Azərbaycan- Ermənistan arasında sentyabrın 27-dən başlayan hərbi əməliyyatlar zamanı mülki əhali də əziyyət çəkir. Xüsusilə Azərbaycan tərəfdə münaqişə bölgəsində yaşamayan mülki əhali və obyektlər, həmçinin Azərbaycanın strateji obyektləri Ermənistan ordusu tərəfindən və Ermənistan ərazisindən hədəf alınır. Bütün bunlar isə beynəlxalq hüquq və konvensiyalara ziddir. Bəs Azərbaycan tərəfi bu beynəlxalq normalara riayət edirmi? Mövzu ilə əlaqədar sülh və münaqişə üzrə ekspert Bəxtiyar Aslanov ASTNA-nın suallarını cavablandırıb.
-Bəxtiyar bəy, Azərbaycan- Ermənistan arasında hazırda baş verən hərbi qarşıdurma zamanı beynəlxalq hüquq və normalar, eləcə də beynəlxalq konvensiyaların tələbləri qorunurmu?
-Ümumiyyətlə, hərbi münaqişələr zamanı beynəlxalq hüquq, norma və konvensiyaların tələblərinin qorunması çox çətindir. Hazırda Azərbaycan-Ermənistan arasında baş verən müharibədə olduğu kimi, digər müasir müharibələrdə bu qaydalara riayət etmək hər zaman çətin olur. Bunun üçün hər iki tərəf fərqli bəyanatlar verir ki, ən azından mülki əhali müharibə zonalarından uzaqda dursunlar. Son günlərdəki müharibədə bu məsələyə daha çox diqqət edilməsi üçün xususilə, Azərbaycan tərəfi bir neçə addımlar atıb, həmçinin Bakının daha müasir və dəqiq silahlardan, o cümlədən daha peşəkar və nizam-intizamlı ordudan istifadə etməsi bunun üçün daha çox imkanlar yaradır. Azərbaycan Müdafiə Nazirliyi və Xarici İşlər Nazirliyi həm Qarabağdakı erməni əsilli insanlara, həmçinin digər ölkələrin vətəndaşları olan jurnalistlərə və digər şəxslərə xəbərdarlıq etmişdi ki, Dağlıq Qarabağ və ətraf ərazilərə səfər etməkdən çəkinsinlər. Həmçinin bir neçə gün öncə Azərbaycan Müdafiə Nazirliyi qeyd etdi ki, Beynəlxalq Qızıl Xaç Cəmiyyətinin mülki şəxsləri və obyektləri qorumaq məqsədilə təqdim etdiyi broşürləri Azərbaycan ordusunun şəxsi heyətinə təqdim və tədris edib. Təbii ki, ərazidə döyüşlər zamanı bu məsələyə nə qədər əməl ediləcəyinə əmin olmasaq da bu təşəbbüs özü-özlüyündə çox yaxşı addımdır. Bundan əlavə, bəzi nöqtələrdə Azərbaycan ordusu Ermənistan ordusunun müəyyən sayda əsgər və zabit heyətini mühasirəyə almışdı və onların təslim olacağı təqdirdə onlarla beynəlxalq konvensiyaların tələbləri çərçivəsində davranılacağı bildirilmişdi.
Ermənistan tərəfi də oxşar formada Azərbaycan vətəndaşlarına müraciət etmişdi ki, müharibə gedən zonalardan uzaq olsunlar. Lakin Ermənistanın Dağlıq Qarabağ və işğal edilmiş digər zonalardan kənarda yerləşən şəhər və kəndləri ağırçaplı silah və artilleriya ilə hədəfə alması nəticəsində Tərtər, Goranboy, Gəncə, Mingəçevir, Yevlax, Şəmkir, Beyləqan, Füzuli və digər şəhər və onların kəndlərində qeyri-hərbi infrastruktura ciddi zərər vurulub, onlarla insan həlak olub və yaralanıb, əhalinin evləri ya tamam, yaxud da qismən dağıdılıb. Təəssüf ki, Ermənistan müdafiə naziri də bunu açıq şəkildə ifadə etmişdi ki, biz bunu Azərbaycan əhalisində panika yaratmaq üçün edirik.
-Beynəlxalq hüquq və normalar daha çox hansı ölkə tərəfindən pozulur? Və hansı formada?
