Almaniya Avropa İttifaqını Lukaşenkoya qarşı sanksiyalara çağırıb

Almaniya Avropa İttifaqını Lukaşenkoya qarşı sanksiyalara çağırıb
13 Oktyabr 2020
Mətni dəyiş

Almaniya Avropa İttifaqını Belarus prezidenti Aleksandr Lukaşenkoya qarşı sanksiyalara çağırıb.

Avropa İttifaqı ölkələrinin xarici işlər nazirlərinin Lüksemburqda keçiriləcək görüşündən əvvəl jurnalistlərə açıqlama verən Almaniyanın xarici işlər naziri Heiko Maas deyib ki, Minskdə keçirilən nümayişlər zamanı etirazçılara qarşı yenidən edilən zorakılıqlar diqqətdən kənarda qala bilməz.

"Lukaşenko rejimi tərəfindən zorakılıqlar davam edir, dinc nümayişçilər hələ də həbs edilir. Buna görə də biz bundan sonra necə hərəkət edəcəyimizi düşünməliyik", Maas bildirib.

"Mən yeni bir sanksiyalar paketi hazırlanmasını təklif edirəm. Lukaşenko sanksiyalara məruz qalan insanlar arasında olmalıdır" - deyə, o bildirib.

Avropa İttifaqı Lukaşenkonun 40 tərəfdaşına qarşı səyahət qadağası tətbiq edib, onların aktivlərini dondurmasına baxmayaraq, Lukaşenkonun özünü həmin siyahıya daxil etməyib.

Lukaşenkoya qarşı 10-cu həftəsonu keçirilən nümayişlərdə onlarla etirazçı həbs olunub.

Prezident avqustun 9-da mübahisəli seçkilərdə qalib gəldiyini iddia etdikdən bəri etirazçılar mütəmadi olaraq küçərlərə çıxaraq, Lukaşenkonun istefasını və siyasi məhbusların azad edilməsini tələb edir.

Son nümayişdən çəkilən videolarda təhlükəsizlik qüvvələrinin izdihamı dağıtmaq üçün su şırnağı və dəyənəklərdən istifadə etdiyi göstərilir. Minsk polisi onlarla etirazçının nəzarət altına alındığını bildirib.

Qarşıdurmalar Lukaşenkonun şənbə günü həbsdə olan müxalifət liderləri ilə qeyri-adi görüşündən sonra baş verib.

"Prezidentin məqsədi hər kəsin fikrini bilməkdir" - deyə, Lukaşenkonun ofisi bildirib.

Lukaşenkonun seçkilərdə əsas rəqibi olan müxalif namizəd Svetlana Tixanovskaya təhlükəsizliyi səbəbindən Litvaya qaçmalı olub.

Ölkə daxilində və xaricdə seçkilərin onun hakimiyyətdə qalması üçün ciddi şəkildə saxtalaşdırıldığına dair iddialara baxmayaraq, 26 ildir hakimiyyətdə olan Lukaşenko səslərin 80 faizinin ona verildiyini deyir.

7500-dən çox insanın həbs edildiyi etiraz nümayişlərinin dağıdılması və polisin nümayişçilərə qarşı həyata keçirdiyi zorakılıqlardan sonra ictimai qəzəb daha da artıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun