Azərbaycan və Ermənistan bir-birini oktyabrın 26-da elan edilmiş atəşkəs razılaşmasını pozmaqda günahlandırır.
Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Zöhrab Mnatsakanyan oktyabrın 24-də ABŞ dövlət katibinin müavini Stephen E. Biegunla görüşüb və ölkələinin 10 oktyabrda Moskvada razılaşdırılmış humanitar atəşkəsə riayət etdiklərinə dair öhdəliklərinə sədaqətlərini yenidən təsdiqləyiblər.
“Həmin öhdəliklər Amerika Birləşmiş Ştatları Prezidenti Donald Tramp, Fransa Prezidenti Emmanuel Makron və Rusiya Prezidenti Vladimir Putinin 1 oktyabrdakı birgə bəyanatına uyğun olaraq oktyabrın 17-də Parisdə verilən bəyanatda yenidən təsdiqlənib. Humanitar atəşkəs 2020-ci il, 26 oktyabrda yerli vaxtla səhər saat 8:00-da qüvvəyə minəcək. Birləşmiş Ştatlar Ermənistan və Azərbaycanı Dağlıq Qarabağ konfliktinin dinc yolla həllinə təşviq etmək üçün Xarici İşlər Nazirləri və Minsk Qrupu Həmsədrləri arasında intensiv danışıqlara vasitəçilik edib." Bu barədə oktyabrın 25-də ABŞ, Azərbaycan və Ermənistan hökumətləri birgə bəyanat yayıb.
Azərbaycan Müdafiə Nazirliyi bildirib ki, Azərbaycan Ordusunun bölmələri 26 oktyabr saat 08.00-dan qüvvəyə minmiş humanitar atəşkəs rejiminə bütün cəbhə boyu tam riayət edir.
Ermənistan Baş Naziri Nikol Paşinyan da Ermənistan tərəfinin Qarabağ münaqişəsi zonasında atəşkəs rejiminə əməl edəcəyini bildirib.
"Dünən Vaşinqtonda ABŞ-ın vasitəçiliyi ilə razılaşdırıldığı kimi Ermənistan tərəfi saat 8:00-dan etibarən atəşkəsə tam əməl edəcək," Paşinyan Facebook səhifəsində bildirib.
Bundan əvvəl özünü “Dağlıq Qarabağ Respublikası” adlandıran tanınmamış qurumun prezidenti Araik Harutyunyan bazar ertəsi saat 08:00-da qüvvəyə minən atəşkəs şərtinə əməl etməyə hazır olduğunu bildirib.
Buna baxmayaraq, Azərbaycan Müdafiə Nazirliyi oktyabrın 26-da saat 08.05-də bildirib ki, Ermənistan silahlı qüvvələri yeni humanitar atəşkəs rejimini pozaraq Laçın şəhəri istiqamətindən Laçının Səfiyan kəndində yerləşən Azərbaycan Ordusunun bölmələrini artilleriya atəşinə tutub. Müdafiə Nazirliyi həmçinin Ermənistan Silahlı Qüvvələrinin Ağcabədi rayonunu, Tərtər şəhərini və rayonun kəndlərini, Ermənistanın Berd, Çəmbərək və Vardenis rayonları ərazisindən Azərbaycanın Tovuz, Gədəbəy və Daşkəsən rayonlarının ərazilərini artilleriya atəşinə tutması barədə məlumatlar yayıb.
"Eyni zamanda Tərtər, Ağdam, Füzuli, Laçın və Qubadlı istiqamətlərində yerləşən bölmələrimizin mövqeləri də düşmən tərəfindən atəşə məruz qalır," nazirlik qeyd edib.
Azərbaycan Baş Prokurorluğunun məlumatına görə, səhər saatlarında Tərtər rayonunun Qazyan kəndinin atəşə tutulması nəticəsində kənd sakinləri - Yasin Cəfərov və Fənər Balakişiyevanın evlərinə mərmilər düşüb və külli miqdarda ziyan dəyib. Artilleriya atəşi nəticəsində Daşkəsən rayonunda meşədə yanğın baş verib.
Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev özünün Twitter səhifəsində Ermənistanın əldə edilən humanitar atəşkəsi yenidən pozması ilə bağlı məlumat paylaşıb.
“Ermənistanın baş naziri yenidən yalan danışır. Ermənistan silahlı qüvvələri humanitar atəşkəsi pozaraq saat 08:04-dən Tərtər rayonunu və kəndlərini atəşə tutmağa başlayıblar. Azərbaycan Müdafiə Nazirliyinin verdiyi məlumata görə, Ermənistan artilleriya və minaatanlarla saat 08:05-dən qüvvələrimizə hücum edir,” Hacıyev qeyd edib.
Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan özünün Facebook səhifəsində yazıb ki, Azərbaycan Silahlı Qüvvələri "Qarabağ Müdafiə Ordusu"nun mövqelərini atəşə tutaraq atəşkəsi pozub.