-İlk öncə, Ermənistanın müdafiə etdiyi Qarabağdakı hərbi birləşmələr, həmçinin bu ölkənin ordusunun Azərbaycanın beynəlxalq hüquq çərçivəsində tanınmış suverən ərazilərində Azərbaycan ordusuna qarşı döyüşməsi beynəlxalq hüquq, norma və konvensiyaların bəndlərini pozur. 90-cı illərdəki müharibələrdən indiyə kimi bütün qarşıdurmalarda bu hallar müxtəlif formalarda təkrar olunaraq davam edir.
Bundan əlavə, son 27 sentyabr müharibəsinin ilk başladığı tarixdən etibarən məlumatları 3 mənbədən – Azərbaycan, Ermənistan və beynəlxalq jurnalistlərin yazılarından, çəkilişlərindən və statistikalarından izləyəndə müşahidələr göstərir ki, beynəlxalq hüquq və normalar daha çox Ermənistan tərəfindən pozulur. Bu məsələni həm mülki, həm də hərbi şəxslərə və obyektlərə qarşı olan davranışlarda görmək olar.
-Mülki əhalinin hədəf alınması, əsirlərə olan münasibət, münaqişə bölgəsindən kənar yerlərin vurulması ilə bağlı kifayət qədər faktlar var. Bütün bunlara görə kim məsuliyyət daşıyır?
-Dediyim kimi, bu hərbi cinayətlərin törədilməsində birbaşa olaraq buna əmr verən siyasi və hərbi şəxslər məsuliyyət daşıyırlar. Eyni zamanda əsirlərlə hüquqdan kənarda göstərilən davranışlara, təhqiredici, şəxsiyyəti alçaldan, onlara qarşı müxtəlif zorakılıqlar sərgiləyən davranışlara görə də həmçinin məsuliyyəti hadisə iştirakçıları və onların rəhbərlikləri daşıyırlar. Çünki beynəlxalq humanitar hüquq qətiyyətlə, qeyri-hərbi obyektlər və iştirakçıların qorunmasını özündə ehtiva edir.
Bəzi hallarda biz tərəflərin qeyri-hərbi obyektlərin hərbi məqsədlər üçün də istifadəsinin şahidi oluruq. Məsələn, əhalinin sıx məskunlaşdığı ərazilərdə hərbi silah-sursatın saxlanması, yaxud hücum əməliyyatlarının təşkil edilməsi...Başqa bir misal isə son müharibədə jurnalistlərin hərbi forma geyinərək silaha təhkim olunması halları da olur. Bunu daha çox Ermənistan tərəfindən olan yerli jurnalistlərin videoçəkilişlərində müşahidə etmək olur. Əslində, bu hal o jurnalistləri hərbi obyekt kateqoriyasına salır və artıq onların hüquqları digər mülki şəxslər və obyektlərin qorunduğu siyahıya aid edilmir.
-Gəncə, Mingəçevir və digər münaqişə zonasından kənar Azərbaycan ərazilərinə atılan mərmilərin Ermənistan ərazisindən atıldığına dair faktlar var. Ermənistan özü bilərəkdən bu addımları atmaqla nə etmək istəyir? Ermənistanın məqsədi nədir?
-Bu hücumların Ermənistan ərazisindən atılmasının əsas məqsədi birmənalı şəkildə Dağlıq Qarabağda gedən müharibəyə 3-cü ölkələrin cəlb olunmasıdır. Konkret olaraq, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü, Rusiyanı bu müharibəyə cəlb etməkdə maraqlıdır. Çünki indiki halda Rusiya rəsmilərinin də bildirdiyi kimi və təşkilatın nizamnaməsinə əsasən müharibə Ermənistanın suveren ərazisində getmədiyinə görə Rusiya birbaşa Qarabağdakı müharibədə Ermənistana hər hansı bir hərbi dəstək göstərə bilməz. Təbii ki, qeyri-qanuni yollarla Rusiyadan Ermənistana silah-sursat daşınıb və bu proses davam edir. Lakin bu, Ermənistanı tam qane etmir. Bu səbəbdən də Gəncə, Mingəçevir və digər münaqişədən kənar Azərbaycan ərazilərinə Ermənistan ərazisindən edilən hücumlara Azərbaycan tərəfi adekvat olaraq Dağlıq Qarabağdakı hərbi obyektləri vuraraq cavab verir. Çox böyük ehtimal ki, Azərbaycan tərəfi bu provokasiyaları tam şəkildə anlayır və hərbi siyasətini də diqqət yayınmadan Qarabağdakı Ermənistan qüvvələrinə qarşı cəmləməkdə davam edəcək.
