Ağ Evin mətbuat katibi Keyli Makenaninin COVID-19 testi müsbət çıxıb.
"Bütün bundan əvvəlki testlər, o cümlədən cümə axşamından bəri hər gün davamlı olaraq testlərim mənfi çıxmasından sonra bazar ertəsi səhər heç bir simptom olmadan COVID-19 testim müsbət çıxıb" - deyə, Makenani Twitter səhifəsində bildirib.
O keçən cümə axşamı mətbuat üçün brifinqi keçirməzdən əvvəl prezident Donald Trampın müşaviri Hop Hiksin testinin müsbət olduğu barədə heç bir məlumatı olmadığını əlavə edib. Hiksin COVİD-19 testinin müsbət olduğu cümə axşamı açıqlanıb.
Tramp özünün və birinci xanım Melaniya Trampın COVID-19 testinin müsbət olduğunu cümə günü açıqlayıb. Daha sonra o, müalicə üçün Walter Reed Tibb Mərkəzinə aparılıb.
Makenani “karantin prosesinə başlayacağını” və uzaqdan işə davam edəcəyini bildirib.
ABC News, CNN və Bloomberg News agentlikləri Ağ Evin mətbuat ofisində işləyən Çad Gilmartinin də həftə sonu COVİD-19 testinin müsbət olduğunu bildirib. Bloomberg News-un bildirdiyinə görə, Ağ Evin rabitə üzrə katibinin köməkçisi Karolin Livitt və digər işçilərin də COVID-19 testləri müsbət çıxıb. (Amerikanın səsi)