Azərbaycanda ali təhsil diplomlarının tanınması proseduru təkmilləşdirilir.
Bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən “Təhsil haqqında” qanuna dəyişiklikdə öz əksini tapıb.
Təklif olunan düzəlişlər qanunun bəzi müddəalarının təkmilləşdirilməsini nəzərdə tutur. Belə ki, qanunun müvafiq maddələrində “xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyası” anlayışının daxil edilməsi, eləcə də, “xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası)” ifadəsinin “xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması” ifadəsi ilə əvəz edilməsi təklif olunur.
Bildirilib ki, bununla da ali təhsil diplomlarının tanınması proseduru təkmilləşdiriləcək, tanınan sənədlərin əhatə dairəsi genişləndiriləcək ali təhsilə aid olan və ya ali təhsilə qəbul olunmaq imkanı verən subbakalavr diplomlarının da tanınma imkanı və proseduru yaradılacaq.
Xarici ölkələrin səlahiyyətli orqanları tərəfindən verilmiş subbakalavr diplomlarının tanınması ilə xaricdə bu təhsili almış vətəndaşlarımızın, həmçinin əcnəbi və vətəndaşlığı olmayan şəxslərin təhsillərini ölkəmizdə təhsilin növbəti pillələrdə davam etdirmək imkanları yaranacaqdır.
Dəyişiklik səsə qoyularaq birinci oxunuşda qəbul edilib.