- Dünya ölkələri bütün bu pozuntuları görür. Amma nədənsə bəyanatlarında, xarici mediadakı materiallarda Ermənistanı müdafiə edirlər. Bunun səbəbi nədir?
-Bunun bir çox səbəbləri var. İlk öncə, Ermənistan tərəfi müharibənin ilk günlərindən böyük bir kampaniyaya başladı. Azərbaycan əleyhinə həm rəsmi, həm də qeyri-rəsmi kampaniyalar aparırlar. Burada, xaricdə yaşayan erməni lobbisinin üzvləri, yaxud erməni kimliyi olan şəxslər, qurumlar da aktiv rol oynayırlar. Məsələn, Fransa prezidentinin ilk öncə Azərbaycanı ittiham edən çıxışı əslində,Fransada olan erməni lobbisinin basqısından, yaxud Makronun erməni əsilli elektoratın dəstəyini almasından qaynaqlanırdı. İkinci səbəb Azərbaycanın bu kimi məsələlərdə resursunun limitli olmasıdır. Məsələn, təhlükəsizlik məqsədilə məhdudlaşdırılan İnternet imkanları ilə belə kampaniyalar aparmaq çətindir. Üçüncüsü, Dağlıq Qarabağ münaqişəsində bütün beynəlxalq hüquq Azərbaycanın tərəfində olsa da bəzi ölkələrin, qurumların maraqları ilə üst-üstə düşmür. Qısa olaraq, demək olar ki, geosiyasi maraqlar burada çox ciddi amildir. Ona görə də Azərbaycan tərəfinin bu məsələdə çox ciddi və düşünülmüş addım apardığı müşahidə olunur. Dördüncü məsələ, Türkiyənin Azərbaycana birbaşa siyasi və diplomatik dəstək göstərməsi və bəzi Qərb ölkələrinin Türkiyə ilə olan uzunmüddətli ədavətindən irəli gəlir. Müşahidə etdiyimiz kimi, müharibənin ilk günlərində Türkiyəyə yönələn tənqidlər həddindən artıq çox idi. Beşinci məsələ isə müharibə başladığı gündən Ermənistan tərəfinin artıq beynəlxalq media nümayəndələrini ölkəyə, həmçinin Qarabağa səfər etməyə şərait yaratması məsələsi idi. Azərbaycanda isə biz bunun əksini gördük. Bir həftəyə yaxın demək olar ki, Türkiyə mediasının nümayəndələrindən başqa digər xarici ölkələrin nümayəndələri dəvət edilməmişdi. Bunun bir çox obyektiv və subyektiv səbəbləri var. Düşünürəm ki, Azərbaycan tərəfi 2016-cı il aprel hadisələrindəki mənfi təcrübələrə görə xarici media jurnalistlərini dəvət etmirdi. Bu məsələ qaldırıldıqdan, yaxud həll edildikdən sonra vəziyyət nisbi də olsa dəyişdi.
-Azərbaycan tərəfi hərbi əməliyyatlar zamanı beynəlxalq hüquq və normaları qorumaq üçün əlavə hansı ehtiyat tədbirləri görməlidir?
-Düşünürəm ki, indiki mərhələyə kimi Azərbaycan tərəfindən beynəlxalq hüquq və normaları qorumaq üçün atılan addımlar təqdirəlayiqdir. Lakin müharibə davam etdiyi üçün və Azərbaycan ordusu Qarabağda əhalinin sıx məskunlaşdığı ərazilərə doğru irəlilədikcə bu mövzuda işləri daha da intensivləşdirməlidir və effektivləşdirməlidir. Həmçinin Azərbaycanın rəsmi qurumları tərəfindən bunun müəyyən monitorinqini də təşkil etmək olar. Bu, əslində Azərbaycan ordusunun peşəkarlığını, həmçinin beynəlxalq hüquq və normalara, konvensiyalara necə həssas və hörmətlə yanaşmasına nümunə olacaq. Təbii ki, bu da Azərbaycanın müharibədə haqlı mövqeyini daha da möhkəmlədəcək. Həmçinin Azərbaycan rəsmilərinin qeyd etdiyi kimi, Dağlıq Qarabağda yaşayan erməni əsilli əhalini Azərbaycan tərəfi öz vətəndaşları kimi gördüyü üçün bu, onlara qarşı atılmış müsbət bir addım kimi dəyərləndirilə bilər.