Avropada populist siyasətçilərə etimad kəskin azalıb

Avropada populist siyasətçilərə etimad kəskin azalıb
27 Oktyabr 2020
Mətni dəyiş

Avropanın səkkiz ölkəsində aparılan sorğular göstərir ki, 2020-ci ildə insanların populist inanclara olan etimadı azalıb.

Bu barədə oktyabrın 26-da "Guardian" qəzeti xəbər yayıb.

Populist liderlər əsasən ifrat sağ qanadı təmsil edirlər. İtaliyada Matteo Salvini, Fransada Marin Le Pen, Macarıstanda Viktor Orban, İsveçdə Cimmi Akesson sağ qanadın uğur qazanmış əsas simaları idi. Avropada populist partiyaların son 20 ildə seçkilərdəki nəticələri 7%-dən 25%-ə qədər yüksəlmişdi.

"YouGov-Cambridge Globalism Project" şirkətinin Britaniya, Danimarka, Fransa, Almaniya, İtaliya, Polşa, İspaniya və İsveçdə 26000 respondent arasında keçirdiyi sorğunun nəticələrinə görə avropalılar populist siyasətçilərə daha əvvəlki qədər inanmırlar. Buna əsas səbəb kimi koronavirus pandemiyası göstərilir.

Avropada populizmin son bir ildəki qəfil tənəzzülünü bəzi siyasi şərhçilər sürpriz hesab edirlər. Bəzi ekspertlərsə bunun müvəqqəti olacağını deyirlər.

Amsterdam Universitetinin siyasət sosioloqu Matthijs Rooduijn deyir ki, COVID-19 pandemiyasının iqtisadiyyata vurduğu zərər bu cərəyanı yenidən dirçəldəcək.

Onun sözlərinə görə, pandemiyanın xüsusilə iqtisadiyyat sahəsində yaradacağı çətinliklər gələcəkdə populizm üçün əlverişli mühit yaradacaq. Populist siyasətçilərsə bu mühitdən maksimum şəkildə istifadə edəcəklər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun