"Cəbrayıl rayonunun Soltanlı, Əmirvarlı, Maşanlı, Həsənli, Əlikeyxanlı, Qumlaq, Hacılı, Göyərçinveysəlli, Niyazqullar, Keçəl Məmmədli, Şahvəlli, Hacı İsmayıllı, İsaqlı kəndləri azad edilmişdir. Qarabağ Azərbaycandır!"
Bu barədə Azərbaycan prezidenti İlham Əliyev “Twitter” hesabında yazıb.
Prezident Əliyev yazır ki, Ermənistan silahlı qüvvələri razılaşdırılmış müvəqqəti humanitar atəşkəs rejimini `kobudcasına pozaraq oktyabrın 18-də saat 00.02-dən sonra Azərbaycanın yaşayış məntəqələrini və döyüş mövqelərini ağır artilleriyadan atəşə tutub.
“Bu çirkin əməllər nəticəsində ölən və yaralananlar var: “Azərbaycan Ordusu düşmənə layiqli cavab verərək bir neçə yaşayış məntəqəsini işğaldan azad edib,” Əliyev Twitter hesabında yazıb.
Azərbaycan Müdafiə Nazirliyi bildirir ki, ötən gün və oktyabrın 19-a keçən gecə cəbhənin Ağdərə-Ağdam, Füzuli-Hadrut-Cəbrayıl istiqamətlərində, eləcə də Araz çayı boyu müqavimət göstərməyə cəhd edən düşmənə qarşı döyüş əməliyyatları davam edib.
“Düşmən tərəfindən bölmələrimizin müdafiə mövqeləri atıcı silahlar, minaatanlar və toplardan atəşə tutulub. Azərbaycan Ordusu tərəfindən həyata keçirilən fəaliyyətlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin canlı qüvvəsi, 2 ədəd T-72 tankı, 2 ədəd BM-21 “Qrad” YARS, 1 ədəd D-30 və 1 ədəd D-20 haubitsa topları və 11 ədəd avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb. Hazırda qoşunlarımız bütün cəbhə boyu əməliyyat şəraitinə nəzarət edir,” Müdafiə Nazirliyi qeyd edir.
Ermənistan Müdafiə Nazirliynin mətbuat katibi Şuşan Stepanyan Facebook səhifəsində yazıb ki, cəbhənin cənub cinahında şiddətli döyüşlər davam edir.
“Erməni birləşmələri düşmən hücumlarının qarşısını alır,” o, qeyd edib.
Ermənistanın Baş Naziri Nikol Paşinyan Facebook səhifəsində yazıb ki, `əraziləri təslim etmək və Qarabağın müddətsiz statusuna razılıq verməklə Qarabağdakı müharibənin qarşısını almaq olardı. Lakin bu, daha çox statusun tənzimlənməsi mexanizmləri olmadığı bir şəraitdə baş verərdi.
Bu zaman baş nazir danışıqlar prosesində məqbul və ya hər hansı bir status qazanmağın mümkün olub-olmadığını sual edir.
"Xeyr, çünki son fürsət 2011-ci ildə Kazanda tükənib," o yazır.
Müharibənin qarşısını almaq olardı? Bu suala Paşinyan nəzəri olaraq `bəli` cavabını verir.
“Müharibə Qarabağın statusunu həll edə bilərmi? "Bəli, müharibədə uğur qazanırıqsa," nazir qeyd edib.
"Və son sual: müharibədə uğur qazanmaq mümkündürmü? Bəli, hamımız milli potensialımızı bunun ətrafında cəmləşdirsək, bu hədəfi səmimi və fədakarlıqla yerinə yetirəcəyik," Paşinyan qeyd edir.
Azərbaycan Müdafiə Nazirliyi bildirir ki, oktyabrın 19-da Ermənistan silahlı qüvvələri Göygöl, Goranboy, Tərtər, Ağcabədi, Ağdam və Ermənistanla sərhəddə olan Tovuz və Daşkəsən rayonlarında mülki insanların yaşadığı əraziləri minaatanlar və toplardan atəşə tutub.
Azərbaycan Baş Prokurorluğunun məlumatına görə, oktyabrıbn 18-də saat 13 radələrində Ermənistan silahlı birləşmələri mühüm dağıntılara səbəb ola bilən müharibə üsullarından istifadə edib Azərbaycanın Xızı rayonunun ərazisində hərbi hədəf olmayan xam neft və kondensat ixrac edən kəmərləri hədəfə alıb.
“Ermənistan silahlı qüvvələri hərbi əməliyyatlar aparılan ərazidən təxminən 300 kilometrdən artıq məsafədə yerləşən Xızı rayonu istiqamətində raket zərbələri endirməyə çalışıb. Azərbaycan Ordusunun hərbi hava hücumundan müdafiə qüvvələri tərəfindən havada zərərsizləşdirilməsi nəticəsində raketin içərisində olan partlayıcı hissəciklərin bir hissəsi Azərbaycan-Rusiya iqtisadi əməkdaşlığında strateji əhəmiyyətli Bakı-Novorossiysk neft kəmərinin Xızı rayonunun Sitalçay kəndindən keçən hissəsindən 250 metr məsəfəyə səpələnib,” Baş Prokuorluğun məlumatında deyilir.
Baş Prokurorluq həmçinin Tərtər rayonunda bir, Ağdam rayonun 5 mülki insanın yaralandığını bildirib.
Baş Prokurorluğun mətbuat xidmətinin daha bir məlumatında deyilir ki, bu gün Tərtər rayonun Azadqaraqoyunlu kəndi ərazisinə top mərmisi düşməsi nəticəsində “Pambıq emalı zavodu” Məhdud Məsuliyyətli Cəmiyyətin Tərtər filialında yanğın baş verib.
Ermənistan oktyabrın 19-da daha 19 hərbiçisinin öldürüldüyünü bildirib. Ümumilikdə Ermənistan 729 hərbiçisini itirib.
Azərbaycan tərəfi hərbi itkilərlə bağlı məlumat vermir.
Mülki itkilərə gəlincə, Azərbaycan Baş Prokuroru bildirib ki, ümumilikdə sentyabrın 27-dən oktyabrın 19-dək Azərbaycanın 61 mülki vətəndaşı həlak olub, 276 nəfər yaralanıb.
Özünü "Dağlıq Qarabağ Respublikası" adlandıran tanınmamış qurumun ombudsmanı Artak Beqlaryan isə Twitter səhifəsində yazıb ki, bu gün artilleriya atəşindən daha bir mülki şəxs ölüb, iki nəfər yaralanıb. Ümumilikdə sentyabrın 27-dən inidyədək 33 dinc sakin həlak olub, 108 nəfər yaralanıb.