"Hay! Ay spik inqliş!"- deyə gülümsəyən on yaşlı Elçin Azərbaycanın Bərdə şəhərindəki məktəbin pilləkənlərində dayanıb.
O bu məktəbdə oxumur, o bu məktəbdə yaşayır.
Dağlıq Qarabağdakı indiki döyüşlər yeni qaçqın və köçkün dalğası doğurub.
Cəbhənin hər iki tərəfində minlərlə insan atəşə tutulma hallarından qorunmağa çalışır.
Hərbi qarşıdurma başlayandan bəri Tərtər şəhəri artilleriya zərbələrinə məruz qalmaqdadır. Tərtərdən gələn köçkünləri bu məktəbin binasında yerləşdirirlər.
Elçin məktəb binasına daxil olur - məktəbin bütün dəhlizlərini və giriş-çıxışlarını o artıq əzbər bilir.
Məktəbə daxil olarkən əli silahlı, kamuflyaj formalı bir hərbçinin nəhəng portreti diqqət çəkir. Portretin ətrafına gül dəstələri düzülüb.
Birinci Qarabağ müharibəsində həlak olan məktəb məzununun xatirəsi burada belə qorunur.
Məktəbin bir neçə məzunu indi də döyüşlərdə iştirak edir, lakin onların taleyi barədə hələlik bir məlumat yoxdur.
Mərhumun portretinin yanında prezident İlham Əliyevin nəhəng portreti var.
"Ümid edirəm ki, uşaqlarımız arasında yeni şəhidlər (Azərbaycanda haqq işi uğrunda həlak olanlara belə deyilir - BBC) olmayacaq və hamı evinə sağ-salamat və qələbə ilə qayıdacaq," - yerli müəllimə deyir.
Ermənistan bu müharibənin gedişində Qarabağda 90 min insanın evini itirdiyini bildirib. Azərbaycan rəqəmlər dərc etməyib, lakin Bakıda qeyri-rəsmi olaraq deyirlər ki, hazırki münaqişə zamanı təxminən 100000 azərbaycanlı evini tərk etməyə məcbur olub.
BBC Rusca Xidməti müharibədən qaçaraq Bardəyə gələnlərlə görüşüb. Onların hamısı ümid edir ki, tezliklə doğma torpaqlarına dönəcəklər. Görəsən, bu, mümkündürmü?
Uşaqlar müharibəniçəkir
Elçin, onun iki qardaşı, atası, anası, nənəsi və babası məktəbin ikinci mərtəbəsində yerləşiblər. Otağın qapısında lövhə asılıb: "2B sinfi".
Bir neçə parta divara dirədilib - indi bu, yemək masasıdır və burada bir termos durur və ən lazımlı qab-qacaq yığılıb. Döşəklər divar boyunca düzülüb.
İndi məktəbdə dərs yoxdur - koronavirus pandemiyasına görə uşaqlar distant təhsil üsuluna keçirilib. Şagird əvəzinə indi burada atəşə məruz qalma şəraitindən qaçan insanlar yaşayır. Məktəb binasında onlar üçün bir neçə paltaryuyan maşın quraşdırılıb, hər mərtəbəyə bir soyuducu qoyulub.
"2B sinifində" yerə səpələnnmiş oyuncaqlar, albomlar və flomasterlər gözə dəyir. Albomlardan birinin bütün səhifələrində müharibə şəkilləri çəkilib - cərgə ilə yeriyən tanklar, təyyarə, digər bir vərəqdə - 16 növ avtomat, pulemyot və qumbaraatan.
"Bax, nəvəm nə çəkib! Kalaşnikov avtomatı və pulemyotu, RPQ. Gör, necə də hər şey oxşayır!" - Elçinin babası Ustahəmid İsfəndiyarov fərəh hissi ilə mənə uşaq rəsmlərindən ibarət albomu göstərir. Albomun iki qonşu səhifəsinin əmələ gətirdiyi ikitaylı geniş vərəqdə böyük bir döyüş səhnəsi təsvir olunub.
