"Rusiyada bu ölkənin təşəbbüsü və təkidi ilə əldə edilən atəşkəs razılaşması atəşkəslə bağlı Azərbaycanın maraqlarını və şərtlərini nəzərə almadan imzalanmışdır. Xalqımızın bu razılaşmadan narazı qaldığı faktdır və təbiidir"
Bu sözləri Azərbaycan Xalq Cəbhəsi partiyasının sədri sədri Əli Kərimli bildirib.
Partiya sədri deyir ki, atəşkəs razılaşmasından cəmi 5 gün öncə İlham Əliyev tərəfindən atəşkəslə bağlı şərtlər irəli sürülmüşdü. Ermənistan qoşunları Azərbaycan torpaqlarından çıxmalıdır, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır, Ermənistan öz qoşunlarını Azərbaycan torpaqlarından çıxarmağın cədvəlini təqdim etməlidir, Paşinyan Azərbaycan xalqından üzr istəməlidir və s.Moskvada imzalanmış atəşkəs razılaşmasında bu tələblərin heç biri nəzərə alınmamışdır.
"Savaş günlərində müxalifət olaraq, birmənalı şəkildə dövlətimizin, ordumuzun yanında olduq. Azərbaycan cəmiyyətinin ən müxtəlif təbəqələri yumruq kimi birləşdi. Əsgər və zabitlərimiz misilsiz qəhrəmanlıq nümayiş etdirdi. Ordumuzun qüdrəti dostları sevindirdi, düşməni qorxuya saldı. Qardaş Türkiyənin mənəvi-siyasi, hətta ordumuza verdiyi müasir silah dəstəyini hər gün hiss etdik. Şəhid valideynlərinin və doğmalarının mətinliyi, fədakarlığı sözlə təsvir edilməyəcək həddə idi. Bütün bunlar qələbə üçün edilirdi. Torpaqlarımızın işğaldan azad olunması, ərazi bütövlüyümüzün təmin edilməsi, ən azı torpaqlarımızın işgaldan azad edilməsi cədvəlinin təqdim olunması üçün edilirdi. Təəssüf ki, bunlar əldə olunmayıb", - deyə Kərimli bildirib.
Onun sözlərinə görə, Moskvada Rusiyanın təkidi və təzyiqi ilə əldə olunan yeni atəşkəs razılaşması onun regiondakı mövqeyini daha da gücləndirdi. Rusiya Ermənistanda laxlamış mövqelərini bərkitdi, Azərbaycan üzərində nüfuzunu daha da artırdı, dünyaya açıq mesaj verdi ki, Cənubi Qafqazda müharibə və sülh mövzusunda son söz ona aiddir. Azərbaycan tərəfin vəd etdiyinin əksinə olaraq Türkiyə sülh prosesindən kənarda saxlanıldı. Ermənistan öz suverenliyindən bir az da vaz keçməklə, işğal etdiyi Azərbaycan torpaqlarının əhəmiyyətli hissəsini işğalda saxlamağa nail oldu, Azərbaycan ordusu qarşısında labüd olan daha böyük məğlubiyyətdən canını ən azı bir müddət qurtarmış oldu.
"Azərbaycan hakimiyyəti xalqımızın həssasiyətini nəzərə almalıdır. Başa düşməlidir ki, 13 günlük savaş dönəmində hiss etdiyi ümumxalq dəstəyi şərtli dəstək idi. Xalqımız konkret siyasi qüvvəyə deyil, torpaqların azad edilməsinə dəstək vermişdir. Azərbaycanın maraqlarını nəzərə almayan, torpaqlarımızin işgalının davam etməsinə zəmin yaradan, Azərbaycanı konkret bir xarici dövlətdən asılı vəziyyətə salan siyasətə isə xalq dəstəyindən heç bir söhbət gedə bilməz. Xalqı eşitmək və xalqa arxalanmaq lazımdır", - deyə Azərbaycan Xalq Cəbhəsi partiyasının sədri sədri Əli Kərimli bildirib.