Amerika Birləşmiş Ştatları seçki ənənəsinin növbəti mərhələsi olaraq çərşənbə günü vitse-prezidentliyə namizədlər üz-üzə gəliblər.
ABŞ vitse-prezidenti, respublikaçı Mayk Pens və vitse-prezidentliyə demokrat namizəd Kamala Harris Utah Universitetində ölkənin gündəmini tutan məsələlər üzərində - başlıca olaraq COVID-19 pandemiyasına qarşı mübarizə, Ali Məhkəmədə hakim təyinatı, Tramp administrasiyasının iqtisadi və xarici siyasəti kimi bir çox məsələlər üzərində debat aparıblar. Bu barədə Amerikanın Səsi radiosu məlumat yayıb.
Vitse-prezident Mayk Pens Tramp administrasiyasının 210 min amerikalının həyatına son qoymuş COVID-19 pandemiyasına cavab tədbirlərini müdafiə edirkən, Kamal Harris “istənilən prezident administrasiyasının ən böyük uğursuzluğu”nu qınayıb.
Harris bəyan edib ki, tibbi ekspertlərin təsdiqlənməsi olmadan hazırda koronavirusdan müalicə olunan respublikaçı prezidentin tövsiyə etdiyi vaksini qəbul etməz.
Hökumətin pandemiyaya qarşı səylərinə rəhbərlik edən Pens “millətin bu il çox ağır bir dönəmdən keçdiyini” vurğulayıb.
“Mən istəyirəm Amerika xalqı bilsin ki, ilk gündən prezident Tramp Amerikanın səhhətini birinci yerdə qoyub”, - vitse-prezident əlavə edib. O, Harrisi “insanların həyatı ilə siyasət oynamağı” dayandırmağa çağırıb.
Debatın əvvəlində qızğın müzakirələr olsa da, ümumilikdə o, birinci prezident debatından xeyli hörmətli tonda keçdi. Əvvəlki debat boyu tez-tez müdaxilə edən Trampdan fərqli olaraq Pens daha çox nizam-intizam nümayiş etdirib.
Namizədlərin debat keçirdiyi zalda hamıdan maska taxmaq tələb olunurdu.
Bu debat seçicilər üçün Pens, yaxud Harrisin növbəti prezidentlik dönəmi başa çatmazdan öncə prezident səlahiyyətlərinin icrasını öz üzərlərinə götürüb-götürə bilməyəcəklərini mühakimə etmək üçün bir fürsət idi.
Adətən prezident seçkiləri mövsümündə vitse-prezidentliyə namizədlərin debatı prezidentliyə namizədlərin debatı ilə müqayisədə ikinci dərəcəli əhəmiyyət daşıyır.
Lakin 74 yaşlı prezident Trampa COVID-19 diaqnozunun qoyulması və onun 77 yaşlı demokrat rəqibi Co Baydenin olduqca ehtiyatlı kampaniya stili bu şəxslərin vitse-prezident tərəfdaşlarını daha yaxından nəzərdən keçirməyi diktə edirdi.
61 yaşlı Pens sabiq konqresmen və İndiana ştatının sabiq qubernatoru olaraq Trampın təhlükəli koronavirusdan müalicə aldığı vaxt debat səhnəsində Respublikaçılar Partiyasını təmsil edib.
Kaliforniyanın sabiq baş prokuroru, 55 yaşlı Harris ilk qadın və ilk afro-amerikalı vitse-prezident olmaq uğrunda mübarizə aparır.