"Yaşıl rəngli tanklar bizimkilərdir, - Elçin izah edir. - İki qara helikopter isə düşmənindir, indi bizimkilər onları vuracaq".
Bu zaman bayırdan gerçək hərbi helikopterin uçuşundan yaranan gürultu səsi gəlir.
Elçinin öz rəsmilərinə marağı həmin an yoxa çıxır. O, qardaşı ilə birgə pəncərəyə tərəf cumaraq gözlərini göyə zilləyir.
Bir az aralıda toplardan açılan yaylım atəş səsi eşidilirr, amma burada, Bərdədə artıq heç kim buna elə bir əhəmiyyət vermir. Cəbhə xəttində yerləşən Tərtər Bərdədən təxminən 20 kilometr aralıda yerləşir, odur ki, hansı tərəfdən açıldığından asılı olmayaraq - bu tərəfdən və ya qarşı tərəfdən - atəş səsi hər zaman eşidilir və yerli sakinlər buna artıq öyrəşib.
Elçinin babası birinci Qarabağ müharibəsi zamanı cəbhədə döyüşüb və yaralanıb. Bir çox yerli sakinlərdən fərqli olaraq, Ustahəmid İsfəndiyarov indiki müharibənin uzun müddət davam edə biləcəyindən narahatdır.
"Evi yenidən tikmək olar, mal-qara yetişdirilə bilər, məhv edilmiş ağaclar təzədən əkilə bilər, təkcə insan həyatını geri qaytarmaq mümkün deyil. Sağ qalanların əzabını heç cür kompensasiya etmək mümkün deyil - bu hiss uzun müddət onların qəlbində və yaddaşında qalacaq, - İsfəndiyarov deyir. - Bu müharibənin təsirini hətta 5-6 il yox, bəlkə də 20 ildən sonra anlayacaq və hiss edəcəyik".
"Müharibənin başlayacağını, bu dərəcədə güclü bir atəşin olacağını gözləmirdik, - İsfəndiyarov söyləyir. Əvvəlcə evimizdə qalmaq istədik, amma sonra gördük ki, çox güclü bombalama baş verir. Hər şeyi qoyub getdik: evimizi, mal-qaramızı, məhsulumuzu. Və müvəqqəti olaraq bura köçdük".
Ancaq Elçinin və onun ailəsinin əslində bu məktəbdə nə qədər qalacağı məlum deyil. Birinci Qarabağ müharibəsindən sonra evlərini tərk etməyə məcbur olanlar 30 ildir ki, evlərinə qayıda bilmirlər.
"Heç bir şey lazım deyil, təki dostların məzarlarına baş çəkə bilək"
Birinci Qarabağ müharibəsi nəticəsində 600 mindən çox azərbaycanlı öz daimi yaşayış yerlərini tərk edərək başqa şəhərlərə köçməyə məcbur olublar. Bir çoxları artıq 30 ildir ki, geri qayıtmaq arzusu ilə yaşayır.
"Hesab edirəm ki, indi yaşamağa haqqım yoxdur, çünki mən doğma Ağdamdan çıxdım, həlak olmuş qəhrəmanlarımızı və şəhidlərimizi orada qoyub getdim. İndi daim xəbərlərə baxıram və qələbə üçün dua edirəm. Ümid edirəm ki, doğma evimə qayıda biləcəyəm, qohumlarımın və dostlarımın məzarlarına baş əyə biləcəyəm, onda bəlkə onlar məni bağışlayarlar," - Natiq Allahyarov deyir və onun səsi titrəməyə başlayır.
O, Mingəçevirdə qoltuqağacına söykənərək bir qaçqın yataqxanasının girəcəyində durub. Birinci Qarabağ müharibəsində, 1993-cü ildə ayağından yaralanıb.
"Bizi mühasirəyə alanda qaçdıq. İki-üç aylıq körpələri qucağıımıza götürüb apardıq. Onlar acından və susuzluqdan, yol getdiyimizdən qucağımızda öldülər," - Natiq xatırlayır.
