Aydın Mirzəzadə: “Çox istəyərdik ki, Rusiya Ermənistana birbaşa işğalçı desin”

Aydın Mirzəzadə: “Çox istəyərdik ki, Rusiya Ermənistana birbaşa işğalçı desin”
8 Oktyabr 2020
Mətni dəyiş

"Bu bir diplomatik mövqedir, birtərəfliyi də qoruyub saxlayır. Eyni zamanda Ermənistanın bütün cəhdlərinə baxmayaraq Rusiyanın münaqişəyə birbaşa iştirakçı kimi daxil olmaqdan imtina etməsi də ortaya çıxdı”.  Deputat Aydın Mirzəzadə Rusiya dövlət başçısı Vladimir Putinin oktyabrın 7-də "Rossiya24” telekanalına Dağlıq Qarabağla bağlı verdiyi açıqlama haqqında belə deyir.

O, "Toplum TV”yə açıqlamasında Rusiya prezidentinin çıxışında iki fikri xüsusi qabartdığını qeyd edir: "Birincisi, hərbi əməliyyatların aparılmasından narahatlığını ifadə etdi, ikincisi isə danışıqların aparılmasını məqbul saydı”.
Vladimir Putin telekanala Dağlıq Qarabağ münaqişəsi haqqında bu sözləri deyib:  "İnsanlar ölür, hər iki tərəfdə böyük itkilər var və ümid edirik ki, bu qarşıdurmaya yaxın gələcəkdə son qoyulacaq. Ancaq tam həll olunmasa, - hələlik bunun tezliklə baş verməyəcəyi görünür – bir daha vurğulayıram ki, biz atəşin mümkün qədər tez bir zamanda durdurulmasına çağırırıq”.
O həmçinin bildirib ki, Rusiyanın Ermənistan qarşısında müəyyən öhdəlikləri olsa da, hərbi əməliyyatlar Ermənistan ərazisində getmir.
Deputat A.Mİrzəzadənin sözlərinə görə, Rusiya  ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi məsələyə diplomatik yanaşır: "Çox istəyərdik ki, Rusiya Ermənistana birbaşa işğalçı desin. Ancaq Rusiya Fransadan fərqli olaraq Ermənistanın tərəfini də tutmadı. Məsələyə müdaxilə etmək istəmir və məslənin sülh yolu ilə həllini istəyir, Azərbaycan da bunu istəyir. Amma Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımaq istəmir, Azərbaycan ərazisindən qoşunlarını çıxarmaq istəmir”.
Aydın Mirzəzadə deyir ki, istənilən halda Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımadıqca, işğal edilmiş torpaqlardan qoşunlarını çıxarmaq öhdəliyi götürmədikcə Azərbaycan öz ərazisində hərbi əməliyyatları davam edəcək.
Şahin Cəfərli: "Ən önəmli məqam Rusiyanın münaqişəyə müdaxilə etməyəcəyini deməsidir” [gallery ids="86184"]
Siyasi şərhçi Şahin Cəfərli isə hesab edir ki, Putin açıqlamasında Azərbaycanın münaqişəni hazırda həyata keçirtdiyi hərbi əməliyyatlar vasitəsilə tam həll etməyəcəyini və bu problemin danışıqlar yolu ilə nizamlanacağını nəzərdə tutub.
Ş.Cəfərlinin fikrincə, Putinin açıqlamasında ən önəmli məqam Rusiyanın münaqişəyə müdaxilə etməyəcəyini söyləməsidir: "Bu məsələnin Putin tərəfindən konkret şəkildə açıqlanması çox önəmlidir.  Çünki bizim ictimaiyyətdə narahatlıq vardı ki, Putin müdaxilə edəcək. İndi Putinin bəyanatından biz öyrəndik ki, Rusiyanın hər hansı bir müdaxiləsi olmayacaq”.
Ancaq syasi şərhçi Rusiya prezideninin Dağlıq Qarabağı ayrıca tərəf kimi qeyd etməsini Azərbaycanın maraqlarına uyğun olmadığını deyir: "Eyni zamanda onun açıqlamalarında narahatlıq doğuran bir məqam da var. Belə bir ifadə işlədir ki, həm Ermənistan, həm Azərbaycan, həm də Dağlıq Qarabağ əraziləri Rusiya üçün yad deyil. Yəni Qarabağı ayrıca tərəf kimi qeyd etməsi narahatlıq doğurur. Bu, Azərbaycanın maraqlarına uyğun deyil. Eyni zamanda, onu da qeyd edək ki, Azərbaycanın da son vaxtlarda rəsmi səviyyədə ritorikasında münaqişə belə təqdim olunurdu – Azərbaycan, Ermənistan, Dağlıq Qarabağ münaqişəsi. Yəni bizim siyasətimizdə də bu günə qədər bu ciddi səhv idi”.
 Sentyabrın 27-də Ermənistan silahlı qüvvələri Azərbaycan ordusunun mövqelərini atəşə tutub.
Bundan sonra Azərbaycan işğal olunmuş əzarilərdə hərbi əməliyyatlara başlayıb, bu müddətdə 30-dək yaşayış məntəqəsini, Cəbrayıl şəhərini azad etdiyini bəyan edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun