Bu həftə Azərbaycandakı McDonald’s və Burger King şəbəkələrinin Instagram səhifələrində yerləşdirdikləri fotolarda “Qarabağ Azərbaycandır!”, “Bayrağımız Azərbaycanın bütün doğma torpaqları üzərində dalğalansın!” sözləri yazılıb,
McDonald’s fast-fud şəbəkəsi ilə bağlı Azərbaycanda yaşanan qalmaqal qərb mediasının da diqqətini çəkib.
Bu həftə Azərbaycandakı McDonald’s və Burger King şəbəkələrinin Instagram səhifələrində yerləşdirdikləri fotolarda “Qarabağ Azərbaycandır!”, “Bayrağımız Azərbaycanın bütün doğma torpaqları üzərində dalğalansın!” sözləri yazılıb, Azərbaycanın nəhəng dövlət bayrağının dağlar üzərində dalğalandığı göstərilib, eləcə də dövlət xəritəsi yerləşdirilib.
“Polygraph.info” yazır ki, Dağlıq Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisidir. Ancaq sosial media istifadəçilərinə Amerika fast-fud ikonasının münaqişəylə bağlı mövqe bildirməsi qəribə gəlib.
Artıq oktyabrın 28-də həm Burger King, həm də McDonald’s-ın Instagram hesablarından bu postlar silinib. “Azərbaycandakı françayzımız sosial media kontentini silib”, – McDonald’s Korporasiyasından “Polygraph.info”ya deyiblər.
Boykot çağırışları
McDonald’s-ın sözçüsü “The Washington Post” qəzetinə açıqlamasında sözügedən sosial media postunun yığışdırıldığını təsdiqləyib, ancaq yerli mağazalar tərəfindən siyasi çıxışla bağlı şirkətin siyasətindən danışmaqdan imtina edib.
“Françayzlar ona görə yaradılır ki, françayziyə yerli bazarın ehtiyaclarını təmin etmək azadlığı verilsin”, – Dreksel Universitetindən marketinq üzrə professor Daniel Korşun belə deyib. Amma onun fikrincə, “bu vəziyyətdə yerli bazarda belə bir bəyanat bütün françayz şəbəkəsində əks-səda doğura bilər”.
Elə bu həftə sözügedən postlar yayılan kimi Amerika-Qərbi Regionunda Erməni Milli Komitəsi erməni diasporunu “McDonald’s tədbir görənədək” boykota səsləmişdi.
Hazırda Azərbaycanın sosial media istifadəçiləri arasında McDonald’s məhsullarını boykot çağırışları səslənməkdədir. Onların mövqeyincə, həmin paylaşımlarda konflikt yaradan məlumat olmayıb, ölkənin bayrağını və beynəlxalq səviyyədə tanınan sərhədlərinin əks olunduğu xəritəsini yayıblar.
“Çünki beynəlxalq hüquq deyilən bir şey var və ərazi bütövlüyümüz bütün dünyada tanınır. Təsəvvür edin, onda bu məntiqlə Google, Facebook, Yandex də xəritəni düz qoymasınlar ki, biz siyasi prosesə qarışmırıq”, – Fərid adlı bir istifadəçi yazır.
İnsidentlər
Korşun Honq Konqu, Çinlə Tayvan arasındakı gərginliyi misal çəkərək deyir ki, “getdikcə daha çox françayzi françayzerləri ziddiyyətli siyasi məsələlər cəlb edir”.
2018-ci ildə Tayvanda bir yerli otel sahibi Amerikanın Marriott şirkəti ilə əlaqəni kəsib, çünki Marriott öz siyahısında “Tayvan, Çin” yazmışdı.
Səudiyyə Ərəbistanından isə Hefry’s ərzaq şəbəkəsi “Türk burqeri”nin adını dəyişərək “Yunan burqeri” qoyub, çünki Səudiyyədə Türkiyə mal və məhsullarını boykot çağırışı səslənib.
McDonald’s bir müddət öncə Çinin Quanqjou şəhərində françayzını müvəqqəti bağlamışdı. Səbəb restoran menecerlerinin afrikalı müştərilərin içəri daxil olmasına əngəlləməyə çalışması haqda məlumatlar idi. Həmin dönəmdə şəhərin afrikalı ekspat əhalisinə qarşı irimiqyaslı təzyiq və ayrı-seçkiliklə bağlı şikayətlər gəlirdi. McDonald’s isə insidenti pisləyən bəyanat yaymışdı.
Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində sentyabrın 27-dən ağır döyüşlərin getdiyi deyilir. Azərbaycan son bir ayda 170-ə yaxın kəndi, Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini, Hadrut, Mincivan və Ağbənd qəsəbələrini işğaldan azad etdiyini açıqlayıb.