Bundan əvvəl oktyabrın 23-də 84 mindən artıq yoluxma rekord qırmışdı
Son 24 saat ərzində Birləşmiş Ştatlarda yeni koronavirusa rekord – 91 mindən çox yoluxma qeydə alınıb. Ağ evin koronavirus üzrə işçi qrupu artımın “amansız” olduğunu deyir.
Bundan əvvəl oktyabrın 23-də 84 mindən artıq yoluxma rekord qırmışdı.
“Yanlış istiqamətdə gedirik”
Ölkədə pandemiya başlanandan 8.9 milyon yoluxma halı aşkarlanıb, 228 mindən çox xəstə vəfat edib. ABŞ hər iki göstərici üzrə dünyada liderdir.
“Çox çətin trayektoriyadayıq. Biz yanlış istiqamətdə gedirik”, – işçi qrupun üzvü, Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutunun direktoru Entoni Fauçi deyib.
47 ştatda yoluxmaların artdığı xəstəxanaların dolduğu bildirilir.
Ağ evin işçi qrupu virusun sürətlə yayıldığı ştat liderlərinə xəbərdarlıq edib ki, yayılmanı önləmək üçün sərt tədbirlər lazım olacaq. Bu xəbəri CNN yayıb.
Braun Universitetindən ictimai səhiyyə üzrə dekan Aşiş Jha “Reuters” agentliyinə deyib ki, “hazırda Birləşmiş Ştatlarda işlər pis, çox pisdir”.
Ölkə pandemiya dövrünün ən ağır dönəmlərindən birini keçməkdədir.
46 min xəstə xəstəxanaya yerləşdirilib
Ön böyük zərbə qərb və orta-qərb regionlarına dəyib. 3 noyabr prezident seçkisində həlledici sayılan ştatların bəziləri bu ərazidədir.
Oktyabrın 29-da açıqlanan məlumata görə, xəstəxanalardakı COVID-19 xəstələrinin sayı 46 mindir.
Avropada isə bir çox ölkələr qadağaları sərtləşdirməli olublar. Fransanın 65 milyonluq əhalisinin əksər hissəsi evə qapadılıb. Oktyabrın 29-da milyonlarla insan vacib tələbat malları almağa çıxıb.
Almaniyada noyabrın 2-dən karantin tətbiq olunacağı gözlənir. Oktyabrın 30-da açıqlanan məlumata görə, son 24 saat ərzində 18 min 681, yəni bir gün öncəkindən 2 mindən artıq yoluxma qeydə alınıb.
Yaponiyada yoluxma hallarının 100 mini keçdiyi açıqlanıb. Son bir sutkada 808 yeni yoluxma təsdiqlənib.
Yaponiya indiyədək Avropa və ABŞ-dakı kimi yoluxmalardan karantin tətbiq etməkdən yayına bilib. Bu, ölkədə üz maskaları, dezinfeksiya maddələrindən istifadə, sosial məsafənin gözlənməsi ilə izah olunur.