"Artıq gecdir, Paşinyan gərək ayılsın" - Cəmil Həsənli

"Artıq gecdir, Paşinyan gərək ayılsın" - Cəmil Həsənli
5 Oktyabr 2020
Mətni dəyiş
"Füzuli və Cəbrayılın azad edilməsi Azərbaycan xalqında ruh yüksəkliyini, Azərbaycan ordusunun döyüş əzmini daha da artırıb. Ordumuzun, qəhrəman əsgər və zabitlərimizin öz gücünə inamı qələbənin mühüm rəhnidir. Bugün Azərbaycan xalqı, Azərbaycan ordusu çağdaş tariximizin yaradıcısı rolunda çıxış edir" Abzas.net xəbər verir ki, bu sözləri Milli Şuranın sədri Cəmil Həsənli özünün feysbuk hesabımda yayıb. Cəmil Həsənli qeyd edib ki, sentyabr ayının 27-dən başlayaraq iki cəbhədə müharibə gedir. Bunun birincisi Azərbaycan ordusunun işğalçı Ermənistan ordusuna qarşı apardığı vətən müharibəsidir, vətənin işğalçılardan azad edilməsi uğrunda müharibədir. Bu müharibənin taleyini qəhrəman Azərbaycan ordusu həll edir, düşmən tapdağında olan torpaqların 30 illik əsarətdən azad edilməsində ordunun rəşadəti göz qabağındadır. Cəbrayıl, Füzulu, Murov, Suqovuşan kimi böyük şəhər və yaşayış məntəqələri, strateji yüksəkliklər azad edilib, həmin məntəqələrdə Azərbaycan bayrağı ucaldılıb.
İkinci müharibə isə informasiya sahəsində gedir. Birincidən fərqli olaraq onun coğrafiyası daha geniş, “döyüş” meydanı daha əhatəlidir. Birinci müharibədə, hərbi əməliyyatlar meydanında ağır məğlubiyyətə uğrayan Ermənistan bütün gücünü informasiya müharibəsinə, yalana və böhtana verib. Ermənistan KİV-ləri, qəzet, sayt və rəsmi informasiya vasitələri öz xalqını aldatmaq, hərbi əməliyyat meydanında ağır məğlubiyyət və itkilər barədə məlumatlar tam əksinə təqdim edilir, erməni xalqı cəbhədəki həqiqətlərdən uzaq saxlanılır. Amma bunun ömrü elə də uzun deyil.
İctimai fikri daha çox beynəlxalq “dəstəyin” alınmasına yönəltmək cəhdləri hərbi əməliyyatlar meydanında ağır məğlubiyyəti pərdələmək, daxili siyasi böhrandan yayınmaq xarakteri daşıyır. Dezinformasiya və saxtakarlıq Ermənistan mətbuatında baş alıb gedir. Suriya və Liviya muzdluları haqqında yalanlar erməni mətbuatında qanad açıb uçur. Şübhəsiz ki, bu yalanın tirajlanmasının arxasında rəsmi Ermənistan dövlət dayanır. Təəssüflər olsun ki, başlanan hərbi əməliyyatlara münasibətdə baş nazir Paşinyanın nəfəsi də yalan gedib gəlir. Onun sözlərinə görə, Azərbaycan ordusunun işğalçılara qarşı uğurlu hərbi əməliyyatlarından qorxuya düşən Paşinyan Avropa və Qərbi türklərin yenidə Vyana qapılarına çıxmaq arzuları ilə “qorxudur”. Və guya bütün xristian dünyasını bu “təhlükədən” xilas etmək missiyasını “Arsax” və Ermənistan öz üzərinə üzərinə götürüb. Uçuz demaqogiyadan başqa bir şey deyil. Özlərinə umac ova bilmir, Avropa üçün əriştə kəsirlər. Hər gün Argentina, Qvatemala, Suriya, Ərəb Dövlətləri Liqası, Los-Angeles meri, Rusiya tərəfindən işğal olunmuş Abxaziyanın kriminal rəhbərliyi, nə bilim daha kimdən dəstək alınması ilə ictimai fikri manipulyasiya edirlər. Bu gün Qarabağın taleyin uzaq Qvatimalanın nə qələt eləməsi həll etmir, bütün cəbhə boyu vətən müharibəsi aparan, od-alov içərisində qəhrəmanlıq yazan Azərbaycan ordusunun əzmi və iradəsi, döyüş ruhu həll edir.
