Donald Tramp 2016-cı ildə prezidentliyə seçiləndən sonra İranla nüvə razılığından geri çəkildi və İran iqtisadiyyatına ziyan vuran sərt sanksiyalar tətbiq etdi. Bəs Vaşinqtonla Tehran arasında münasibətlər noyabrın 3-də keçiriləcək seçkidən sonra necə dəyişəcək?
2020-nin başlanğıcında Birləşmiş Ştatlarla İranın arasında az qalsın müharibə baş verəcəkdi. ABŞ-ın yanvarın 3-də hədəfli bir şəkildə Vaşinqtonun regionda bir sıra hücumların arxasında olmaqda ittiham etdiyi iranlı general Qasım Süleymanini öldürməsi Tehranda qəzəbə səbəb oldu.
İran cavab olaraq ABŞ-ın İraqdakı bazalarına raketlə hücum etdi. Həmin hücumda ABŞ-ın hərbi qulluqçuları arasında tələfat halları olmadı. İki ölkə arasında münaqişə baş verməsə də, Prezident Donald Tramp İrana təzyiqləri davam etdirdi.
“Birləşmiş Ştatlar İran rejiminə qarşı dərhal əlavə cəzalandırıcı iqtisadi sanksiyalar tətbiq edəcək,” prezident Donald Tramp bildirib.
Tramp 2018-ci ildə Birləşmiş Ştatları İran nüvə razılığından geri çəkdi. Tramp razılığın İrana balistik raket proqramını və regiondakı vasitəçi militant qruplara yardımını davam etdirməyə imkan verdiyi üçün razılığın nöqsanlı olduğunu bildirdi. Avropa İttifaqı, o cümlədən Çin, Rusiya və İran razılığa üzv olaraq qalırlar və onlar ABŞ-ın da razılığa yenidən daxil olmasına ümid edirlər.
“ABŞ-ın İran nüvə razılığından geri çəkilməsi qlobal idarəçiliyə və çoxtərəfliliyə ən böyük zərbələrdən biridir. Ona görə də, əlbəttə ki, ABŞ-ın bir vaxt razılığa geri dönəcəyinə dair ümid var,” Cenevrə Beynəlxalq Sanksiya Şəbəkəsindən Erika Moret bildirir.
İsrail və Səudiyyə Ərəbistanı kimi ABŞ-ın digər müttəfiqləri Birləşmiş Ştatların razılıqdan geri çəkilməsini dəstəkləməyə davam edirlər.
Tramp razılıqdan çıxandan bəri İrana qarşı “maksimum təzyiq” kampaniyası başladıb, İranın beynəlxalq maliyyəyə çıxışını kəsmək, neft ixraclarının qarşısını almaq və iqtisadiyyatına ziyan vurmaq məqsədilə bir neçə sanksiyalar tətbiq edib. Tramp administrasiyası deyir ki, İrana güvənmək olmaz və onların davranışlarını cilovlamağın ən yaxşı yolu sanksiyalardır.
"Dünya boyu bir çox ictimai və özəl şirkətlər İran kimi ölkə ilə iş görməkdən qorxurlar," Moret deyir.
Trampın rəqibi Co Bayden İran nüvə razılığına geri daxil olmaq istədiyini amma insan haqları pozuntuları, terrorizm və İranın balistik raket proqramı səbəbilə hədəfli sanksiyalar tətbiq edəcəyini bildirib.
Təhlilçi Culi Normanın sözlərinə görə, Tehran Trampın 2015-ci il razılığından geri çəkilməsindən sonra Qərbə etibar etməyə bilər.
“Amerikanın etibarlılığı bu razılıq və ümumiyyətlə sazişlər baxımından sual altındadır. Biz düşünürük ki, İran ən azından başda mənfi reaksiya verə, əlində olan son gücdən istifadə edə bilər. Eyni zamanda isə İran hazırda çətin bir vəziyyətdədir. Onların hər hansı yardıma ehtiyacları var,” o deyib.
İranda gələn ilin əvvəlində prezident seçkiləri keçiriləcək. Təhlilçilər deyir ki, buna görə də, rejimdəki sərt siyasət tərəfdarlarının hakimiyyətə gələcəklərinə dair narahatlıqlar fonunda ABŞ-ın Tehranla münasibətləri yeniləməsi üçün çox az vaxtı qalır.