Beynəlxalq insan haqları təşkilatı Amnesty İnternational 2019-cu ilin yanvar ayından bəri Ərdəbil həbsxanasında saxlanılan tanınmış türk fəal Abbas Lisani ilə bağlı “təcili hərəkət” kampaniyası başladıb.
Təşkilat oktyabrın 14-də fars, türk və ingilis dillərində yaydığı bəyanatda İran hakimiyyətinin Lisanini “siyasi motivlərlə” mühakimə etdiyini önə çəkib.
“Amnesty İnternational Abbas Lisaninin siyasi motivlərlə məhkəməyə verildiyinə inanır. Lisani bu səbəblə keçmişdə dəfələrlə həbs və mühakimə edilərək milli təhlükəsizliyə qarşı fəaliyyət göstərmək kimi əsassız ittihamlarla qarşılaşıb,” sənəddə qeyd edilib.
Beynəlxalq qurumun bəyanatında yazılıb ki, “Ərdəbil həbsxanasında səbəbsiz yerə saxlanılan Azərbaycan türk aktivisti Abbas Lisani son dərəcə ədalətsiz bir mühakimənin ardından Apellyasiya Məhkəməsi tərəfindən 15 il həbsə məhkum edilib. İlkin məhkəmədə Abbas Lisaniyə qarşı mühakimə prosesini başladan hakim Apellyasiya Məhkəməsində onun şikayətinə baxıb. İyul 2020-də İran Ali Məhkəməsi də Lisaninin şikayətini təmin etməyib.”
Amnesty İnternational yaydığı bəyanatda abunəçilərindən istəyib ki, İran məhkəmə hakimiyyətinin sədri İbrahim Rəisiyə məktub yazaraq “hüququnu barışçıl bir şəkildə müdafiə etməsi səbəbilə Abbas Lisaninin aldığı cəzanın ləğv edilməsini, sərbəst buraxılana qədər ailəsi və vəkili ilə görüşmə haqqının təmin edilməsini, habelə ailəsinə qarşı təqib və təhdid hallarına son qoyulmasını” tələb etsinlər.
Beynəlxalq təşkilatın bəyanatında həmçinin son həftələrdə İran Azərbaycanında təşkil olunan Qarabağa dəstək mitinqlərində saxlanılan vətəndaşlara diqqət çəkilib.
“Keçdiyimiz həftələrdə, İranda Azərbaycan türk aktivistləri aksiyalara qatıldıqları üçün təhlükəsizlik qüvvələrə tərfindən nəzarət altına alınıb. Nəzarət altına alınanlardan bəziləri ‘dini lideri təhqir etmək’ və ‘ümumi intizamı pozmaq’ kimi uydurma təhlükəsizlik ittihamları ilə qarşı-qarşıya qalıb... Onlar, Ərdəbil, Qərbi Azərbaycan və Şərqi Azərbaycan vilayətlərində təşkil olunan aksiyalarda tutulublar. Aksiya iştirakçıları Azərbaycan ilə Ermənistan arasındakı son müharibədə Azərbaycana dəstəklərini, və iddialara görə Ermənistanı dətəkləyən İran rəsmilərinə etirazlarını nümayiş etdiriblər,” Amnesty İnternationalın bəyanatında dərc edilib.