"Azərbaycan döyüşlərdə üstün mövqedə ikən, masada öz marağında olmayan atəşkəsə razılaşdı" - Bəxtiyar Hacıyev

"Azərbaycan döyüşlərdə üstün mövqedə ikən, masada öz marağında olmayan atəşkəsə razılaşdı" - Bəxtiyar Hacıyev
10 Oktyabr 2020
Mətni dəyiş
"Azərbaycan döyüşlərdə üstün mövqedə ikən, masada öz marağında olmayan atəşkəsə razılaşdı. Moskvanın təzyiqi ilə". Bu sözləri ictimai fəal Bəxtiyar Hacıyev bildirib. Onun sözlərinə görə, döyüşlərin davam edib-etməyəcəyi bircə şeydən asılı olacaq. Xalq olaraq bu sualları qaldırıb, etirazımızı etsək, İlham Əliyevə bu atəşkəsə narazılığımızı çatdırsaq, cəmiyyətdən güclü etiraz olsa, əməliyyatlar əvvəlki məqsədlərə uyğun olaraq davam edəcək. "Ermənistan Azərbaycan torpaqlarından çıxmadı, Azərbaycanın ərazi bütövlüyünü tanımadılar, qoşunları Azərbaycan torpaqlarından çıxarmadılar, çıxarılma cədvəlini də vermədilər, Paşinyan Azərbaycan xalqından üzr istəmədi. Prezident İ.Əliyev cəmi bir həftə əvvəl atəşkəs üçün bu şərtləri irəli sürmüşdü, ancaq heç biri baş vermədiyi halda Azərbaycan tərəfi atəşkəsə razı salındı. Heç kim özünü və xalqı aldadıb, "bu humanitar məqsədli, qısamüddətli atəşkəsdir" deməsin. Razılaşdırılmış sənəddə müddət göstərilməyib, halbuki, 10 saatlıq danışıqlardan sonra ora "48/72 saat müddətinə" yazdırmaq olardı. Qəbul edilmiş sənəddə danışıqların formatının dəyişdirilməyəcəyi də qeyd olunub. Yəni, Türkiyə masada olmayacaq, yenə ABŞ, Fransa və Rusiyalı həmsədrlər regiona gəlib, danışıqların davam etdiyini elan edəcəklər, gedəcəklər", - deyə ictimai fəal bildirib. Bəxtiyar Hacıyev deyir ki, hücumun davam etməsini istəyən tərəf Azərbaycan tərəfi, atəşin dayanması üçün bütün dünyaya zəng edən tərəf isə Ermənistan tərəfi idi. Üstün durumda olduğumuz, "bütün torpaqlar azad edilməyənə qədər dayanmayacaq" dediyimiz halda atəşkəs imzalanırsa, erməni diplomatiyasının qalib gəldiyini demək olar. Kütləyə "şamanlara zəng etsin, dabanyalayan Paşinyan" sözlərini deyib, haha-hihiyə keçmək olsa da, Paşinyan Moskvadan istədiyi atəşkəsi aldı. Sənəddə razılaşdırılmış bəndlərdən biri də münaqişənin Minsk Qrupu vasitəçiliyi ilə razılaşdırılmış baza prinsipləri əsasında substantiv danışıqlara başlamaqdır ki, orada da 5 rayonun qaytarılması, Qarabağın statusunun müəyyənləşdirilməsindən əlavə, bölgəyə sülhməramlıların yerləşdirilməsi nəzərdə tutulur ki, bu da danışıqların yenidən illər sürə biləcəyini göstərir. Qısacası, Azərbaycan döyüşlərdə üstün mövqedə ikən, masada öz marağında olmayan atəşkəsə razılaşdı. Moskvanın təzyiqi ilə.
"Son günlər xəbər saytları, telefonlarımızı, sosial şəbəkələrdə ana səhifəmizdə ard-arda şəhid xəbərlərinin gəlməsindən sonra yenidən Minsk qrupunun baza prinsipləri ətrafında danışıqlara başlamağa dəyərdimi? Ermənilər bu qədər böyük hərbi əməliyyatlara müqavimət göstərib, dünyaya "Qarabağın müstəqilliyini tanıyın" çağırışları edib, Qarabağı azad edəcəklərinə bircə kiçik siqnal da vermədikləri halda, xoşluqla, danışıqla Qarabağdan çıxacaqlar? Çıxacaqdılarsa, Azərbaycanın bu qədər əməliyyatlara və sayı hələ açıqlanmayan, amma kifayət qədər çox olduğunu gördüyümüz şəhidləri verməyə nə ehtiyacı vardı? Döyüşlərin davam edib-etməyəcəyi bircə şeydən asılı olacaq. Xalq olaraq bu sualları qaldırıb, etirazımızı etsək, İlham Əliyevə bu atəşkəsə narazılığımızı çatdırsaq, cəmiyyətdən güclü etiraz olsa, əməliyyatlar əvvəlki məqsədlərə uyğun olaraq davam edəcək. Yox, onun atdığı "şamanlara zəng etsin, daban yalayır" kimi yemləri yeyib, "eşq olsun, Rəis" eyforiyasında qalacağıqsa, bu qədər şəhid verib, bu qədər üstün mövqeyə gəldikdən sonra əvvəlki kimi mənasız danışqlara davam ediləcək. Seçim bizimdir, ya "haha-hihi" edib, "eşq olsun, erməniləri sındırdıq" deyib, özümüzə təsəlli verəcəyik, ya da "bu qədər şəhid verdikdən sonra 30 ildir aldadıldığımız, hər dəfəsində Ermənistanın vaxt götürüb, daha da gücləndiyi danışıqlara davam etmək olmaz" deyib, əməliyyatların davam etməsini tələb etməliyik", - deyə ictimai fəal Bəxtiyar Hacıyev bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun