Hesabat dövründə boru kəmərləri ilə idxal olunan qazın həcmi 17,8 faiz, LNG-nin alışları isə 26,1 faiz azalıb.
Bu ilin avqust ayınadək Türkiyənin ümumi qaz idxalında Azərbaycan ilk yerdə (iyulda bazarda payı 46,09 faiz təşkil edirdi) qərarlaşmışdı.