"Azərbaycan tərəfi saat 08:45-də ABŞ-da əldə edilmiş humanitar barışıq barədə razılaşmanı kobud şəkildə pozaraq Qarabağın şimal-şərqindəki döyüş mövqeləri istiqamətində artilleriya atəşi açıb. Digər qayda pozuntusu saat 09:10 radələrində qeydə alınıb. Düşmən cənub-şərq istiqamətindəki mövqelərimizi atəşə tutub, 5 top mərmisi atılıb," Stepanyan qeyd edib.
Ermənistan Ombudsman Aparatının mətbuat xidmətinin məlumatına görə, oktyabrın 26-da raket zərbəsi nəticəsində Dağlıq Qarabağda Əsgəran rayonunun Avetaranots kəndində bir mülki şəxs həlak olub, iki nəfər yaralanıb.
Azərbaycan Müdafiə Nazirliyi bu məlumatı təkzib edib.
“Xocalı rayonunun Çanaqçı kəndinin (keçmiş Əsgəran rayonunun Avetaranots) guya Azərbaycan Ordusu tərəfindən atəşə tutması barədə Ermənistanın yaydığı məlumatın heç bir əsası yoxdur və yalandır. Qoşunlarımız bütün cəbhə boyu yeni humanitar atəşkəs rejiminə əməl edir,” Müdafiə Nazirliynin məlumatında deyilir.
Azərbaycan Xarici İşlər Nazirliyi bildirirb ki, atəşkəsin pozulması və bölgədə gərginliyin davam etməsinə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərindədir.
“Növbəti, üçüncü dəfədir ki, Ermənistan atəşkəs rejiminə əhəmiyyət vermir və onu açıq şəkildə pozur; 10 oktyabr Moskva birgə bəyanatı, 18 oktyabr Parisin vasitəçilik səyləri ilə öhdəliyin yenidən elan edilməsi və 24 oktyabr tarixində Vaşınqtonda təcili humanitar atəşkəsin həyata keçirilməsi razılığı Ermənistan tərəfindən pozulur. Bu, növbəti dəfə Ermənistan tərəfindən məqsədli şəkildə öz öhdəliklərinə məhəl qoyulmamasının və beynəlxalq vasitəçilərin səylərinə açıq hörmətsizliyin göstəricisidir. Görünür, Ermənistan Baş nazirinin bəyan etdiyi kimi bu ölkə münaqişənin diplomatik həlli yolunu görmür və başlıca məqsədi Azərbaycanın ərazilərinin hərbi işğalını davam etdirməkdir. Azərbaycan öz öhdəliklərinə sadiqdir və razılaşdırılmış humanitar atəşkəsə hörmət nümayiş etdirir,” Xarici İşlər Nazirliynin açıqlamasında deyilir.
Bu açıqlamadan sonra Ermənistan Baş Naziri Nikol Paşinyan Facebook səhifəsində yazıb ki, Ermənistan tərəfi Qarabağdakı atəşkəsə ciddi şəkildə riayət etməkdə davam edir.
“Bundan bir qədər əvvəl Azərbaycan Ermənistan tərəfini Qarabağ münaqişəsi zonasında atəşkəs rejimini pozmaqda günahlandırıb. Qarabağ Müdafiə Ordusu Bakının bu xəbərlərini təkzib edərək onları dezinformasiya adlandırıb. Qarabağ tərəfi bəyan edib ki, Bakı bu kimi mesajları yaymaqla yeni təxribatlara zəmin hazırlayır. Bunun ardınca Ermənistan Müdafiə Nazirliyi Azərbaycan Silahlı Qüvvələrinin atəşkəs razılığını pozaraq Qarabağ mövqelərini iki istiqamətdə atəşə tutduğunu bildirib,” baş nazir qeyd edib.
Sentyabrın 27-də Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində aktiv hərbi əməliyyatlar bərpa edilib. Oktyabrın 26-da humanitar atəşkəs elan edilənədək tərəflər çoxsayı itkilər verib.
Oktyabrın 22-də Rusiya prezidenti Vladimir Putin "Valday" beynəlxalq diskussiya klubunda suallara cavabda bildirib ki, əldə etdiyi məlumatlara görə, hər bir tərəf 2000-dən çox insan itirib.
"Ümumilikdə ölənlərun sayı 5000-ə yaxındır," Putun qeyd edib.
Ermənistan ümumilikdə 963 hərbçisini itirdiyini bildirib. Lakin məlumat müstəqil təhlilçilər tərəfindən təsdiq olunmayıb.
Azərbaycan tərəfi hərbi itkilərlə bağlı məlumat vermir. Ancaq sosial şəbəkələrdə Azərbaycan tərəfinin də hərbi itkiləri barədə məlumatlar yayılır.
Münaqişə dövründə çoxsaylı mülki itkilər də var. Azərbaycan Baş Prokuroru bildirib ki, oktyabrın 24-də iki mülki vətəndaş vəfat edib və ümumilikdə sentyabrın 27-dən oktyabrın 2-dək Azərbaycanın 65 mülki vətəndaşı həlak olub, 300 nəfər yaralanıb.
Özünü "Dağlıq Qarabağ Respublikası" adlandıran tanınmamış qurumun ombudsmanı Artak Beqlaryan Twitter səhifəsində yazıb ki, ümumilikdə, sentyabrın 27-dən inidyədək 34 dinc sakin həlak olub, 109 nəfər yaralanıb.