Azərbaycanın Rusiyadakı səfirliyi Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının deputatı Vitali Milonovun Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədlərini pozaraq işğal olunmuş Azərbaycan ərazilərinə qanunsuz səfəri ilə əlaqədar Rusiya Xarici İşlər Nazirliyinə etiraz notası göndərib.
Bu barədə Azərbaycanın Rusiyadakı səfirliyindən məlumat verilib.
Notada qeyd olunur ki, 16 oktyabr 2020-ci il tarixdə Vitali Milonov qondarma separatçı rejimin başçısı ilə görüş keçirib və Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki onsuz da gərgin vəziyyəti daha da kəskinləşdirməyə yönəlmiş bir çox təxribat xarakterli bəyanatlar verib.
“Rusiya Federasiyası Dövlət Duması deputatının bu cür təxribat xarakterli hərəkətləri həm Azərbaycan ictimaiyyətində, həm də Rusiyadakı böyük diaspor arasında haqlı qəzəbə səbəb olub və Rusiya-Azərbaycan münasibətlərinin pisləşdirilməsinə istiqamətlənib”, - səfirliyin məlumatında deyilir.
Xatırladaq ki, daha əvvəl Rusiya Dövlət Dumasının deputatı Vitali Milonovun Azərbaycana girişi qadağan olunmuşdu.