Bu gün erməni yalanlarına informasiya dəstəyi verən “euronews.com”-un rus redaksiyasının artıq ifşa olunmuş muzdlu saxtakarlığını yeni aranjemanda təqdim etməsi sadəcə təəssüf doğurur. Bugün səhər efirə gedən xəbərlərdə Euronews.com nəinki Azərbaycan tərəfində Suriya muzdlularının “döyüşdüyünü” iddia edir, hətta muzdlu döyüşçülərin sayının 1200 nəfər olduğunu, onlardan 70 nəfərinin döyüş meydanında öldürüldüyü haqqında saxta məlumatı hər 10 dəqqiqədən bir tirajlayır. Belə olan halda o 70 muzdlu ölüdən niyə bircəciyini Euronews ekrana çıxarıb tutarlı fakt kimi nümayiş etdirə bilmir. Axı təbliğat işlərində özü canlardan “səmərəli” istifadə etmək barədə ermənilərin çox zəngin təcrübəsi var. Hələ Birinci Dünya müharibəsində Qafqaz cəbhəsinə ezam edilmiş ingilis hərbi jurnalisti Skotlend Liddel yazırdı ki, “təbliğat üçün ölü erməni diri ermənidən daha qiymətlidir”.
Ermənistanın muzdlu saxtakarlığına dəstək verənlərdən biri də Ərəb Dövlətləri Liqasının baş katibi Ahmed Abdul Qeyddir. Bu cənab da ağ yalan danışaraq “Arab News”a açıqlama verib ki, Azərbaycanın Ermənistanla müharibədə Suriya muzdlularından istifadə etməsi onu qəzəbləndirib. O, deyib ki, suriyalılardan muzdlu kimi Azərbaycan tərəfindən Ermənistana qarşı istifadə edilməsi məni qıcıqlanırır”. Qəribə məntiqdir: başdan başa müsəlman ölkələrini birləşdirən Ərəb Dövlətləri Liqasının baş katibi 30 il Azərbaycan torpaqlarının erməni işğalı altında qalmasından qıcıqlanmır, amma öz ölkələrində bir şeyə nail ola bilməyən Suriya ərəblərinin Azərbaycanda döyüşməsi haqqında erməni mifindən hiddətlnir.
Belə yalan məlumatlarla baş qatmağın heç bir perspektivi yoxdur. Paşinyanın ardınca Ermənistan prezidenti Sarkisyan da erməni diasporuna, xarici ermənilərə yardım üçün müraciət edib. Onlar erməni xalqının milli hislərini coşduraraq ümumerməni səfərbərliyinə çağırış etməklə məğlubiyyətdən yaxa qurtaracağına ümid bəsləyirlər. Ermənilər hələ Birinci Dünya müharibəsi dövründə xarici erməni “könüllü” legionlarından Qafqaz cəbhəsində istifadə edib. Həmin vaxt bu iş iflasa uğradı. Erməni “könüllü” legionun planı Rusiya tərəfindən tərtib edildiyi üçün ABŞ, Avropa və Yaxın Şərq ölkələrindən olan pasportsuz erməni “könüllüləri” Rusiya konsulluqlarının arayışları ilə Qafqaza gəldiklərindən 1917-1918-ci illərdə Rusiyanın Qafqaz cəbhəsi dağılanda pasportları olmadığın öz ölkələrinə qayıda bilmədilər və səfalət içində olan Ermənistanda çoxları acından tələf oldu. Eyni zamanda Türkiyə Ermənistanı qurmaq illüziyası ilə Qafqaz cəbhəsinə gələn bu “könüllülər” onları göndərən erməni təşkilatlarına, erməni liderlərinə yazırdılar ki, biz “müqəddəs” vətən işi üçün gəldik, amma burada erməni dəstə başçılarının quldurluğu və dələduz əməlləri ilə qarşılaşdıq. Bu məsələnin tarixi tərəfi.
Amma Paşinyan da, Sarkisyan da bilməmiş deyillər ki, milli kimliyindən asılı olmayaraq xarici vətəndaşların hansısa ölkə tərəfindən hərbi əməliyyatlarda iştirakın beynəlxalq hüquq qadağan edir və onları beynəlxalq terror dəstəsi kimi qiymətləndirir. Əgər belə hal kütləvi xarakter alsa Azərbaycan onlarla xarici terror dəstələri kimi rəftar etməyə tam haqlı olacaq. Ona görə bütün bu vurnuxmaları bir tərəfə qoyub Ermənistan öz işğalçı hərbi birliklərin Azərbaycan ərazisindən çıxarmalı, işğalçılığa son qoyub hazırkı reallıqları ayıq başla dəyərləndirməlidir. Artıq gecdir, Paşinyan gərək ayılsın, bundan başqa məsələnin ayrı bir həll yolu yoxdur.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun