"Amnesty International" beynəlxalq insan haqları təşkilatı Ermənistanın Dağlıq Qarabağ münaqişəsi zamanı Bərdə şəhərinə raket hücumu zamanı kasetli bombalardan hücum etdiyini təsdiqləyib.
Abzas xəbər verir ki, bu barədə təşkilat saytında hesabat yayımlayıb. Sənəddə deyilir ki, oktyabrın 28-də yerli vaxtla saat 13:30-da Bərdə şəhərinə, xəstəxananın yaxınlığındakı yaşayış sahəsinə bir və ya bir neçə “Smerç” raketi atılıb.
"Azərbaycan Respublikasının Baş Prokuroluğu raket zərbəsi zamanı azı 21 nəfərin həlak olduğunu, 70-ə yaxın şəxsin yaralandığını bildirib".
Bildirilir ki, "Amnesty International"ın ekspertləri fotomüxbir tərəfindən çəkilmiş, 9N235-in kasetli döyüş sursatlarının fraqmentləri təsvir edilmiş şəkillərin doğruluğunu təsdiq ediblər.
"Yaşayış məntəqələrinin kasetli döyüş sursatlarla atəşə tutulması insanların həlak olması, yaralanması, əzab çəkməsi ilə nəticələnən qəddar və məsuliyyətsiz əməldir ", - deyə "Amnesty International" təşkilatının Şərqi Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Mariya Struters bildirib.
Beynəlxalq təşkilat açıqladığı sənəddə deyir ki, kasetli sursatlar öz-özlüyündə ayrı-seçkilik etməyən silahlardır və istənilən şəraitdə istifadəsi beynəlxalq humanitar qanunlara əsasən qadağandır. Yenidən hər iki tərəfi bu cür silahlarından istifadəni dərhal dayandırmağa və mülki şəxslərin qorunmasını ön plana çəkməyə çağırırıq.