O vaxt müharibə onun doğma Ağdam şəhərinə gəlib çatanda Natiq 17 yaşındaydı.
1990-cı illərin əvvəllərində Ağdamda 30 min əhali yaşayıb, indi bu şəhər xarabalığa çevrilib.
1993-cü ildə orada şiddətli döyüşlər gedib.
Şəhərin bir çox binalarını mərmilər zədələyib.
Azərbaycan rəsmilərinin bildirdiyinə görə, döyüşlər zamanı və əhalinin Ağdam rayonundan qaçması zamanı təxminən 6500 azərbaycanlı həlak olub.
"O torpaqda yatan qəhrəmanlar mənim ürəyimdədir, onlar elə mən deməkdir. Orada onlar və mən qan tökmüşük," - Natiq xatırlayır.
Hələ beş dəqiqə bundan əvvəl o, sakit, gülərüz və özünə arxayın bir halda idi.
İndi isə onun gözlərindən durmadan göz yaşı axır. Bəzən əlləri ilə üzünü örtür, ağlamağını saxlamağa çalışdığından bütün bədəni ilə titrəməyə başlayır.
Sentyabr ayının sonundan bəri Natiqin yaşadığı yataqxananın otaqlarında televizora fasilə verilmir.
Hər kəs cəbhədən xəbərləri izləyir, hansı yaşayış məntəqələrinin Azərbaycanın nəzarətinə keçdiyi barədə məlumatları gözləyir.
Natiq ümid edir ki, bu xəbərlərdə tezliklə onun da doğma şəhərinin adı çəkiləcək.
"Oradan ayaqyalın necə gəlmişəmsə - elə də oraya ayaqyalın qayıtmağa hazıram. Və özümü xoşbəxt sayacağam. Heç nə, heç bir şərait mənə lazım deyil. Təki dostlarımın və doğmalarımın məzarlarını bir daha görüm, torpağımızı görüm və öpüm," - o deyir.
Ətrafa toplaşmış qonşular onun səsinə səs verərək dedikləriylə əzmkarlıqla razılaşırlar.
Yataqxanada yaşayış şəraiti sərtdir. Ümumi, dar bir koridoru bir-birinə dolaşmış naqillər torundan çıxan tellərdən asılmış bir neçə lampa işıqlandırır. Divarlar boyunca qab-qacaq dolu rəflər, odun qalaqları, qurudulan ot düzülmüş qutular gözə dəyir. Dəhlizin sonunda hamam və tualet otaqları yerləşir.
Lakin burada bu şəraitin yaxşı olduğunu deyirlər, çünki ilk dövrlərdə qaçqınlar üçün ayrılan vaqonlarda və çadır düşərgələrində necə qaldıqlarını xatırlayırlar.
"Üstümzdə nə var idisə, elə də qaçdıq. Yola yığışmaq üçün heç bir saat vaxtımız belə olmayıb. Hər şey orada qalıb. Evimiz, varımız, əşyalarımız, mal-qaramız," - Cəmilə Həsənova deyir. O, Ağdam rayonundandır.
O zaman açılan atəş zərbələrindən birində qayınanası diri-diri yanaraq həlak olub. Dörd uşağı ilə bir yerdə Cəmilə sağ qala bilib və döyüş zonasından qaçmağı bacarıb. Övladlarından ikisi hələ də bu yataqxanada onunla birgə yaşayır.
"Əlbəttə ki, burada yaşamaq asan deyil. Bəzən qonşulardan yuxarıdan su axır, - o gileylənir. - Eybi yox, darısqallıq olsa da, mehribançılıq var."
Cəmilə də doğma yurduna qayıdacağına ümid edir - evindən heç nə qalmadığı onu qorxutmur.
"Palçıqdan, taxtadan ev tikərik və yaşayarıq. Təki geri qayıda bilək. Bura bizim torpağımızdır, bizim yuvamızdır. Bura bizim boya-başa çatdığımız yerdir, vətənimizdir. İnsan öz evinə qayıtmağı necə istəməyə bilər?"